Şiddətə məruz qalan qadınlara dəstək kampaniyası başladıldı

“Kampaniyaya dəstək olanlar arasında kişilər azdır”

Source:


“Kampaniyaya dəstək olanlar arasında kişilər azdır”

Ailədaxili zorakılığa məruz qalan qadınların başlarına gələnləri sosial şəbəkələr vasitəsilə ictimailəşdirməsi halları çoxalıb. Son dövrlər əsasən də ictimai şəxslər bu problemlərlə üzləşdiklərini deyirlər və bu da, geniş müzakirə mövzusuna çevrilir. Müzakirələrdən belə aydın olur ki, şiddətə məruz qalan qadınlar psixoloji və maddi dəstəklə bağlı problem də yaşayırlar.

Artıq jurnalist Səmra Sədrəddinli, yazar Günel Mövlud və ictimai fəal Günay Mustafayeva Azərbaycanda şiddətə məruz qalan və köməksiz olan qadınlara yardım kampaniyasına başlayıblar. Onlar yardım üçün təşəbbüs qrupu yaradıblar. Məqsəd qadınlara hüquqi, psixoloji və s. yardımlar etməkdir.

Aksiyaya Avropada və Azərbaycanda yaşayan azərbaycanlılar qatılıb. Onlar kampaniyaya dəstək üçün hər ay ortaq hesaba göndərilən pulun köməyi ilə ailədaxili şiddətlə üzləşən qadınlara dəstək olacaqlar.

Aksiyaya təkcə maddi yox, pulsuz hüquqi yardım, mühasibatlıq, həmçinin evsiz qalanlara könüllü olaraq öz evini təklif etməklə dəstək olanlar da var.

Jurnalist Səmra Sədrəddinli deyir ki, Azərbaycanda sosial mediada son vaxtlar, xüsusilə də son bir ildə ailədə qadınlara şiddət olayları gündəmə gəlməyə başlayıb:

“Bu, olduqca sevindirici haldır, çünki bizdə zorakılığa məruz qalan qadını heç kim – nə dövlət, nə cəmiyyət nə də ailə qorumur. Belə olan halda ictimai qınağın az da olsa müsbət təsiri ola bilir. Amma həmişə bu tip məsələlər gündəmə gələndə bir neçə gün müzakirə olunandan sonra unudulub gedirdi. Ona görə də sonuncu dəfə biz üç qadın – mən, Norveçdə yaşayan yazar Günel Mövlud və Almaniyada yaşayan azərbaycanlı xanım Günay Mustafayeva bir kampaniyaya başladıq. Biz Azərbaycanda qadınların vəziyyətini çox yaxşı bilən, buna şahid olmuş insanlar olaraq zorakılığa məruz qalan qadınları həm də maddi olaraq dəstəkləməyə qərar verdik. Xaricdə yaşayan digər azərbaycanlıları da buna dəvət etdik. İki gün ərzində kampaniyamızı həm xaricdən, həm də Azərbaycandan yüzlərlə insan dəstəklədi. Təşəbbüs qrupuna həm iş prosesində, həm də maddi baxımdan daimi kömək etmək istəyən insanlar oldu. Azərbaycanla yanaşı, Amerika, İngiltərə, Almaniya, Hollandiya, Fransa, Macarıstan, Norveç və Türkiyədən yazıb, maddi dəstək olan insanlarımız oldu”.

S. Sədrəddinli deyir ki, kampaniyaya dəstək olanlar arasında kişilər çox azdır. O, buna təəssüf edir. Deyir, Azərbaycanda sənətçilər və hakimiyyətə iddialı olan siyasətçilər qadına qarşı zorakılıq hallarından yazmır, danışmırlar:

“Anlaşılandır ki, bizim kimi patriarxal cəmiyyətdə, bu, elə də asan deyil. Belə mövzu onlara xal qazandırmayacaq. Amma biz bu məsələdə sivil dünyadan ən az 200 il geridəyik. Özümüz bunu etməsək, dirənib, mübarizə aparmasaq, heç kim bunu bizim üçün etməyəcək. İctimaiyyətdə qadın zorakılğına qarşı daha çox həssaslıq, kampaniyamıza isə daha çox dəstək görməyə ümid edirəm. Bu kampaniya çərçivəsində sosial mediada istifadə etdiyimiz həştəqlər bunlardır: #şiddətədözmə #siddetedözme”.

S. Sədrəddinli şiddətə məruz qalan, həyat yoldaşı, atası, qardaşı və digər ailə üzvləri tərəfindən döyülən, təhqir olunan qadınların sosial mediada onları tapıb, yazmasını xahiş edir:

“Onlara hər cür yardım etməyə, həmçinin hüquqi və psixoloji yardımlar da göstərməyə hazırıq”.

