“Seymuru həbs etmək üçün 4 maşın gəlib” (VİDEO)

“Sizin həbs xəbərinizdən sonra anam artıq mənə “ehtiyatlı ol” demir. Yəqin ki, bunu özünün qüruruna sığışdırmır. O, artıq anlayır ki, onun oğlunun yeri bu böyük həbsxana deyil, sizin yanınızdır”.

 Seymur Həzinin həbsdə olan Leyla Yunusa məktubundan.

21 avqust 2014-cü il.

 Məktubun yazılmasından 8 gün sonra jurnalist Seymur Həzi “xuliqanlıq” maddəsilə saxlanıldı. Abşeron rayon Məhkəməsinin qərarı ilə jurnalistə qarşı 2 aylıq həbs-qətimkan tədbiri seçildi. Jurnalistin atası Məşgül Həziyev deyir ki, evlə hadisənin baş verdiyi yer arasında 2 kilometr məsafə var. Seymur hər gün piyada o yolu qət edib.  Hadisə olan gün saat 5-ə qədər atası oğlunun həbs edildiyini bilməyib.

Valideyn deyir ki, oğlu 10 gün öncə həbs olunacağını deyib. O, ailə üzvlərinə hazırlıqlı olmalarını məsləhət görüb.

Seymur Həzi Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2005-ci ildə magistr dərəcəsi alıb. AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib. 2000-ci ildən AXCP-nin üzvüdür.

2011-ci ildə jurnalist oğurlanaraq döyüldü və bu işdə təqsiri olan şəxslər tapılıb məsuliyyətə cəlb edilmədilər. 2013 –cü ildə Seymur Həzinin izlənilməsi ilə bağlı sənədlər “Azadlıq” qəzetinə göndərildi. O izlənir və bununla bağlı rəsmi orqanlara məruzə edilirdi. Amma dövlət rəsmiləri bu sənədlə bağlı açıqlama vermədilər. Məşgül Həziyev düşünür ki, oğlu “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri və “Azərbaycan saatı” verilişinin aparıcısı olaraq həqiqəti dediyi üçün həbs edilib.

Valideynlər deyir ki, həyat mübarizədir. Və onlar oğulları ilə birlikdə bu mübarizəni yaşamağa hazırdılar.

Ana səhifəVideo“Seymuru həbs etmək üçün 4 maşın gəlib” (VİDEO)