Aydın Əliyev Qazax rayonunda Dövlət Görmük Komitəsi işçilərinin sakinlərə qarşı sərt davranışları barədə şikayətləri dinləyib
İyunun 24-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazax rayonunda sakinləri qəbul edib. Görüş Qazax rayon Şahmat Mərkəzində baş tutub. Qazax, Tovuz və Ağstafa rayonundan olan sakinlərin iştirak etdiyi görüş zamanı sərhəddə fiziki şəxslərin əl yükləri, baqajların keçirilmə qaydaları, görmrükdə işə qabul qaydaları, gömrük orqanlarında xidmətlə bağlı müraciətlər dinlənilib.
Meydan TV əməkdaşının məlumatına görə, insanların əksəriyyəti qəbula yazılma qaydalarını bilmədiklərindən komitə sədrinin qəbuluna düşə bilməyib, bayırda saxlanılıb. Şikayətlər əsasən, “Sınıq Körpü” (“Qırmızı körpü”) keçid məntəqəsinin rəisi Kənan Məmmədovun yarıtmazlığı, sərhəddə Dövlət Görmük Komitəsi işçilərinin sakinlərə qarşı sərt davranışları barədə olub.
Görüşdə iştirak edən Qazax Regional İnkişaf Resursları (RİR) ictimai birliyinin sədri Məhərrəm Göyüşoğlu Meydan.TV-yə bildirib ki, vətəndaş kimi gömrükdə qarşılaşdığı çətinliklərdən, keçid məntəqəsinin girişində quraşdırılmış dəmir barmaqlıqlardan, məntəqənin qarşısında yaranmış mövcud dayanacaq problemindən danışıb:
“Sərhəd xidməti və gömrük xidməti ilə bağlı müxtəlif narazılıqları ifadə etdik. “Broker” MMC-nin gömrük məmurlarını belə kölgədə qoyan fəaliyyətini, eyni zamanda Nazirlər Kabinetinin 305 saylı qərarının faktiki olaraq işləməməsini cənab sədrin diqqətinə çatdırdıq. Onu məlumatlandırdıq ki, saatlarla ucu-bucağı görünməyən növbələr olur, bununla bərabər sərhəd xidmətinin əməkdaşlarının girişdə quraşdırdığı dəmir barmaqlıqlar biabırçı vəziyyət yaradır. Sərhəddə MilliÖn və Elektron manat aparatlarının quraşdırılmasını təklif etdik. Sədr təklifimizi xoş qarşıladı, yaxınlarda bu yöndə addım atılacağını vəd etdi”.
Görüşdən sonra “Sınıq Körpü” keçid məntəqəsinin rəisi “Nehrəmli” ləqəbi ilə tanınan Kənan Məmmədovun qarşısını kəsən Qarabağ əlilləri və qəbula keçə bilməyən vətəndaşlar, ona ünvanlanan məktublara, qəbuluna düşmək üçün edilən müraciətlərə hansı səbəbdən baxmadığına dair suallar veriblər. Suallara cavab verə bilməyən Kənan Məmmədov üstünə yeriyən kütləni yarıb, maşınına oturaraq görüş yerindən qaçıb.
Görüşə KİV nümayəndələrindən ancaq televiziya əməkdaşları buraxılıb. Müstəqil sayt və qəzet nümayəndələri isə şəxsən Aydın Əliyevin göstərişi ilə görüş keçirilən binadan uzaqlaşdırılıb.