13 oktyabrda Sumqayıt Apellyasiya Məhkəməsində “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin şikayətinə baxılıb. Jurnalist bu dəfə də məhkəməyə gətirilməyib. Seymur Həzinin iştirakı olmadan keçirilən prosesdə o, ev dustaqlığına buraxılmayıb.
“Seymur Həzinin özünün iştirakı olmadan şikayətə baxılmaması haqqında vəsatət qaldırdım. Hakimlər müşavirə keçirərək vəsatəti təmin etmədilər”- Elton Quliyev deyib.
Vəkil Elton Quliyev bildirib ki, Seymur Həzidən şikayətçi olan Məhərrəm Həsənov ikinci dəfə həbs olunub: “O, iki həftə əvvəl heç bir əsas olmadan ev dustaqlığına buraxılmışdı. Ancaq prokuror qərardan şikayət etdiyi üçün yenidən Məhərrəm Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib”.
Vəkil Elton Quliyev bildirib ki, qərarı alandan sonra iş Avropa Məhkəməsinə göndəriləcək.