Şikayətçi Adil Əliyev: Pulsuzluqdan on ildir qaz yandırmırıq

“Həkimlər ayağımı hissə-hissə doğrayırlar”

Source: Meydan TV


"Həkimlər ayağımı hissə-hissə doğrayırlar"

Göyçay sakini Adil Əliyev beş ildir şəkər xəstəliyinə tutulub. Ayağının biri üç, digəri bir dəfə əməliyyat olunub. Özünün dediyi kimi, həkimlər onu hissə-hissə doğrayırlar. Sağ ayağından heç nə qalmayıb…


“Sosial yardım üçün gedirik, deyirlər, oğlun var, işləsin”

Adil Əliyevlə Göyçay Şəhər Xəstəxanasında görüşdük. Deyir ki, çox ağır şərtlərlə yaşayırlar, üstəlik, müalicə olunmaq da lazımdır: “Hökumət həyat yoldaşıma da pensiya kəsməlidi. O da şəkər xəstəsidi, burada müalicə alır. Sosial yardım üçün gedirik, deyirlər, oğlun var, işləsin. İş yoxdu axı, harada işləsin? Əlil arabam yoxdu, indi gördüyünüz də heç mənim deyil. Bir tanış var, verdi. Sınıq-salxaqdı, ancaq xəstəxanada dəhlizə çıxa bilirəm bununla. Məni idarə eləyən arabaya ehtiyacım var. Daha işləyə də bilmirəm. Bir ayağımı itirmişəm, ikincini də itirirəm…”

Adil Əliyev danışır ki, protezi də öz puluna almışdı. Ancaq cəmi iki dəfə taxa bilib. Çünki ayağına düşməyib, kəsilən hissəni yara eləyib.

Əlil arabasına çox ehtiyacı olduğunu deyən Adil Əliyevin sözlərinə görə, dövlətdən əlil arabası almaq üçün lazım olan sənədləri də var. Amma araba ala bilməyiblər: “Evdə nə qədər dustaq qalmaq olar?! Həyət-bacaya çıxmaq istəyirəm. Oturmuşam burada, ürəyim partlayır. Axşamacan pəncərədən çölə baxıram. İndi yoldaşım gələcək, bir az dəhlizdə fırladacaq”.


“Çır-çırpı tapıb yandırırıq ki, soyuqdan ölməyək”

Adil Əliyev cəmi 156 manat təqaüd alır. İki oğlundan heç biri daimi iş tapa bilmədiyini deyir. Palatada qarşılaşdığımız oğlu Aqil bərbər kimi işləməyə başlayıb, amma atasının müalicəsini təmin etməyə imkanı çatmır.

Adil Əliyev ən adi sosial qayğıların öhdəsindən gələ bilmədiklərini deyir: “Mənim pensiyamla dolanırıq. Bu uşaq bərbərlikdən 3-5 manat qazanır, onunla ailə yaşamaz. Şəkər dərmanlarını xəstəxana verir, qalanlarını özümüz almalı oluruq. Srağagün pensiya aldım, hamısını verdim dərmana. On ildir evdə qaz yandırmırıq. Kommunal xərcləri ödəyə bilmirik. 200 manata qədər borc yükləyiblər bizə. Qohum-qonşunun qapısından çır-çırpı tapıb yandırırıq ki, soyuqdan ölməyək. Uşaqların evlənmək yaşı çatıb, amma evləndirə bilmirik. Gedib evimizə baxarsız, divar üstümüzə aşır. O şəraitdə necə yaşamaq olar?! Beş ildir xəstəliklə vuruşuram. Əvvəllər sürücü işləmişəm. Evimi görəcəksiz, çiy kərpicdən tikmişdim. Nə gündədi indi. Bakıya gedib-gəlməyə nə qədər xərcimiz çıxır. Bu ay iki dəfə Bakıya getmişəm. Deyiblər ki, qayıt rayona, ayağını kəssinlər. Bakıda bir dənə ayağımın pəncəsini götürməyə məndən 1300 manat istədilər. Gəldim bura, Elman həkimin yazığı gəldi, pulsuz əməliyyat elədi”.


“Öz vəziyyətim yaxşı deyil, amma həyat yoldaşıma baxmalı oluram”

Oğlu Aqillə evlərinə gedirik. Anası Reyhan xanım xəstəxanaya aparmaq üçün yemək hazırlayır. Evin nimdaş görkəmi ailənin ağır vəziyyətdə yaşamasından xəbər verir. Reyhan Əliyeva çox pis durumda olduqlarını deyir:

“Gecəmiz-gündüzümüz yoxdu. Ağrıdan bütün günü qışqırır. Bu dəfə həkimə yalvardım ki, aparaq xəstəxanaya, bizi bu evdən köçürəcəklər. Qışqırığı hər tərəfə yayılır. Beş dəqiqə sakit dura bilmir. Əvvəl ayağının kəsilməsini istəmirdi. Sonra gördü ki, çürüyüb, iy verir. Ayağı qapqara olmuşdu. Əvvəlcə deyirdilər sinirlə bağlıdı, keçib gedəcək. Ağrıkəsici iynə vururdum. Sonra ağırlaşdı. Respublika xəstəxanasında yatdı. Bakıda çox xəstəxanada olmuşuq. Hissə-hissə kəsdilər. Gücümüz də çatmır. Xəstəxanada göbək iynəsi vururlar, biri 8 manat. Beşini aldırıb vurdurdum, qalanı mümkün olmadı. On dənə vurdurmalıydıq. Oğlum bərbərdi, heç icarə pulunu ödəyə bilmir”.

Reyhan Əliyeva öz səhhətinin çox pis olduğunu bildirir: “Keçən il xəbər tutduq ki, mən də şəkərəm. Hər gecə həyat yoldaşıma baxmaq üçün xəstəxanada qalıram. Günorta evə gəlirəm ki, uşaqlara yemək verim. Belə zülmlə yaşayırıq. Pensiya almıram. Kənardan baxana asan görünür. Bir dəst paltarı hamı geyinir. Heç bir köməyimiz yoxdur. İndi hamının vəziyyəti ağırdır. Özünü yorulmuş biləndə qonşunu ölmüş bil. Şəkərim 383-ə qalxmışdı. Heç öz vəziyyətim yaxşı deyil, amma həyat yoldaşıma baxmalı oluram”.

Reyhan xanım deyir ki, dövlət onun özünə təqaüd vermirsə belə, heç olmasa, övladlarını işlə təmin eləsin. Çünki qohum-qardaş da daha onların ailəsinə kömək eləyə bilmir, acınacaqlı durumdadılar.

Bir də hər iki ayağı kəsilmiş həyat yoldaşına əlil arabası istəyir…

Evin vəziyyəti
Evin vəziyyəti
Ana səhifəBölgəŞikayətçi Adil Əliyev: Pulsuzluqdan on ildir qaz yandırmırıq