Sirac Kərimli: “Halım pisləşənə kimi məni döydülər” (VİDEO)

27 fevralda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Sirac Kərimlinin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə ifadə verən Sirac Kərimli deyib: “Məni qollarımdan tutub maşına apardılar, sonra qandalladılar. Kim olduqlarını soruşduqda cavab vermədilər”. O, əlavə edib ki, maşında olarkən sol tərəfində oturan Orxan adlı şəxs əlini onun cibinə salıb. Dediyinə görə, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətiriblər. Sirac Kərimli vəkilsiz izahat yazmayacağını bildirdikdə halı pisləşənə kimi döyüldüyünü söyləyib.

“Təcili yardım çağırdılar, “izahat yazmamış burdan sağ çıxmayacaqsan” dedilər”. Sirac Kərimli vəziyyəti pis olduğu üçün izahat yazmağa razılaşdığını deyib. İfadəsində daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini söyləyib.

Vəkil Nemət Kərimli iki vəsatətlə çıxış edib. O, növbəti məhkəmədə Cəmilə Əliyeva və Göyüş Həsənovun şahid qismində dindirilməsi və Daxili İşlər Nazirliyinə Sirac Kərimli saxlanılarkən ərazidə olan təhlükəsizlik kameralarındakı görüntüləri əldə etmək üçün sorğu göndərilməsi ilə bağlı vəsatət verib. Hakim hər iki vəsatəti təmin edib.

Sirac Kərimli 2014-cü il iyulun 17-də Cinayət Məcəlləsinin külli miqdarda narkotik saxlama, satma maddəsi ilə həbs olunub. “Amnesty İnternational” təşkilatı Sirac Kərimlini “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəVideoSirac Kərimli: “Halım pisləşənə kimi məni döydülər” (VİDEO)