Azərbaycanda iyun ayında keçiriləcək Avropa Oyunları ərəfəsində, Gürcüstan iş adamı paytaxt Bakı haqqında təəssüratlarını qələmə almışdır. Müəllif biznes maraqları naminə adının çəkilməsindən imtina etdi.
İlk baxışdan, Azərbaycanın son 30 ildə bir ailə tərəfindən idarə edilən bir ölkə olduğu aydın görünür. Heydər Əliyev əvvəl Azərbaycan Sovet Respublikasının Kommunist Partiyasının ilk katibi və sonra 1993-2003-cü illərdə müstəqil Azərbaycanın prezidenti olmuşdur. Ondan sonra onun oğlu İlham bu vəzifəyə keçdi.
Bakıda hava limanı Heydər Əliyevin adını daşıyır. Hava limanından şəhərə gedən magistral yol da Heydər Əliyevin adına tikilib. Şəhərin mərkəzində Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Kitabxanası, Heydər Əliyev Meydanı var. İlk baxışda Bakının bir şəxsin ətrafında döndüyünü düşünmək olar, lakin Heydər pərəstiş edilən yeganə Əliyev deyil. Turistlərin ən çox olduğu Dənizə paralel küçə Heydər Əliyevin həyat yoldaşı Zərifənin adını daşıyır.
Bəxtiniz gətirsə, gedəcəyiniz yerə və ya otelə çatanadək Əliyevlər ailəsinin korteji ilə yolunuz kəsişməyəcək. Bəxtiniz gətirməsə isə təxminən 45 dəqiqə gözləməli olacaqsınız, çünki kortejin keçməsindən təqribən 30 dəqiqə əvvəl küçələr bağlanır, keçəndən sonra isə hələ 15 dəqiqə də açılmırlar. Digər postsovet ölkələrində cəmiyyətlər bu meyllərlə mübarizə aparıb və bir çox hallarda yaxşı nəticəyə nail olmuşdurlar.
Ölkəyə daxil olduğunuz zaman bəzən adi, ümumi verilən , bəzən isə qeyri-adi suallara cavab verməli olursunuz. Sizdən valideynlərinizin adları, yaşadıqları ünvan, kirayə ev tutub və ya öz mənzillərinin olub-olmaması barədə soruşulacaq. Əgər siz gürcü vətəndaşısınızsa, o zaman bu kimi suallara təəcüblənməyin “Üstünüzdə ev şəraitində hazırlanan şərab var?” və ya “Sizin ailəniz şərab biznesi ilə məşğul olur?”. Həmçinin, gömrük əməkdaşlarının sizin səfərinizin məqsədi ilə maraqlananda, turist kimi səyahət etdiyinizi dedikdə bu kifayət qədər tutarlı səbəb sayılmaya bilər. Səfər zamanı professional kamera da gətirib və yaddaqalan şəkillər çəkmək istəyirsinizsə, o zaman bəxtiniz daha çox gətirmədi demək ki. O zaman daha dəqiq nələrin şəklini çəkmək istədiyinizi izah etməli olacaqsınız.Nəhayət, sorğu-sual bitdikdən sonra terminala daxil olduqda, siz qarşınızda dəbdəbəli üç-mərtəbəli hava limanı görəcəksiniz. Siz çoxlu o tərəf, bu tərəfə gəzən insanlar, xidmətlərini təklif edən taksi sürücülərini görəcəksiniz. Sürücülər əksər hallarda ingilis dilində danışmırlar. Burada çox da ingilis-dilli adam görməzsiniz. Yol nişanlarının çoxu yalnız Azərbaycan dilindədir və ümumiyyətlə, insanlar rus dilində danışır.
Hava limanının çıxışında bir məlumat stendi var, lakin həmin masada adətən heç kim olmur. Halbuki, hava limanının hər divarından Avropa Oyunlarının reklamları var idi. İngilis dilində danışan və ən azı istiqamətlər haqqında suallara cavab verənlər yalnız Avropa Oyunları könüllüləri idi.
Hava limanının binasından çıxdıqda dərhal böyük avtobus dayanacağı görəcəksiniz. Yaxınlıqda Avropa Oyunları reklamları ilə kiçik dəbdəbəli mikro-avtobuslar da görmək olar. Lakin şəhər istiqamətində 16-18 km sürdükdən sonra köhnə, digər post-sovet ölkələrində artıq çoxdan istifadəsi dayandırılmış avtobuslar görəcəksiniz. Avtobuslarda nəqliyyat kartı üçün heç bir mexanizm quraşdırılmayıb, əvəzində sürücünün sərnişinlərdən yığdığı kəpik şəklində yol pulunu qoymaq üçün qutu var.
