Şimali makedoniyalılar və “kor” azərbaycanlılar

Yazar: Turan Muxtar

Foto: AFFA

Elxan Məmmədovun o bir cümləsi…

Futbol sensasiyalar oyunudur. Amma bu… Hə, bu, sensasiyadan da ötəsi bir şeydir. İki milyon əhalisi olan, futbolda “ustad”, “müəllim” səviyyəsinə çatmaq bir yana, heç “tələbə” mərtəbəsinə də yüksəlməyən Şimali Makedoniyanın milli komandası İtaliya yığmasını məğlub etdi. DÇ-2022-nin pley-offunda. Özü də İtaliyada.

Həmin İtaliya milli komandasını ki, dördqat dünya çempionudur, sonuncu Avropa çempionatının qalibidir.
Şimali Makedoniya millisinin 1:0 hesablı qələbəsi onları DÇ-2022-nin pley-offunun final mərhələsinə apardı, İtaliya isə… Bütün İtaliya yasdadır, heyrət içindədir. Axı necə ola bilər ki, Avropanın böyük və hətta ortabab komandalarının ciddiyə almadığı, “hansısa” Şimali Makedoniya millisi onları dünya çempionatından kənarda qoysun? Şimali makedoniyalılar sevinməklərində, italiyalılar göz yaşı axıtmaqda olsun, mən sizə özümüzdən danışım.

Martın 17-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi. İclasda iştirak edənlər yekdilliklə qərara aldılar ki, bundan sonra federasiyanın baş katibi postunu Sərxan Hacıyev tutsun. Hacıyevə qədər AFFA-nın həm baş katibi, həm də icraçı vitse-prezidenti olan Elxan Məmmədov iclasdan sonra jurnalistlərə açıqlama verib və məsələ ilə bağlı fikirlərini bildirib:

“Bugünkü iclasda səmərəli müzakirələr və fikir mübadiləsi aparıldı, bir neçə vacib qərar qəbul olundu. Artıq ictimaiyyətə də bəlli olduğu kimi, bu gündən etibarən mənim AFFA-nın baş katibi kimi fəaliyyətim başa çatdı. Bundan sonra assosiasiyada fəaliyyətimi 2020-ci il yanvarın 28-də AFFA-nın Hesabat-Seçki Konfransında keçirilmiş seçkinin nəticəsinə uyğun olaraq İcraiyyə Komitəsinin üzvü və qeyd olunan tarixdə İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərara uyğun olaraq, icraçı vitse-prezident olaraq davam etdirəcəyəm. 2007-ci ildən başlayaraq 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib. Fürsətdən istifadə edib bu yüksək etimada görə AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə təşəkkürümü bildirirəm”.

Azərbaycan futbolunun başı, icraçısı, hökm verəni, hökmü icra edəni, xülasə, hər şeyi olan Elxan Məmmədovun açıqlamasında bir cümlə var ki, o cümlə hər şeyə aydınlıq gətirir. Bax, bu: “2007-ci ildən başlayaraq 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib”.

Mədəni insanlar söyüş söyməz, təhqir etməz, etik çərçivələri aşmaz. Amma Elxan Məmmədov həmin o cümləsi ilə Azərbaycanın cümlə futbol ictimaiyyətini söyüb, ələ salıb, aşağılayıb, təhqir edib. İcraçı vitse-prezidentin 14 illik fəaliyyəti dövründə Azərbaycan futbolu, xüsusən də, AFFA-nın birbaşa cavabdeh olduğu, məsuliyyət daşıdığı milli komandalar hansı uğurlara imza atıb ki, Məmmədov onların arasından “müsbət məqamlar” tapıb çıxarır? Bəlkə, Şimali Makedoniya millisi kimi bizim yığma komanda da dünya çempionatının, Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb? Biz ki hər dünya, Avropa çempionatının qrup mərhələsini sonuncu, əksər hallarda da, vur-tut 1 xalla başa vururuq. Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları iştirak etdikləri bütün turnirlərdə hər oyunda öz qapısında 4-5 top görməsə, biz bunu sensasiya sayırıq. Azərbaycanda ürək xəstələri ilə bağlı araşdırılma aparılsa, çox güman, ən çox xəstə Elxan Məmmədovun idarəçiliyi dövründə ölkənin milli komandalarına azarkeşlik edənlər arasında tapılar.

Elxan Məmmədov niyə düşünür ki, o, doğrudan da yaxşı idarəçidir, özü demişkən, fəaliyyətində müsbət məqamlar çoxdur?

AFFA-nın vitse-prezidentini belə düşünməyə vadar edən onun dövlət səviyyəsində, “yuxarı”dan eşitdiyi “molodes” sözüdür. UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi, Avropa çempionatının final mərhələsinin bir neçə oyununun Azərbaycanın paytaxtında təşkilinə nail olmaq və sair və ilaxır. Bütün bunlar Elxan Məmmədova siyasi elitada “molodes” sözünü gətirən amillərdir. Azərbaycanın futbol üzrə milli komandaları bütün turnirlərdən boynubükük, başıaşağı dönür? Dönsün. Azərbaycanın əsas milli komandası seçmə mərhələləri əzilə-büzülə vəziyyətdə, 1 xalla başa vurur? Vursun. Əsas odur ki, Elxan Məmmədov Azərbaycan neftinin pulları hesabına arabir Bakıda hansısa beynəlxalq yarışın final oyununu keçirə bilir.

Azərbaycan futbolunu zirvələrə Bakıda keçirilən UEFA Avropa Liqasının final matçında üz-üzə gəlmiş İngiltərənin “Çelsi” və “Arsenal” klubları daşıyacaq, azərbaycanlı futbolçular yox. Biz bu “dəhşətli dərəcədə sadə həqiqəti” anlayanda, gözümüz açılacaq, Elxan Məmmədovun 14 illik fəaliyyətindəki müsbət məqamları görməyə başlayacağıq. Hələlik isə hamımız koruq…

Ana səhifəMənim FikrimcəŞimali makedoniyalılar və “kor” azərbaycanlılar