O, xuliqanlıq maddəsi ilə ittiham olunur
“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həziyə hücum edən şəxs həbs edilib. Bu barədə Abşeron rayon Polis Şöbəsi və prokurorluğu məlumat yayıb. Məlumatda yazılıb : “Aparılmış istintaqla həmçinin Məhərrəm Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə Seymur Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”.
Məhərrəm Həsənov rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (Xuliqanlıq) ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Jurnalist Seymur Həzi isə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. O, həbsini peşə fəaliyyəti ilə bağlayır və özünü təqsirli bilmir.