Metro daha müasirdir. Son zamanlar sərnişinlər dəyəri təqribən 2 ABŞ dolları olan metro kartı ala bilər və lazım gəldikcə pul əlavə edə bilərlər. Gediş haqqı təqribən 0.2 ABŞ dolları civarındadır.Məşhur dəniz sahili Bulvarı boyunca dünyamiqyaslı, dəbli markaların mağazalarını görəcəksiniz, lakin içəridə çox da adam olmur. Bəxtiniz gətirsə və orada satıcılardan başqa kimlərisə görsəniz, onlar ya turistlər, ya da çox zəngin azərbaycanlılardır ki, geyimləri belə varlı olduqlarını büruzə verir.
İlk baxışda zəngin ölkəyə gəldiyinizi zənn edib, orta yaşayış şəraitinin nə vəziyyətdə olduğundan xəbərsiz ola bilərsiniz. Lakin daha diqqətlə baxsanız, küçədə gəzən insanların əksəriyyətinin zəngin olmadığını aydın görə bilərsiniz. Top markalı mağazalarda gördüklərinizdən fərqli olaraq, sadə camaatın geyindikləri köhnə dəbdən çıxmış paltarlardır. Onlar ağır çantalar daşıyır və ictimai nəqliyyatdan istifadə edirlər. Onlar yeməklərini heç də iştahaaçan görünmədiyi ən ucuz yeməkxanalarda yeyirlər.
Mən Hardayam?
Siz adi otel və ya hava limanında Bakının xəritələrini tapa bilməzsiniz. Şəhər, onun mədəni abidələri, restoran, kafe və yeni tikilmiş mərkəzləri və muzeylər haqqında məlumat kitabçaları var, lakin xəritələr yoxdur, orada yalnız küçə adları və telefon nömrələri qeyd edilib. Gənclərin əksəriyyəti öz mədəni abidələrində olmamış və hətta şəkillərdə onları tanıya bilmirlər. Yaşlı nəsil yerləri daha yaxşı tanıyır, lakin rus dilindən başqa heç bir xarici dildə danışmırlar.
12-ci əsrdə tikilmiş Qız Qalasının necə inşa olunması haqqında 10-dan çox müxtəlif əfsanələr var, lakin yerli əhali bu hekayələrin maksimum iki-üçünü bilir. Onlar hansının Qız Qalası, hansının Şirvanşahlar Sarayı olduğunu belə çox vaxt bilmir, o ki qaldı İçəri Şəhərin mərkəzdən yeni təmirdən çıxmış digər qədim abidələrinə.
Bəzi kinematoqrafçılar bir axşam video çəkmək qərarına gəldilər. Baxmayaraq ki, Qız Qalasına giriş açıq idi və bələdçisiz ekskursiyanın qiyməti minimum 2 manat idi, film çəkənlər nəzarətçilərdən çəkilişə mane olmamaq üçün turist axınını dayandırmağını istədi. Yerli sakinlər və turistlər (bəziləri giriş üçün 50 manat ödəmişdirlər) pəncərəsiz, 3-4 kvadratmetrlik silindr şəklində otaqlarda gözləməli oldular. Ən qəribəsi odur ki, aralarında heç kəs etiraz etmədi, ele bil bu normal, adi hal idi.
İçərişəhər kasıbların yeri deyil. Burada qiymətlər digər şəhərlərdə mədəniyyət mərkəzlərinə nəzərən daha yüksəkdir. Bəzi təmir olunan köhnə binaların fasadları gözəl görünsə də, içəridə baxılası bir şey yoxdur. Burada ən yaxşı təmir olunan evlər Avropa ölkələrinin səfirlikləridir.
Burada həftə içi, iş saatlarında çox da adam olmur. Axşamlar və həftə sonları daha çox adam olur, amma turistlərə çox da rəst gəlinmir. Burada əsasən yerli sakinlər ya işdən eve gedir, ya da ətrafı dolanıb təzə tikililəri seyr edirlər. Yerli sakinlərdən turistlərin görməli olduğu yerləri soruşanda ilk fikirlərinə gələn məsləhət ya Bayraq Meydanı, ya da Avroviziya 2012-nin keçirildiyi Kristal Zalı olur. Sizə şəhərə gözəl mənzərəsi açılan Parlament binasına yaxın platformaya getməyi məsləhət görəcəklər.
