Siqaretin nəğd satışı dayandırıldı

Topdansatışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər

Source:
Siqaret
Siqaret


Topdansatışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər

Yanvarın 18-dən etibarən tütün məmulatlarının tədarükü dayandırılıb.

Bu barədə məlumatı tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlara istinadən “APA-Economics” yayıb.

“Bu gün mağazamıza siqaret gəlməyib. Bizə bildiriblər ki, bu gündən siqareti ancaq bank köçürməsi (və yaxud VÖEN-ə bağlı kart hesabı) ilə almaq mümkündür. Topdansatışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların 90%-nin nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Pul əvvəlcədən ödənməyəcəksə, siqaret də gəlməyəcək”.

Meydan TV məsələni dəqiqləşdirmək üçün bir neçə mağazada oldu. Mağaza sahibləri gün ərzində siqaret gətirilmədiyini deyiblər.

Sahibkarlar hesab edir ki, tütün məmulatlarının nağdsız topdan satışı qiymət artımına səbəb olacaq.

“Hazırda topdansatış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir. Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Əvvəllər topdansatışla məşğul olanlar pərakəndə ticarət mərkəzlərinə sifariş olunan həcmdə siqaret gətirir, müəyyən müddətdən sonra gəlib malın pulunu götürürdülər. Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar”, – sahibkar deyib.

İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən, 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunmalıdır. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.

Ana səhifəXəbərlərSiqaretin nəğd satışı dayandırıldı