Seymur Həzinin hakimindən şikayət verildi (VİDEO)

11 noyabrda “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzinin işi ilə bağlı Abşeron rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Şövkət Nəcəfovanın sədrliyi ilə keçən prosesdə jurnalistin vəkili Adil İsmayılov Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakim müşavirədən sonra vəsatəti təmin etmədiyini açıqlayıb. Adil İsmayılov hakim Şövkət Nəcəfovanın işə baxmasına etiraz edib. O, bildirdi ki, bu hakimin qərarı ilə jurnalistlə mübahisəsi olan Məhərrəm Həsənov ev dustaqlığına buraxılıb. Vəkil Şövkət Nəcəfovanın işə obyektiv baxmayacağını düşünür. Adil İsmayılovun hakimdən şikayəti məhkəmə sədrinə təqdim olunacaq.

Seymur Həzi məhkəmədə deyib: “Mənim həbsim siyasi sifarişdir. Bunu istintaqın matereallarında da açıq görə bilərsiniz. Məhkəmənin haqqımda ədalətli qərar çıxaracağına inanmıram. Amma inanmağa çalışacam. Mən bu cavan oğlanı tanımıram. O da məni tanımır. Mənim bu ölkədə təkcə problemim İlham Əliyevlədir. Mən onu yaxşı tanıyıram, o da məni. Siz də bu yazığa qarğış eləməyin. Hamınız hər yerdə təkcə İlhamdan danışın… Mənim həbsimdə İlhamın, generalların əli var. Hamısının adını çəkəcəyəm məhkəmənin gedişatında. Hamısını tanıyıram. Başıma torba keçirənlərə kimi hamısını. Adlarını, soyadlarını, atalarının adına kimi deyəcəyəm! Möhkəm olun, dostlar!”

Jurnalistin atası Məşgül Həziyev məhkəmənin işə ədalətsiz qərarlarla başladığını deyib. “Hamı bilir ki, Seymuru dava üstündə həbs etməyiblər, jurnalist işlədiyinə görə həbs ediblər”.

Seymur Həzi “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının redaktoru və aparıcısıdır. O, silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Jurnalist ittihamı qəbul etmir və həbsini fəaliyyəti ilə bağlayır. Sərhədsiz reportyorlar təşkilatı Azərbaycan hökumətindən Seymur Həzinin dərhal azadlığa buraxılmasını tələb edir.

Ana səhifəVideoSeymur Həzinin hakimindən şikayət verildi (VİDEO)