Binalara çəkilən boyalar hələ də qurumayıb. Bulvara yaxın metro stansiyaları və alış-veriş mərkəzləri təzə modern stildə təmir edilib, halbuki digər metro stansiyaları hələ də Sovet dövrünün köhnə memarlıq üsulunu saxlayır. Onların uzun illərdir təmir edilməməsi görünür. Metro Bakıda ən sıx nəqliyyat vasitələrindən biri sayılır. İnsanlar adətən son dayanacağa qədər metrodan istifadə edib, sonra gedəcəkləri yerə qədər avtobusla çatırlar.
Bunu sizə heç kəs məsləhət verməyəcək, lakin əsl Bakını görmək istəyirsinizsə, o zaman Sovet dövründən qalan hissələrini görməlisiniz. Binaların əksəriyyəti mərkəzi magistral yolu boyunca gördükləriniz qədər dəbdəbəli deyil və bu küçələr mərkəzi küçələr qədər də təmiz deyil. Burada siz memarlıqda və divarlardakı rəsmlərdə əsl Sovet İttifaqını tapa bilərsiniz. Köhnə memarlıq detalı olan paslanmış dəmir topunu küçənin ortasında görmək olar. Burada siz köhnə avtomobillər görəcəksiniz. Hətta Lada kimi Sovet dövrünün maşınları da belə rastınıza çıxacaq.
Şəhərin təmizliyi haqqında ilk təəssüratınız bu dağılmış küçələri görəndə təmamilə puç olacaq. Bu küçələr tək tozlu deyil, həm də səkilərdə çox zibil var. Burada tikintisi yarımçıq qalmış zavodlar görəcəksiniz və kiminsə onları tikib bitirmək və ya yerinə başqa bir şey inşa etmək kimi planlarının olmadığı hiss olunur.
Buradakı avtobus və mikro-avtobuslar çox köhnədirlər. Buranın bəzi həyətlərindən Bulvara mənzərə açılır. Bu məkan turistlərin nə gördüyü və insanların əsl yaşayış tərzi arasında fərqi görmək üçün əla yerdir. Yerli əhali Sovet tikililərinin dar pəncərələrindən və ya yaş paltarlarını asdıqdları dar eyvanlarından (eyvanları varsa əgər) bahalı otelləri və gözəl binaları görürlər.
Mən Xəzər sahili kənarında yerləşən və Bakıdan 50 dəqiqə Şimal-Şərqdə yerləşən Bilgəhə getdim. Bura turistlərin və azərbaycanlıların tez-tez tətilə getdiyi dənizkənarı şəhərdir. Buranın binaları köhnədir və Bakının ətrafından çox fərqlənir. Burada bahalı evlər və ya mağazalar yoxdur; hər yerdə ərzaq mağazaları və türk paltarları satılan dükanlar var. Bilgəh əhli rus dilində belə nadir hallarda danışır.Bəzi insanlar hökumətin bütün şəhəri təzələmək kimi bir planının olduğunu deyir, lakin buna görə çox da optimist deyillər. Çoxu təmiri xarici qonaqların gözündən pərdə asmaq üçün atılan addım kimi qiymətləndirir və yerli əhaliyə faydası olmayacağını düşünürlər. Bundan başqa, onlar qısa zamanda təmir edilən tikililərin riskli olduğunu düşünüb, keyfiyyətdən narahatdırlar. Bəzi insanlar narahat olsa da, digərləri artıq yarım sökük binalarda yaşayırlar.
Durğunluq dövrü
Avropa Oyunlarına görə Bakıda həyat bir müddətlik dayandı. Bütün tikinti layihələri dayandırıldı. Bakı qeydiyyatı olmayan avtomobillər şəhərə buraxılmırdı. Səkidə ticarətlə məşğul olanlara gün ərzində çalışmaq qadağan edilmişdi. Sakinlər evlərinə çatmaq üçün polis əməkdaşlarına xüsusi şəxsiyyət vəsiqələri göstərməli idilər.
İstehlak qiymətləri artdı. Orta təbəqənin mövcud olmadığı və yalnız kasıb və varlı təbəqələrinin olduğu görünən ölkə üçün bu böyük problemdir. İnsanlar əmək haqlarının aşağı və qiymətlərin yüksək olduğunu və bu səbəbdən bir çoxunun banklara borclu olduqlarını deyirlər. Bir çox gənclər kafe və restoranların içində orada işlədikləri üçün olublar. Orta aylıq əmək haqqı restoranlarda dostlar ilə bir axşam yeməyinin ödənişi üçün kifayət deyil.
Yerlilərin dediklərinə görə, Bakıda genişmiqyaslı tədbirlər olduqda hökümət üzvləri, məmurlar ön sıralardakı bütün yerlərə dəvət olunurlar. Beləliklə, Bakıda hər hansı bir tədbirə getmək istəsəniz, biletləri çox əvvəlcədən almağa çalışsanız belə ön sıralarda yer tapa bilməyəcəksiniz.