Yazar Günel Mövlud bir zamanlar əzilən, ata, qardaş, ər şiddəti görən, amma ayaq üstə dayanan, güc tapan, özünü xilas edən, işini qurub, öz pulun qazanan və bu gün başqa qadınlara kömək etmək iqtidarında olan qadınlara səslənir:

“Avropada yaşayan bir neçə qadın olaraq, Azərbaycanda yaşayan, orda ailənin kişi və bəzən də elə qadın üzvləri tərəfindən təhqirə, şiddətə, alçaldılmalara məruz qalan həmcinslərimizin halına yanırıq. Bilirik ki, orda polis də, məhkəmə də, vəkil də, hakim də, və nə yazıq ki, cəmiyyət də təcavüzçü, zorakı kişinin tərəfini saxlayır. Maddi asılılıq, getməyə yeri olmamaq, hüquqi yardim ala bilməmək, insanların tənəsi, özünə inanmamaq kimi səbəblər yüzlərlə, minlərlə qadınlarımızı evdə ata, qardaş, ər yumruğuna dözməyə vadar edir. Bəzən bu yumruqlar ona uşağının gözü qarşısında vurulur, bəzən zədəni təkcə o deyil, körpələr də alır.

Biz bu qadınların heç olmasa bir qismini xilas etmək, onlara ilkin hüquqi, psixoloji və maddi yardım vermək istəyirik. Amma bunu ani və bir dəfəlik etmək deyil, institutlaşdırmaq, sistemləşdirmək qərarına gəldik. Qərara gəldik ki, aylıq büdcə ayıraq, o pul ölkəmizdə şiddət görən qadınlara sərf edilsin”.

G. Mövlud maddi çətinliyi olmayan qadınları aksiyada iştirak etməyə dəvət edir:

“O qadınlara birdəfəlik yardım lazım deyil, hər ay xırda bir məbləğ yardım edə biləcəyimiz bir fond lazımdır. Bütün pullar Azərbaycanda xərclənəcək, pullara böyük bir qadınlar şəbəkəsi tərəfindən nəzarət ediləcək. İctimai fəallığı olan, ictimai inam qazanmış, qadın haqları mövzusunda həssas, diqqətli adamlar bütün prosesə nəzarət edəcəklər.

Bir zamanlar özünüzün üzləşdiyiniz çətinlikləri başqalarının da aşmasına yardım edin. O vaxt sizə kömək etmiş insanları yadınıza salın və indi özünüz həmin yaxşı adam olmağa çalışın”.

Bir müddət əvvəl bu problemlə “Toplum” TV-nin əməkdaşı Pərvanə Qurbanlı qarşılaşmışdı. O, həyat yoldaşı Anar Gəraylının şiddətinə məruz qalması faktını sosial şəbəkələr vasitəsilə ictimailəşdirmişdi.

Bir neçə gün öncə isə yazar Kəramət Böyükçölün xanımı, jurnalist Çinarə Soltanova da həyat yoldaşının ona qarşı şiddətini ictimailəşdirdi.

Ötən həftə Türkiyə və Azərbaycan gündəmində əsas xəbərlərdən biri də türkiyəli müğənni Sılanın aktyor sevgilisi Ahmet Kural tərəfindən şiddətə məruz qalması idi. Müğənni əvvəlcə bu barədə açıqlama vermək istəməsə də, sonradan fikrini dəyişib və məsələni ictimailəşdirib. O, bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verib. Daha sonra isə “İnstagram” səhifəsində paylaşım edib:

“Mən sussam, əvvəlcə özümə, sonra ölkə qadınlarına və şiddətə qarşı insanlara haqsızlıq etmiş olacağam.

Buna görə başıma gələn hadisə ilə bağlı susmamaq qərarı almışam. Hüququmdan istifadə edəcəyəm. Düzdür, heç bir cəza, mühakimə mənim yaşadığım kabusu beynimdən silməyəcək. Bunu çox yaxşı bilirəm, amma bu həyatda mahnılarla, kəlimələrlə bir bağ qura bilmişiksə, özümü azca da olsa ifadə edə bilmişəmsə, gücümü özüm qədər həm də sizdən aldığımı bilirsiniz. Mənə edilən dəhşətli şiddət barədə dilsiz qalmamağı seçirəm. Bəziləri sevilməyi öyrənməmiş ola bilər, məncə, sevginin bununla heç bir əlaqəsi yoxdur”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdə başlanmış aksiyaları dəstəklədiyini söyləyir. Deyir, bütün bunlar müsbət haldır:

“Anca mən bu fəaliyyətin bir günlük, bir həftəlik aksiyaya çevrilməsinin əleyhinəyəm. Müdafiə edilən şəxslərin bir həftə ərzində özünümüdafiə gücünü formalaşdırmaq mümkün deyil. Davamlı dəstək planı olmasa, görülən işlər kifayət qədər effekt verməyəcək. O halda bütün ən yaxşı faəliyyətlər belə bizim eleyhimizə işləyəcək”.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2010-cu ildə qəbul olunub. Bu qanun zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir.

Bundan əlavə, Nazirlər Kabineti məişət zorakılığı barədə şikayətlərə baxılma qaydası da var. Əgər şikayətdə cinayət tərkibi yoxdursa, yalnız zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılmalıdır.

Qanunvericiliyə görə, məişət zorakılığına məruz qalmış şəxs ilkin olaraq müvafiq yerli icra hakimiyyətinə müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı 5 gün içində zorakılığın növünü (fiziki, psixoloji, iqtisadi, cinsi) müəyyən etməli, tədbir görməlidir.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. 11-ci maddədə isə deyilir ki, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, icra hakimiyyəti zorakılıq törətmiş şəxsə yazılı xəbərdarlıq edə, zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verə bilər.

Ana səhifəXəbərlərŞiddətə məruz qalan qadınlara dəstək kampaniyası başladıldı