“Şimali koreyalıların ona qarşı dəhşətli davranışı başqa cür nəticələnə bilməzdi”
Bir həftə əvvəl Şimali Koreyada həbsdən azad olunmuş amerikalı tələbə Otto Warmbier vəfat edib. Onun evinə koma halında gətirildiyi bildirilir.
“Turan” yazır ki, qohumları onun Ohayo ştatındakı Cincinnati xəstəxanasında iyunun 19-da öldüyünü bildiriblər.
“Təəssüf ki, şimali koreyalılar təfərindən ona qarşı dəhşətli davranış başqa cür nəticələnə də bilməzdi”, – deyə qohumların müraciətində qeyd olunur.
Otto Warmbier Şimali Koreyaya 2015-ci ilin dekabrında turist qrupu ilə birlikdə getmişdi. Az sonra onu oteldən təşviqat posterini oğurlamaqda suçlayaraq həbs etmişdilər.
Tələbə günahını boynuna almışdı və onu 15 il ağır əmək cəzasına məhkum etmişdilər. 2016-cı ilin yazında komaya düşmüşdü.
Şimali Koreya hökumətinin dediyinə görə, buna səbəb Warmbier-in botulizm xəstəliyinə tutulması və yuxu həbi qəbul etməsi olmuşdu.
Rəsmi Pxenyan 22 yaşlı Warmbier-i bir həftə öncə “humanitar əsaslar” adı altında azad etmişdi və onu ABŞ-a yollamışdı.
Amerika həkimləri gəncə beyin hüceyrələrinin geniş məhvi diaqnozu qoymuşdu, onun orqanizmində botulizmin aşkar olunmadığını da qeyd etmişdilər.