Seymur Həzinin son sözü əlindən alındı (VİDEO)

27 yanvarda Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi ilə bağlı vəkillər son çıxışlarını ediblər. Çıxışlara keçmədən öncə vəkil Adil İsmayılov vəsatətlər verib  O, hər iki şəxsin aldığı xəsarətlərlə bağlı tibbi ekspertin məhkəməyə çağırılmasını, maddi sübut kimi götürüldüyü deyilən şüşə qırıntılarının məhkəməyə təqdim olunmasını, hadisə baş verən gün Seymur Həziyə və Məhərrəm Həsənova gələn zənglərin çıxarılmasını, hakimin, vəkillərin, təqsirləndirilən şəxslərin iştirakı ilə hadisə yerinin müayinə edilməsi ilə bağlı vəsatətlərlə çıxış edib.  Vəkil həmçinin Seymur Həzinin 2011-ci ildə indiki hadisənin baş verdiyi yerdə döyülüb, oğurlanması ilə bağlı cinayət işinin nə yerdə qaldığının öyrənilməsini istəyib. Hakim Şövkət Nəcəfova vəsatətlərin heç birini təmin etməyib.

Seymur Həzinin digər vəkili Elton Quliyev son çıxışında jurnalistə bəraət istəyib. O bildirib ki, hadisə Seymur Həziyə qarşı əvvəlcədən planlaşdırılıb. Həbsindən 3-4 gün əvvəl jurnalist vəkilin yanına gələrək yaxın günlərdə həbs ediləcəyi ilə bağlı xəbər aldığını və əgər həbs olunarsa, Elton Quliyevin ona vəkillik etməsini istəyib. Vəkil bildirib ki, Seymur Həzi  mübahisə zamanı özünü müdafiə edib və onun hərəkətlərində cinayət tərkibi yoxdur.

Jurnalist yazdığı “son söz” ün Bakı İstintaq Təcridxanasında əlindən alındığını bildirib. O, bunu  qanunsuz hesab edib və hakimin müdaxiləsini istəyib. Hakim  məsələ ilə maraqlanacağını deyib.

Prokuror Əhəd İbrahimov Seymur Həziyə 6 il, onunla mübahisə edən Məhərrəm Həsənova 9 ay həbs istəyib.

Ana səhifəVideoSeymur Həzinin son sözü əlindən alındı (VİDEO)