Seymur Həzinin məhkəməsində prokuror özünü biabır etdi (VİDEO)


Müdafiə tərəfi Məhərrəm Həsənovun iştirakı olmadan prosesin keçirilməməsini, onun məcburi qaydada məhkəməyə gətirilməsini istəsə də, hakim prosesin onun iştirakı olmadan davam etdirilməsinə qərar verib

Sentyabrın 22-də Sumqayıt Apellyasiya Məhkəməsində Nazim Mövsümovun sədrliyi ilə jurnalist Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə növbəti proses keçirilib.

Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

Bundan öncəki prosesdə müdafiə tərəfi Məhərrəm Həsənovun da məhkəmədə iştirakı, prosesin qismən məhkəmə istintaqı ilə aparılması barədə vəsatət qaldırmışdı. Hakim məhkum Məhərrəm Həsənovun da prosesə dəvət olunması barədə qərar qəbul etmiş və vəsatətin digər hissəsinə prosesin gedişində baxılacağını bildirmişdi.

Məhərrəm Həsənov prosesə dəvət olunsa da, məhkəməyə gəlməyib.

Müdafiə tərəfi Məhərrəm Həsənovun iştirakı olmadan prosesin keçirilməməsini, onun məcburi qaydada məhkəməyə gətirilməsini istəsə də, hakim prosesin onun iştirakı olmadan davam etdirilməsinə qərar verib

Vəkil Adil İsmayılov vəsatətin ötən prosesdə baxılmamış qalan hissəsinə – prosesin qismən məhkəmə istintaqı ilə aparılması ilə bağlı müraciətə baxılmasını istəyib.

Hakim Nazim Mövsümov əvvəlcə müdafiə tərəfinin sözügedən vəsatəti yenidən qaldırmasında problem görməsə də, vəsatətlə bağlı qərarı fərqli olub. Məhkəmə bu vəsatətin təmin olunmaması ilə bağlı qərar verib.

Məhkəmənin bu cür yanaşması həm vəkilin, həm də Seymur Həzinin sərt reaksiyasına səbəb olub. Seymur Həzi deyib ki, buna ancaq gülmək olar».

Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib və əvvəlki instansiya məhkəməsinin Seymur Həzinin təqsirini sübuta yetirdiyini bildirib, məhkəmədən Seymur Həzi ilə bağlı qərarı dəyişməyib qüvvədə saxlamasını istəyib.

Vəkil Adil İsmayılov prokurorun çıxışına münasibət bildirərkən deyib ki, o, ittihamdan kənara çıxır, hətta ittihamda olmayan məqamları qeyd edir.

Daha sonra Adil İsmayılov çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses sentyabrın 29-u saat 15:00-a təyin olunub.

Seymur Həzinin anası  Qızqala Həziyeva prosesdən heç nə gözləmədiyini deyir: “Proses çox qanunsuz keçirildi. Heç bir sübut olmadan mənim oğluma 5 il iş verib, salıblar içəri. Heç bir şeydən xəbəri yoxdu, əlinə kağız alıb danışır. Kürdəxanıdan gəlib adam döyəni prosesə çağırmırlar. Onsuz da prosesdən heç nə gözləmirdim. Ədalət olsaydı, mənim oğlum içəridə olmazdı. Gündə 3 min dava olur, kimi tutub basıblar içəri? Üstəlik də mənim oğlum dalaşmayıb, gəlib onunla dalaşıblar”.

Müsahibə zamanı məhkəmə işçiləri Qızqala Həziyevanın danışmasına mane olmağa çalışıblar.

Ana səhifəVideoSeymur Həzinin məhkəməsində prokuror özünü biabır etdi (VİDEO)