Heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir
——————————————————————————————
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ötən gün Əfqanıstanın Dvayer hava limanında qəzaya uğrayan An-12 təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb.
Administrasiyadan “APA-Economics”ə verilən məlumata görə, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olmuşdur:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri – Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.
—————————————————————————————–
İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib ki, təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxildir.
——————————————————————————————-
“Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub”.
Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir” deyə, qeyd edilib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.