Yerli camaatın dediyinə görə, bəzən hətta iş tapmaq üçün belə rüşvət vermək lazımdır. Universitetlərdə də korrupsiya baş alıb gedir; güman edilir ki, tələbələrin 70% -i qəbul üçün ən azı bir qədər pul ödəmək məcburiyyətində olublar.
Yerli əhali ölkədə demək olar ki, hər şeyin prezident və ailəsinə məxsus olduğundan agahdır və bunun da normal olduğuna, yəni imkanlı və nüfuzlu insanların hər şeyə sahib olmaq haqları olduğuna inanırlar. Əgər belə fikirlərin normal olmadığını qeyd etsəniz, onların belə məsələrlə məşğul olmadıqlarını və hökumətin onlara etdiyi yaxşılıqları (həmişə yeni infrastruktur və yolların inşasından söz açırlar) necə qiymətləndirdiklərini deyəcəklər.
İnsanlar banklar haqqında danışanda hisslərinə hakim ola bilmirlər. Onlar bankdan kredit almağı sonradan bütün həyatlarının borcun ödənilməsinə həsr edilməsi demək olduğunu vurğulayırlar. Yerlilərdən biri ipoteka krediti almaq istədiyində bankın kredit məbləğindən əlavə 50 faiz istədiklərini iddia edir.
Sovet dövründən qalma totalitarizmin əlamətlərindən biri də senzuradır. Jurnalistlərin işi senzuradan keçirilir və bu, artıq təzə xəbər deyil. Lakin son zamanlar hətta adi insanlar da sosial şəbəkələrdə senzuraya məruz qalır və qorxu içində yaşayırlar.
Bakıda milli televiziyada yayımlanan yeganə xəbərlər hökumətin insanlara göstərmək istədiyi məlumatlardır. Hər hansı bir hadisə baş versə və televiziya əməkdaşlarının bu haqda materialları olsa belə, bu, o demək deyil ki, xəbərlər efirdə yayımlanacaq. Xüsusilə də bu xəbərlər Əliyevlər ailəsi və ya hökumət haqqında mənfi xarakter daşıyırsa, o zaman prodüsserlər bu tip məlumatları efirə buraxmayacaqlar. Burada insanlar hər gün eyni yalanları dinləməkdən yorulduqları üçün TV izləməkdən demək olar ki, imtina ediblər.
Foto çəkilişləri də risklidir. Siz köhnə dağılmış binaların ətrafında foto çəkdiyinizdə, polis işçiləri yaxınlaşıb şəkilləri onlara göstərməklərini istəyə bilər və eyni zamanda şəhərdə o qədər gözəl mənzərə ola-ola bu cür yerləri çəkməyinizin səbəbini də soruşa bilər. Siz bağlanmış yollardan keçən rəsmi şəxslərin şəklini çəksəniz riski daha da artıracaqsınız. Siz ya polis işçilərinə yaddaş kartını verməli ya da onların çəkdiklərinizi silməsinə icazə verməli olacaqsınız.
Ümumiyyətlə, Azərbaycanda olarkən nələrləsə maraqlanmaq çox da alqışlanmır. Onların işlərinə qarışsanız kəşfiyyat işçilərindən və ya polis qüvvələrindən sağlam reaksiya gözləməyin.İnsanlar bu vəziyyətə nəyə görə dözürlər və müxalifət niyə belə passivdir? Müxalifətin heç bir gücü yoxdur. Onların televiziya efirində çıxışları çox da alqışlanmır. Hətta seçki qabağı kampaniyalar zamanı, yəni hər siyasi qüvvəyə eyni dərəcədə vaxt ayrılması lazım olduqda belə onlara kifayət qədər efir vaxtı ayrılmır. Belə ki, son on ildə seçkilərdə heç bir şey dəyişməyib; əksər müxalifət təmsilçiləri KİV tərəfindən rədd edilir, onların sponsorları bəzən gülünc səbəblərlə həbs olunur və seçkilərdən sonra onların etiraz aksiyaları etirazçıların sayından çox olan polis əməkdaşları tərəfindən dayandırılır.
Sadə insanlar tanımadıqları insanlarla, hətta ölkəni tərk edib heç vaxt geri dönməyəcək xarici vətəndaşlarla belə bu məsələləri müzakirə etməkdən çəkinirlər. Onlar nələrin səhv olduğunu deməkdən çəkinirlər. İnsanlar sosial şəbəkələrdə fikirlərini bölüşməkdən də boyun qaçırırlar. “Azərbaycanda həyat necədir” sualına eyni cavabı verirlər, sanki kimsə onların beynində eyni lenti çalır.