Sığındığı vaqonla birgə qocalan məcburi köçkün

İsax Quliyevin ömrü 26 ildir ki, vaqonda keçir. Laçın rayonundan olan məcburi köçkün deyir ki, ötən illər özünü də sığındığı vaqonla birgə qocaldıb.

“Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya müraciət edirəm, İlham Əliyevə üzümü tutub deyirəm ki, mənim səsimə səs ver. Gəl, bax, gör nə vəziyyətdə yaşayıram? Sizin heç mətbəxiniz də belə deyil. Bakı şəhərində nə qədər bina var. Bu evlərdə kim qalır? Allah yolunda, sədəqə kimi mənə 3 otaq verin də...”-məcburi köçkün İsax Quliyev belə deyir.

İsax Quliyev danışır ki, 16 yaşlı oğlu şəraitsizlikdən, elektrik vurması ilə həyatını itirib. Digər iki övladı isə ruhi xəstədir. Vaqonda yaşamaq onların səhhətini daha da pisləşdirib:

“Mənim bişirdiyim yeməyin içinə siçan düşür. İlan gəlib çıxır bura. Uşaqlarım dəfələrlə yoluxucu xəstəliyə tutulub. Həm ruhi xəstədirlər, həm də belə... Ancaq mən bu gün şikayət edirəm, sabah arxamca adam göndərirlər ki, sən kimə şikayət etmisən? Mən öz haqqımı tələb etməli deyiləm? Səni niyə demokratiyanı boğursan? Azərbaycanda söz azadlığıdır”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov deyir ki, qurum ailənin istəyini həyata keçirib:
“O adam bizə mənzilinin dam örtüyünün bərpası ilə bağlı müraciət etmişdi. Şifer istəmişdi. Ustalar gedib mənzilin dam örtüyünü bərpa edib. Qurumdan ona deyilib ki, digər şikayətlərlə də bağlı rəsmi formada müraciət etsə, köməklik göstəriləcək. Əhalinin yeni mənzillərə köçürülməsi prosesi isə mərhələli şəkildə həyata keçirilir”.

Rəsmi məlumatda deyilir ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə indiyədək 6,6 milyard manat vəsait sərf edilib. Məcburi köçkün İsax Quliyev isə dövlət tərəfindən ona ehtiyacı olan yardımın edilməməsindən gileylənir:

“Mən heç nə yox, oradakı (Laçın rayonunda) yaşayışımı istəyirəm. Evim qalıb, eşiyim qalıb. Onlara uduzmuşuq, heç olmasa evimdəki varımı mənə qaytarın də... Niyə qaytarmırsınız?”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q784tr

Ən çox baxılan