Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Başlıq: Rövşən Hacıbəyli

Sifarişi Moskvadan gələn hökm

Məqalə yeniləndi:  5 İyul 2021

Prezident İlham Əliyev: “Hərbi əsirlər məsələsi qapanıb...”

Rövşən Hacıbəyli

“Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik”.

Bunu Prezident İlham Əliyev bu il mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi.

Aradan elə də çox müddət keçmədi, bu sözlərdən 31 gün sonra, iyunun 12-də Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yaydı. Həmin açıqlamada bildirilirdi: “Azərbaycan bildirir ki, Ağdam rayonu üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin ona verilməsi müqabilində "saxlanılan 15 nəfər erməni" Gürcüstan nümayəndələrinin iştirakı ilə Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib”.

Bir mənbədən verilən xəbəri elə bir mənbədən də idarə olunan saytlar nöqtəsinə-vergülünə toxunmadan yaydı. Baxmayaraq ki, mayın 10-da Rusiya xarici işlər naziri Lavrovla görüşdə İlham Əliyev Azərbaycanda heç bir erməni əsirinin olmadığını demişdi. Dövlət başçısıdır, müharibə başlanandan sona qədər mətbuat xidməti rəhbəri missiyasını üzərinə götürüb az qala hər gün cəbhə xəbərlərini xalqa çatdırıb, üstəlik, ölkə başçısı olduğundan bütün xəbərlər də ona çatdırılıb, yəni son savaşla bağlı dəqiq, hətta deyərdim, qərəzsiz informasiyalar onda olub. Hərbi əsir sayını da ondan dəqiq bilən olmaz.

Bəs XİN niyə İlham Əliyevin sözlərini yalana çıxarır? Erməni tərəfinin bizdə hərbi və mülki əsiri yoxdursa, onda Azərbaycan qonşu ölkəyə nə verib, kimləri verib? Axı Ceyhun Bayramovun rəhbərlik etdiyi XİN bizimkidir, o özü də bu ilin martında verdiyi açıqlamanı unutmamış deyil. Həmin açıqlamadan sitat: “Xarici işlər naziri Ceyhun Bayramov martın 15-də ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir. Həmin şəxslər terror əməlləri törədib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

XİN başçısı bu açıqlamasında haqlıdır, həqiqətən, ötən il noyabrın 26-da erməni terrorçularının Hadrutda hərbçilərimizə hücumu zamanı 3 nəfər öldürüldü, 2 nəfər yaralandı. Ancaq bu itki barədə müxtəlif mənbələrin yaydığı xəbər yalnız 18 gün gecikməylə - dekabrın 13-də Müdafiə Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “operativ” açıqlamasından sonra təsdiqləndi.

Sonra antiterror əməliyyatı aparıldı və 62 terrorçu tutuldu. Erməni tərəfi isə onların terrorçu deyil, hərbi əsir olduğunu bildirdi və 62 nəfərin geri alınması üçün beynəlxalq miqyasda kampaniyaya başladı. Bu məsələylə bağlı çıxışlarında İlham Əliyev dəfələrlə vurğuladı ki, Hadrutda tutulanlar hərbi əsir deyil, müharibə bitəndən – 10 noyabr razılaşmasından sonra Qarabağa – Azərbaycan ərazisinə göndərilən diversiya qrupudur. Həmin qrup dekabrın 8-də daha bir hərbçimizi öldürdü, “Azərcell” şirkətinin bir əməkdaşını isə ağır yaraladı.

