Müdafiə Nazirliyi araşdırmayla bağlı münasibətini açıqladı
Müdafiə Nazirliyi araşdırmaçı jurnalist Əfqan Muxtarlının Meydan TV-də dərc olunmuş “Silahlı qüvvələrin tender gizlinləri” adlı silsilə araşdırması ilə bağlı münasibətini açıqlayıb. Meydan TV-nin elektron ünvanına göndərilmiş məktubda yazılır: “Müdafiə Nazirliyi bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Satınalma və tender haqqında yayılan məlumatların heç bir əsası yoxdur və bu kimi informasiyalar həqiqəti tam əks etdirmir. Bəzi kütləvi informasiya vasitələrinin məlumat əldə etmə imkanlarının zəif olması, yoxlanılmamış məlumatlar yaydığı və maraq doğuran faktlar barədə Müdafiə Nazirliyindən məlumat almadığı, eyni zamanda hansısa yolla əldə etdiyi məlumatları dəqiqləşdirmə aparmadan yaydığı diqqət çəkir.
Tenderlər qapalı keçirilir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin ərzaq məhsulları və əşya əmlakı ilə təminatı Azərbaycan Respublikasının qanunlarının və müvafiq normativ hüquqi aktlarının müddəalarının tələbləri əsasında həyata keçirilir”.
Məktubda bildirilir ki, Müdafiə Nazirliyinin satın alınan malların keyfiyyəti və fasiləsiz təchizatı ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə Satınalma və Təchizat İdarəsində tender keçirilir. 2013-cü ilin noyabr ayında yaradılmış idarə işi “Dövlət satınalmaları haqqında” Qanunda müəyyənləşdirilmiş metodlarla (açıq, ikimərhələli, məhdud iştiraklı, qapalı tenderlər, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma) həyata keçirir.
“Satın alınan ərzaq məhsullarının və əşya əmlakının keyfiyyətinin müvafiq dövlət standartlarının, texniki şərtlərinin, təlimatların, satınalmanın şərtlər toplusunun, təsdiq olunmuş etalon-nümunələrin tələblərinə və bağlanmış müqavilələrin şərtlərinə uyğunluğu Müdafiə Nazirliyinin tabeliyində olan Mərkəzi Hərbi Baytarlıq və Əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyaları tərəfindən müayinə edilib yoxlanıldıqdan sonra şəxsi heyətin təminatına buraxılır. Xüsusilə qeyd edilməlidir ki, bu laboratoriyaların Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyinə verilməsi ilk dəfə olaraq ərzaq məhsullarının və əşya əmlakının keyfiyyətinə daha da ciddi nəzarət edilməsinə imkan yaradıb.
Qarşıya qoyulan vəzifələrin layiqincə icra edilməsi məqsədilə satın alınan malların keyfiyyətinin müəyyən edilməsinə cavabdeh olan müvafiq struktur bölmələrin fəaliyyətinə tələblər artmış, işlərə nəzarət gücləndirilmişdir”-deyə, məktubda qeyd olunur.
Daha sonra bildirilir ki, Müdafiə Nazirliyinin tender komissiyası tərəfindən satınalmaları ilə əlaqədar dərc etdiyi və yayımladığı elanlarda malgöndərənlərə (podratçılara) satın alınan malların keyfiyyətinə aid müəyyən edilmiş texniki xüsusiyyətlərə uyğunluğu ilə bağlı ciddi tələblərin mövcudluğu barədə ətraflı bildirilib, satın alınan malların keyfiyyəti isə tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi qəbul edilib.
“Şərtlər tələblərə uyğun deyil”
Nazirlik qeyd edir ki, 2014-cü il üçün Silahlı Qüvvələrin şəxsi heyətinin əşya əmlakları ilə təmin edilməsi məqsədilə 10 dekabr 2013-cü il tarixdə açıq müsabiqə üsulu ilə keçirilən tenderdə iştirak edən bəzi iddiaçıların tender təkliflərinin qiymətlərinin müəyyən edilmiş ehtimal olunan qiymətlərindən aşağı olmasına baxmayaraq, təqdim etdikləri nümunələrin keyfiyyət baxımından satınalmanın əsas şərtlər toplusunun tələblərinə uyğun olmaması, onların tender təkliflərinin qiymətləndirilmədən kənarlaşdırılmasına səbəb olub.
Əlavə olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin təminatı üçün satın alınan əşya əmlakının keyfiyyəti Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş müvafiq sənədlərə malik olan və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş laboratoriya vasitəsilə yoxlanılır.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən malgöndərənlərin (podratçıların) satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması ixtisas göstəricilərinin müəyyən edilməsi və nəticələrə əsaslanaraq tender təkliflərinin qiymətləndirilməsi üçün əsas meyarlardır.
Müəyyən edilmiş keyfiyyət standartlarının tələblərinə və ixtisas göstəricilərin meyarlarına uyğun olan, qanunvericilikdə göstərildiyi kimi ən aşağı qiyməti olan və ən sərfəli sayılan tender təklifi qalib gəlmiş sayılır.
“Milli yeməklərin hazırlanmasında bəzi çətinliklər yaranır”
Məktubda qeyd olunur: “Silahlı Qüvvələrin şəxsi heyəti ərzaq məhsulları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetının 8 yanvar 2013-cü il 2 nömrəli qərarı ilə təsdiq edilmiş ərzaq payı normalarında müəyyən edilmiş həcmdə təmin olunur. Əlavə olaraq döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçular gün ərzində 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. Birinci növ çörək ilə təmin edilir. Bundan başqa dəniz səviyyəsindən 1000 və 1500 metr hündürlükdə xidmət edən hərbi qulluqçular da əlavə ərzaq payı ilə təmin edilirlər.
Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərib.
Lakin ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyəti üçün stasionar şəraitdəki kimi milli yeməklərin hazırlanmasında bəzi çətinliklər yaranır. Bu səbəbdən də qeyd edilən şəraitdə xidmət edən şəxsi heyətin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi həyata keçirilir.
Hərbi hissələrdə tibb xidməti rəisinin iştirakı ilə 7-10 günlük ərzaq bölgüsü cədvəli tərtib edilir. Bu zaman şəxsi heyətin qidalanması üçün verilən ət, balıq məhsullarının şəxsi heyət üçün necə hazırlanacağı da planlaşdırılır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin ərzaq məhsulları və əşya əmlakı ilə təminatı məsələlərinin yaxsılaşdırılması istiqamətində Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər daim davam etdirilir”.