“Seymur Həzinin prosesində polis ifadələri saxtalaşdırılıb” (VİDEO)

4 dekabrda “Azadlıq” qəzetinin şöbə müdiri, jurnalist Seymur Həzinin məhkəməsi keçirilib. Məhkəmədə jurnalistin vəkili Adil İsmayılov vəsatət verib ki, hər iki təqsirləndirilən şəxs həm də zərərçəkən kimi tanınsın. O deyib ki, Seymur Həzinin köynəyi hadisə vaxtı cırılıb və ekspertizanın rəyinə əsasən dərəcəsi müəyyən olmayan xəsarət alıb. Mübahisədə tərəf olan Məhərrəm Həsənov isə yüngül xəsarət alıb. Hakim Şövkət Nəcəfova vəsatəti təmin etməyib.

Məhərrəm Həsənov məhkəmədə ifadə verməkdən imtina edib. O, istintaq dövründə verilən ifadəsini təsdiq edib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının hadisə ilə bağlı suallarına “ sualdan imtina edirəm”, “ bilmirəm”, “ yadımdan çıxıb”, “istintaqda nə ifadə vermişəmsə, odur” deməklə cavab verməkdən yayınıb. Məhərrəm Həsənov istintaqa verdiyi ifadəsində bildirib ki, o Ceyranbatan qəsəbəsində Seymur Həzi ilə qarşılaşıb və ondan Facebookda yazdığı mesajlarına niyə cavab vermədiyini soruşub. Bunun qarşılığında jurnalist onu söyüb. Jurnalistdən niyə onu söydüyünü soruşanda o, Məhərrəm Həsənovu vurub. Təqsirləndirilən şəxsin ifadəsinə görə bundan sonra əlbəyaxa olublar və Seymur Həzi əlindəki şüşə su qabını onun başına vurub.

Seymur Həzi məhkəməyə verdiyi ifadəsində bildirib ki, hadisədə özünü təqsirli bilmir. O, həbsini siyasi sifariş adlandırıb. Deyib ki, hakimiyyəti ifşa etdiyinə görə həbsdədir.

Hadisənin baş verməsinə gəlincə, jurnalist  deyib ki, Məhərrəm Həsənov ona yaxınlaşıb salam verib və Facebookda niyə onun mesajını cavablandırmadığını aqressiv halda soruşub. Seymur Həzi deyib ki, ola bilsin texniki səbəbdən məktubunu görməyib. Bu vaxt Məhərrəm Həsənov onu vurub və jurnalist özünü müdafiə etmək üçün əlindəki su şüşəsini onun başına endirib.

Şahid qismində Çevik Polis Alayının işçiləri ifadə veriblər. Polislərin istintaqda verdiyi ifadələrlə məhkəmədəki ifadələr arasında ziddiyyətlər yaranıb.

AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvü olan Seymur Həzinin jurnalist fəaliyyətinə görə həbs edildiyini deyib.

Ana səhifəVideo“Seymur Həzinin prosesində polis ifadələri saxtalaşdırılıb” (VİDEO)