Bəxtiyar Hacıyev: ”Başqa ölkələrlə yanaşı Azərbaycanla da münasibətlərinin yaranması mümkündür”
Şimali Koreyanın xarici işlər naziri Li Yonq Ho Azərbaycana gələcək.
APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi
xəbərə
görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında iştirak edəcək.
O, Bakıya səfərindən sonra Rusiyaya gedəcək.
Bir müddət öncə Şimali Koreyadan qayıdan Harvard məzunu Bəxtiyar Hacıyev xarici işlər naziri Li Yonq Honun Bakı səfərinin ikitərəfli münasibətlərin qurulması çərçivəsini əhatə etmədiyini söyləyərək bildirib ki, hazırda Şimali Koreyanın “yumşaq diplomatiya” siyasəti davam etsə, başqa ölkələrlə yanaşı Azərbaycanla da münasibətlərinin yaranması mümkündür.
Məsələ ondadır ki, Şimali Koreyadan dünyaya açılım istəyi kifayət qədərdir. Şimali Koreya cəmiyyətində xarici xəbərlərə çıxış yoxdur:
“Müxtəlif insanlar bizim qaldığımız hotelə yaxınlaşıb xarici dövlətlərin elektron informasiya kanallarında ölkələri barədə nə dediklərini soruşurdular. İstənilən insan dünyada nə baş verdiyini öyrənmək istəyir. Onlar Amerikanın ölkələrinə qoyduğu sanksiyalardan narahatlıqlarını ifadə edib deyirdilər ki, buna görə dünyadan təcrid olunublar”.
Onun sözlərinə görə, hazırda dövlət və cəmiyyət səviyyəsində təcrid olunmağı aradan qaldırmaq istəklərini görünürdü.
“Dövlət səviyyəsində Cənubi Koreya ilə münasibətləri göstərmək olar, məsələn, tanınmış pop-qrup Şimali Koreyada konsert verdi, dövlət rəhbəri Kim Çen də iştirak edirdi. Bu onu göstərir ki, Şimali Koreya Cənubi Koreya ilə münasibətlərin yaxşılaşması, həm də Vaşinqtonla əlaqələrin yaxşınlaşması təşəbbüsü şimaldan gəlir. Burda xaricdən gələn turistlərin sayını artırma istəyi hiss olunur”.
B.Hacıyev Azərbaycanla Şimali Koreya münasibətlərinin inkişafını mümkün sayır:
“İlk növbədə insanların gediş-gəlişini gücləndirmək olar. Başqa sahələrdə, mədəniyyət, turizm, incəsənət sahələrində əlaqələr qurmaq olar. Əgər diplomatik əlaqələr qurulsa, başqa sahələrə istiqamət almaq mümkündür. Bu ölkənin iqtisadiyyatı boşdur, heç nə yoxdur, bazar tam açıqdır. İstənilən sahəyə sərmayə qoyub gələcəkdə gəlir götürmək olar. Məsələn, bir neçə hotellər şəbəkəsi açıb Asiya bazarına çıxış əldə etmək mümkündür. Təbii sərvətlərinə gəlincə, müxtəlif metal məmulatları var”.