”Amnesty İnternational” daha bir neçə AXCP üzvünü də ”vicdan məhbusu” elan etdi
Beynəlxalq hüquq-müdafiə təşkilatı “Amnesty İnternational” Azərbaycandakı bir neçə məhbusu “vicdan məhbusu” elan edib. Bu barədə məlumat təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hazırladığı “Azərbaycanda davam edən repressiyalar” adlı hesabatında qeyd olunur.
Məlumatda bildirilir ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi, AXCP fəalları Murad Ədilov, Elvin Abdullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlar “Vicdan məhbusu” kimi tanınıblar.
Hesabatda Azərbaycan hakimiyyətinin son illərdə həyata keçirdiyi repressiyalar haqqında məlumat verilir. Sənəddə bir neçə siyasi məhbusun azad olunduğu, lakin onların yerinin yeni siyasi məhbuslarla doldurulduğu qeyd edilir və bildirilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbuslar problemini dövr etdirməklə məşğuldur. (Azadlıq.info)