Rəsmi açıqlanan bu xəbərdən görünür ki, həmin diversiya qrupunun üzvləri, Paşinyanın isə “hərbi əsir” adlandırdığı şəxslər bir neçə gün ərzində Azərbaycanın 4 hərbçisini öldürüb, 3 nəfəri isə ağır yaralayıb. Bəs niyə bu terrorçular sonradan “Azərbaycanda saxlanan 15 erməni”yə çevrilir və onlar hələ dəqiqliyi bilinməyən mina xəritəsi əvəzinə Rusiyanın vasitəçiliyi ilə Ermənistana aparılır? İlham Əliyevin atasının hakimiyyəti vaxtında - 1993-cü ilin dekabrı-1994-cü ilin yanvarında Kəlbəcərdə aparılan əməliyyatda 4 minə yaxın hərbçimiz itkin düşdü.

İlham Əliyev bu ilin mayında Lavrovla görüşündə Birinci Qarabağ savaşındakı həmin itkiləri xatırlatmışdı: “Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”. Bir daha xatırladaq, ola bilsin, İlham Əliyev ya rəqəmi dəqiq bilmir, ya da itki sayını qəsdən azaldır. 4 minə yaxın itki təkcə Kəlbəcərdə, Ömər aşırımı uğrunda döyüşlərdə vermişdik. O vaxt özünü qalib sayan Ermənistan, demək olar, nə hərbi, nə də mülki əsirlərimizi qaytardı. Heç beynəlxalq təşkilatlar, bu gün özünü regionun ağası kimi aparan Rusiya da o əsirlərin, itkinlərin ölüsünü-dirisini qaytarmaqda vasitəçilik etmədi. Onu da etiraf edək, Azərbaycan da öz vətəndaşlarının taleyi ilə Ermənistan qədər maraqlanmadı: nə işğalçını işğalçı kimi tanıtmaqda israrlı oldu, nə də beynəlxalq aləmdə ardıcıl mübarizə apardı. Bu gün rəsmi Bakı Ermənistanı kapitulyasiya olunmuş kimi qələmə versə də, əslində, yenə diktə edən, beynəlxalq aləmdən dəstək alan Ermənistandır. Azərbaycan isə uduzduğu mövqeyi, özlərinin etiraf etdiyi kimi, ən azı 4 hərbçimizi öldürən, 3 nəfəri yaralayan terrorçuları Rusiyaya bağışlamağını “humanizm”lə pərdələməyə çalışır. Üstəlik, yandaş media qurumlarına da “hərbi əsir”, “terrorçu” sözlərini işlətməməyi tapşırır.

İyulun 3-də Azərbaycan XİN-i Ermənistanın Füzuli və Zəngilan rayonlarında "basdırdığı minalara" dair xəritələri Azərbaycana verdiyini bildirib:

"3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib".

Terrorçu və xəritə barteri işini, təbii ki, Rusiya Rüstəm Muradovun rəhbərliyi ilə aparıb. Öz xəbər agentliklərində Azərbaycandan fərqli olaraq həqiqəti yazıblar.

Rusiyanın TASS agentliyi iyulun 3-də Azərbaycandakı qaynaqlardan fərqli xəbər yayıb: “Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov "Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə vətənlərinə çatdırılmış 15 erməni hərbçinin Azərbaycandan geri qayıtmasında şəxsən iştirak edib”.

Azərbaycanda isə bu xəbər verilən təlimata uyğun şəkildə saytlara ötürülüb. "Cəza müddəti" bitmiş "15 nəfər erməni əsilli şəxsin" Ermənistana təhvil verildiyi bildirilir”.

Beləliklə, Hadrutda tutulan 62 nəfərdən artıq 30-u Ermənistana təhvil verilib- terrorçu kimi, ən azı 4 hərbçimizin qatili kimi yox, “erməni əsilli” kimi...

Qalır Apelyasiya Məhkəməsinin qalan 32 nəfərlə bağlı “ədalətli” qərarı. Hər halda humanizm göstərər, 1-ci instansiyanın onlara verdiyi 6 aylıq cəzanı ləğv edər. Növbə rəsmilərindir, “erməni əsilli şəxslərə” terrorçu damğası vurduğuna görə üzr istəmək növbəsi...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  5 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v0jjb8

Ən çox baxılan