Silahlı Qüvvələrin ictimai asayişin təmin edilməsində iştirakı qanuniləşir

Zahid Oruc: “Milli Məclis Silahlı Qüvvələrin hansı siyahıya daxil olduğunu, yəni onun reyestrini müəyyənləşdirir”

Source:


Zahid Oruc: “Milli Məclis Silahlı Qüvvələrin hansı siyahıya daxil olduğunu, yəni onun reyestrini müəyyənləşdirir”

“Azərbaycan Silahlı Qüvvələri ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir”.

Bu müddəa yeni hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin Silahlı Qüvvələrin əsas vəzifələrini müəyyən edən 4-cü maddəsinə əsasən, Silahlı Qüvvələrə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək də həvalə olunur.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi dekabrın 1-də parlamentdə birinci oxunuşda qəbul edilib. Ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla biləcəyi müəyyənləşən sənəddə o da qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələr yaradıla bilər.

Qanun layihəsinin 1.0.3 maddəsində bildirilir ki, “Azərbaycan Respublikasının başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanun layihəsini Meydan TV-ə şərh edən Milli Məclisin Müdafiə təhlükəsizliyi və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc müxtəlif informasiya vasitələrində Silahlı Qüvvələrlə bağlı yayılan xəbərin yanlış təhlil olunmasından təəssüf hissi keçirdiyini bildirib:

“Qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi bazis, ana qanundur. Bu qanun ümumən ölkədə Silahlı Qüvvələr sisteminin funksiyalarını, təyinatını və formalaşma sistemini müəyyən edir. Burada hər hansı bir xüsusi qurum, məsələn, Sərhəd Xidməti, FHN-nin Mülki Müdafiə hissələrinə baxan qrupları ilə bağlı məsələ nəzərdən keçirilmir. Yəni ayrıca Silahlı Qüvvələr növü haqqında qanun qəbul etmirik. Bundan sonrakı dövrdə hər hansısa bir sahə ilə bağlı ayrıca qanun layihələri qəbul edilir. Bununla belə, Milli Ordu, Sərhəd Xidməti, Daxili Qoşunlarla bağlı ayrıca qanun layihəri mövcuddur. Beynəlxalq praktikaya da baxsanız, dediyim məsələlərin şahidi olacaqsınız. Konkret ordu ilə bağlı heç bir qanun müzakirə etməmişik axı, buradan belə nəticə çıxarılsın ki, ordunun üzərinə daxildə ictimai-siyasi həyata nəzarət funksiyası qoyulur. Bundan söhbət gedə bilməz. Sadə desək, Milli Məclis Silahlı Qüvvələrin hansı siyahıya daxil olduğunu, yəni onun reyestrini müəyyənləşdirir. Bundan sonra müzakirə olunacaq ki, ordunun səlahiyyətləri nədir, Daxili Qoşunlar nəyə nəzarət edir və s. Bu gün konkret həmin məsələyə baxılmayıb. Görünür bu söz Silahlı Qüvvələr səviyyəsində yazıldığından, informasiya vasitələrində səhv nəticə çıxarılıb”.

Ana səhifəXəbərlərSilahlı Qüvvələrin ictimai asayişin təmin edilməsində iştirakı qanuniləşir