“Şikayətə getdim, Mehriban Əliyevanın xalası qızı 50 manat verdi”

Tənha ana qaza borcun 500 manata çatdığını bildirir.

Source: Meydan TV


Göyçay sakini: “Sonuncu dəfə ət adına ölü toyuğu bişirib yemişik”

Göyçay sakini Şəhla Məmmədova bizi göz yaşları ilə qarşılayır. Deyir ki, xərçəng xəstəliyi və imkansızlıq onun həyatını darmadağın edib.



“İcra başçısına nə qədər yalvardım….”

Şəhla Məmmədova xəstəliyin əlamətlərini hələ 2005-ci ildə ikinci övladı doğulanda hiss edib. Dediyinə görə, imkansızlıqdan müayinə oluna bilməyib. Beş il əvvəl hər şeyin xeyli ciddi hal aldığı üzə çıxıb. Şəhlada yumurtalıq xərçəngi aşkar olunub. Zamanla bədxassəli törəmə özünü qabarıq göstərməyə başlayıb.

“Onda dedilər ki, törəmə xırdadı, ciddi problem deyil. Yumurtalığın bir tərəfini götürdülər. Keçən ilin dekabrında daxili qanaxma başladı. Bu il yanvarın 18-də Bakıda əməliyyat olundum. Sonra qarnımın yavaş-yavaş şişdiyini gördüm. Müayinə olundum, dedilər, yetişib, yenə var. Getdim icra hakimiyyətinə, başçıya nə qədər yalvardım. Burda əməliyyata göndərdi. Amma yenə törəməyə başladı. Respublika xəstəxanasında həkim dedi ki, uşaqlıq tam çıxarılmalıdı. İndi növbəti əməliyyata ehtiyac var”, – qadın danışır.

Şəhla bu xəstəliyə görə 4 əməliyyat keçirdiyini bildirir. Yalnız Göyçayın icra başçısı Mehdi Səlimzadənin qəbuluna düşəndən sonra əməliyyatlardan birinin pulsuz edilməsinə nail ola bilib. Qalan hallarda pul ödəmək lazım gəlib.

“Hər dəfə haradansa pul tapıb əməliyyatın haqqını ödəmişəm. Hətta kredit də götürmüşəm. Amma daha gücüm qalmayıb. Növbəti əməliyyat üçün pul istəyirlər”, – Şəhla deyir.

image_from_ios (3).jpg
“Yeməyi orda yeyirdilər, axşam evə gəlirdilər”



“Uşaqlarım zibillikdən dəmir yığıb satır”

Şəhla tənha anadır. Dediyinə görə, həyat yoldaşı ilə rəsmi nikah bağlamadığına görə ayrılanda alimentə də iddia edə bilməyib. İki oğlunu tək böyütmək yükü ilə üzləşib. Gücü çatmayıb, uşaqları Göyçaydakı inteqrasiya təlimli internat tipli məktəbə verib.

“İmkansızlıqdan bu addımı atdım. Yeməyi orda yeyirdilər, axşam evə gəlirdilər. Böyük oğlum oranı təzəcə qurtarıb, peşə məktəbində oxuyur. Kiçiyi hələ də gedir. Gedir deyəndə ki… Baxın, ayaqlarında corab yoxdu. Cırıq ayaqqabıda gəzirlər. Uşaqlarım zibillikdən dəmir yığıb satır ki, çörəkpulumuz olsun”, – Şəhla ağlayır.

İki uşaq anası süpürgəçi işləyir, 174 manat məvacib alır. Sosial yardım almaq cəhdi uğursuzla bitib. Ailənin ağır durumda olduğunu görmək üçün evin vəziyyətini azacıq müşahidə etmək yetər. Otağın bir küncündə asılmış sellofan torbada çörək gözə dəyir. Şəhla deyir ki, bundan başqa evdə yeməyə bir şey yoxdur: “Axırıncı dəfə ət adına ölü toyuğu bişirib yemişik. Biz əti ancaq Qurban bayramında görürük”.



“Çarpayını qonşu verdi, hamımız yerdə yatırdıq”

Şəhla həyəcansız söhbət edə bilmir. Deyir ki, öləcəyindən, uşaqlarının başsız qalacağından qorxur: “Aptekdə oğlan işləyir, mənə yazığı gəlir, hərdən dərmanların pulunu cibindən verir. Yoxsa bir “Analgin”lə yaşayıram. Bu dəqiqə ağrıdan otura bilmirəm”.

Qadın Heydər Əliyev Fonduna müraciət edib, qurumun rəhbəri Mehriban Əliyeva ilə görüşmək istədiyini bildirib. Onu Birinci vitse-prezidentin xalası qızı olduğu deyilən Məlahət xanım qəbul edib.

image_from_ios (2).jpg
“Hər dəfə haradansa pul tapıb əməliyyatın haqqını ödəmişəm”

“Mehriban Əliyevanın xalası qızına dedim ki, Göyçaydan borc alıb gəlmişəm. Çıxarıb 50 manat verdi. Başqa heç bir kömək olmadı”, – Şəhla deyir.

Tənha ana qaza borcun 500 manata çatdığını bildirir. Uşaqlar Göyçayı addım-addım gəzib odun parçaları toplayır, evi bu cür qızdırırlar. Şəhla həm danışır, həm də ağlayır: “İşığı yaxın günlərdə kəsəcəklər. Dükana da xeyli borcumuz yığılıb. Evdə gördüyünüz bütün əşyaları başqaları verib. Bax, əyləşdiyiniz stulu da başqası gətirib. Uşaqlarım yerdə otururdular….”

Evdəki yeganə stuldan ayağa qalxmaq lazım gəlir. Uşaqlar ayaqüstə qalıb. Şəhla yalvarır ki, ona kömək olunsun.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər. Yalnz onu deyiblər ki, bu qurum vətəndaşların sosial problemlərini həll etmək üçün deyil. Yenə də vətəndaş onlara müraciət etsə, əlaqədar qurumlara yönləndirə bilərlər.

Ana səhifəBölgə“Şikayətə getdim, Mehriban Əliyevanın xalası qızı 50 manat verdi”