Simonyan: “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası buraxılmalıdır”

Foto: “galatv.am”

“Hayastan” fraksiyası isə spikerə etiraz edib

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki qarşı tərəf artıq səlahiyyətli deyil.

Bu barədə Simonyan “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “Üçillik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətiniz varmı?” sualına cavabında bildirib.

Spiker qeyd edib ki, onun üçün artıq Dağlıq Qarabağın rəsmiləri yoxdur, “Dağlıq Qarabağın prezidenti” termini də mövcud deyil:

“Mən hüquqşünas kimi hesab edirəm ki, bu formatın ləğvi məsələsini ciddi müzakirə etmək lazımdır”.

Simonyanın sözlərinə görə, 2021-ci ildə bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin “Qarabağ parlamentinin o vaxtkı sədri” səhhətində yaranan problemə görə iclasın ləğv edilməsini xahiş edib.

O həmçinin hesab edir ki, Dağlıq Qarabağ öz liderinin fərmanı ilə özünü ləğv edib. Amma Artsvik Minasyan onunla razılaşmayaraq, “Dağlıq Qarabağ Respublikası” anlayışının bir çox sənədlərdə, o cümlədən, beynəlxalq müqavilələrdə saxlandığını xatırladıb:

Heç kəsin Dağlıq Qarabağı, bu sənədləri və qurumları ləğv etmək səlahiyyəti yoxdur”.

“Hayastan” fraksiyasının digər üzvü Artur Xaçatryan isə deyib ki, ötən il Dağlıq Qarabağın ləğvi haqqında fərman sırf erməni əhalisinin qırğınının qarşısını almaq məqsədilə imzalanıb:

Çünki qüvvələr həddən artıq qeyri-bərabər idi. Üstəlik, onu imzalayan Dağlıq Qarabağın lideri Samvel Şahramanyan daha sonra bəyan edib ki, o, öz fərmanını ləğv edib”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətSimonyan: “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası buraxılmalıdır”