”Şikayət etdiyinə görə atamı dəlixanaya salıblar”

Cəlilabad rayon sakini polisin atası ilə prinsip apardığını deyir

Source:
Göytəpə
Göytəpə


Cəlilabad rayon sakini polisin atası ilə prinsip apardığını deyir

“Atamı şərləyib əvvəlcə dəlixanaya saldırıblar, sonra da həbs ediblər. Dəlixanada ona iynə vurub, qolunun birini iflic hala salıblar”, – Cəlilabad sakini Pərviz Yarıyev belə deyir.

O, atası Ramiz Yarıyevin noyabrın 30-da Cəlilabadın Göytəpə şəhərinin polisləri tərəfindən saxlandığını söyləyir:

“Polis atamla prinsip aparır. Səbəbi də odur ki, bir neçə il əvvəl Göytəpədə 3 tarixi məzarı sökdülər. Atam da bununla bağlı polis və prokurorluq orqanına şikayət etdi, ancaq baxan olmadı. Buna görə də atam Bakı Şəhər Baş Prokurorluğu və aidiyyatı nazirliyə şikayət göndərdi. O gündən polis və prokurorluq atamla düşmən oldu”.

P.Yarıyev deyir ki, atasını həbs etmək üçün əllərində bəhanə yox imiş. Odur ki, Nadir Məmmədov adlı rayon sakininin köməyindən istifadə ediblər:

“Həmin şəxs Göytəpə polisinə ərizə ilə müraciət edib ki, guya atam onu söyüb, təhqir edib. Göytəpə polisi də noyabrın 30-da atamı rayondan tutub aparıb. Özünə də deyiblər ki, sadəcə izahat alacağıq, başqa heç nə. Həmin gündən də həbs edib, Bakıdakı 1 saylı Maştağa Ruhi Əsəb Dispanserinə aparıblar. Guya küçədə insanları təhqir edir, söyür, başı pozulub. Orada da atama iynə vurublar. Qolunun biri işləmir, iflic olub”.

Pərviz Yarıyev atasının günahsız yerə saxlandığını söyləyir. Deyir, bu, onun gözünü qorxutmaq üçündür ki, bir də rayon hüquq-mühafizə orqanlarından heç yerə şikayət etməsin:

“Atam sadəcə Cəlilabad polisinin neqativ əməllərindən şikayət etmişdi. Özü də Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Atam dövlətimizə və dövlətçiliyimizə qarşı çıxan insan deyil. Sadəcə şikayətinə baxılmadığından Bakıdakı aidiyyatı qurumlara məktub göndərib. Bunun harası səhvdir? Yeri gələndə, ölkəmizin tarixi abidələrinə sahib çıxdığı üçün mükafatlandırılmalıdır, ancaq dəli adı qoyulub, dispanserə qapadılır. İndi dəqiq bilmirik, ordadır, ya hara aparıblar. Bilmirik, həbs ediblər, hardadır, başına nə oyun açıblar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göytəpə Polis Şöbəsi ilə əlaqə saxlayıb. Polisdən həqiqətən də Ramiz Yarıyevlə bağlı onlara şikayət ərizəsi daxil olduğunu söyləyiblər:

“İş bizim icraatımızda idi, artıq deyil. Çünki şikayət verən Cəlilabad rayonunun Ağdaş kəndinin sakini olduğundan iş araşdırılması üçün həmin kəndin polisinə göndərilib. Həmin şəxsin başına nə gəlməsindən xəbərsizik. Çünki artıq işə biz baxmırıq”.

Ağdaş kəndinin sahə müvəkkili Ramiz Yarıyevin saxlandığını, daha sonra Bakıya, Maştağa kəndində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparıldığını təsdiqləyib:

“Ancaq həmin şəxsin konkret nə səbəbə saxlandığını bilmirəm. Ramiz Yarıyev Üçtəpə kəndinin sakinidir, bizim kəndə aidiyyatı yoxdur. İş bizim icraatımızdadır, ancaq hələlik, araşdırma aparırıq. Odur ki, həmin şəxsin niyə saxlanılması, günahının nə olması barədə dəqiq məlumatım yoxdur. Çünki hazırda məzuniyyətdəyəm. Sizə tam, dəqiq məlumat verə bilməyəcəyəm”.

Maştağa 1 saylı Ruhi Əsəb Dispanserindən Meydan TV-yə Ramiz Yarıyevin hazırda orada müalicə aldığını söyləyiblər:

“İynə vurmaq, iflic etmək söhbətləri yalandır, inanmayın. Həmin şəxs dispanserə gətirilib. Ona məcburi müalicə tətbiq edilib. Narahat vəziyyətdə gətirilib, burdadır, müalicə alır. Vəziyyəti də yaxşıdır”.

Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov gün ərzində bizə cavab verəcəyini söyləsə də, sonradan zənglərimizi açmayıb.

Ana səhifəXəbərlər”Şikayət etdiyinə görə atamı dəlixanaya salıblar”