“57 metr yerdə, 4 tikili arasında 17 mərtəbə bina tikirlər”Noyabrın 6-da Yasamal rayonu, Zahid Xəlilov küçəsinin sakini, 32 yaşlı Ruslan Məhərrəmov yaşadığı binanın üstünə çıxaraq intihara cəhd edib.
O, buna səbəbin dövlət qurumlarının etinasızlığı olduğunu bildirib.
Ruslan Məhərrəmov buna görə dama çıxaraq etirazının eşidilməsini istəyib.
İllərdir yaşadıqları binanın qarşısında “Elite City MMC” yeni bina tikmək istəyir, sakinlər buna razı deyil.
Onlar dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də, binanın inşasının dayandırılmadığını söyləyirlər.
“57 metr yerdə, 4 tikili arasında 17 mərtəbə bina tikirlər. Hər yerə şikayət etmişik. Şikayətə getmədiyimiz yer qalmayıb. Hətta Prezident Administrasiyasına da getmişik, Mehriban Əliyevaya da yazmışıq. Düz 15 gündür ki, biz küçələrdəyik. Aidiyyatı qurumlar bir-birlərinin üstünə göndərirlər” – deyir, sakinlər.
“Elite City MMC”-dən bildirilib ki, tikinti dövlət layihəsidir və pilot layihə olaraq həyata keçirilir.
MMC-nin direktoru Rəfail Mirzəyevin sözlərinə görə, binanın tikintisi 18 aya başa çatdırılmalı və təhvil verilməlidir, amma qonşuluqda olan bəzi insanların tikintiyə mane olması səbəbindən təxminən üç aydır ki, işlər görülə bilmir.
“Burada qəzalı vəziyyətdə olan finski evlər sökülüb, dövlətin tikintiyə aid bütün qurumları sənəd verib, rəy verib, icazə verib. Bu, dövlət proqramıdır. Əhalini qəzalı evlərdən köçür, kirayəyə çıxar, təmir elə, geri qaytar. Bu, bir pilot layihədir”.
Rəfail Mirzəyev iddia edib ki, şikayətçi sakinlərin tikintiyə mane olmasının qadağan edilməsi barədə məhkəmə qərarı var.
Hadisə yerinə Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis gəlib. Yasamal rayonu İcra Hakimiyyətinin memarı Eyvaz Bağırovla danışan vətəndaş daha sonra aşağı düşüb. Ruslan Məhərrəmov deyir ki, tək istəyi məhəllələrindəki tikintinin dayandırılmasıdır.
“Oradan qışqıraraq öz etirazımı bildirdim ki, iş dayandırılsın. Əks halda, özümü atacağam. Yuxarıda olanda FHN-dən tələb etdim ki, meri çağırsınlar. Dedilər, özünü yorma, o, bura gəlməyəcək. Axırda Yasamal rayonu İcra Hakimiyyətinin memarı gəldi”.
Memar Eyvaz Bağırov bildirib ki, tikinti işlərinin dayandırılması ilə bağlı heç bir rəsmi göstəriş yoxdur. Rəsmilər məhkəmə qərarına kimi həyətdə heç bir iş getməyəcəyinə söz verib:
“Mən bura İcra Hakimiyyətinin başçısının vəzifəsini yerinə yetirən Səməd İslamovun göstərişi ilə gəldim. İcra hakimiyyətinin nümayəndəsi kimi rəsmi mövqeyimizi elan edim ki, məhkəmənin qərarı olana kimi burada heç bir iş getməyəcək”.
Daha sonra Ruslan Məhərrəmov Yasamal Rayonu Polis İdarəsinin 28-ci bölməsinə izahat verməyə yollanıb.