"Azərbaycanlı və əcnəbi vətəndaşların əməkhaqları arasında böyük fərq var"
“Minaaxtaranların hüquqları ANAMA tərəfindən kobud şəkildə pozulur”.
Meydan TV-yə yazan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları çalışdıqları ağır iş şərtlərindən narazı olduqlarını bildiriblər.
Onların narazı olduqları ən birinci məsələ əməkhaqqıdır. Onlar bildirirlər ki, eyni işi görüb, eyni əmək sərf etdikləri halda, azərbaycanlı və əcnəbi vətəndaşların əməkhaqları arasında böyük fərq var. Bu fərq bir neçə qatdan ibarətdir: “Məsələn, yerli minaaxtaranların maaşı cəmi 630 manat təşkil etdiyi halda, əcnəbi minaaxtaranların əməkhaqqısı bir ay üçün 1500 dollardır. Bu, haqsızlıqdır. Onlar bizdən fərqli nə iş görürlər ki? Hamımız həyatımızı təhlükəyə atıb, canımızı dişimizə taxıb işləyirik”.
Şikayət məktubunu yazan minaaxtaranlar rəhbərliyin onlara qarşı münasibətindən də narazıdırlar. Deyirlər ki, agentlikdə baş verən islahatlara baxmayaraq rəhbərliyin işçilərə münasibətində heç bir dəyişiklik yoxdur: “Hətta rəhbərlikdən narazı olan minaaxtaranları agentliyin Hadrutdakı bölməsinə göndərərək cəzalandırırlar. Qaydalarda nəzərdə tutulmasına baxmayaraq, 100 kilometrdən daha uzaq məsafədən işə gələn şəxslərə də bunun üçün ödəniş verilmir. Agentliyin rəhbərliyi bütün bu situasiyalara pul xərclədiyini hesabatda yazaraq xərcləri mənimsəyir”.
Şikayətçilər əlavə edirlər ki, heç agentlik rəhbərliyi minaaxtaranların həyat təhlükəsizliyi qaydalarına riayət etməsini də önəmsəmir, əksinə, təhlükəsizlik qaydalarına əməl edilmədən minaaxtaranları təyin edilmiş bölgələrdə təmizlik işləri aparmağa göndərirlər.
Həyat üçün təhlükəli hal baş verdikdə minaaxtaranlara ilkin tibbi yardımın göstərilməsi və onların xəstəxanalara göndərilməsi məqsədilə agentliyin tabeliyində olan ambulans maşınlarının maddi-texniki təchizatı da çox pis vəziyyətdədir: “Narazılığın daha bir bəndi sosial müavinətlə bağlıdır. Uzun müddətdir Milli Məclisdə minaaxtaranların əməkhaqqından pensiya fonduna köçülməli olan məbləği ilə bağlı qərar verəcəyini bildirsə belə, lakin hələ də bu mövzu barəsində konkret müzakirələr aparılmayıb. Qeyd edək ki, 2006-cı ildən 2018-ci ilə qədər minaaxtaranların 22 faizlik sığorta haqqı sosial müavinət fonduna köçürülməyib”.
Meydan TV məsələyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) münasibət öyrənə bilməyib.
Minaaxtaranlar isə bildirirlər ki, faktiki olaraq son 9 aydır ki, onların işləri birə beş artıb və bu, hələ uzun illər davam edəcək kimi görünür. İndidən işçiləri narazı salmaq isə doğru deyil.
Müharibə bitəndən bəri Azərbaycan tərəf Ermənistanın minaların xəritəsini təqdim etməməkdə günahlandırır. Belə olan halda isə minaaxtaranların üzərinə ikiqat yük düşür.
Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.
44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.