13 yanvarda Abşeron rayon Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin işi ilə bağlı şahid ifadələri dinlənilib. Hadisə yerinə baxış zamanı tərtib olunan protokola imza atmış Sərraf Rüstəmov və Sabir Abışov orada yazılanları görmədiklərini bildiriblər. Onlar boş blanka imza atıblar.
Seymur Həzi bildirib ki, 2010-cu ildə inzibati qaydada həbs olunub, Binəqədi müvəqqəti saxlanma məntəqəsində iki nəfər mülki şəxs gəlib ona fiziki işgəncələr verib. Bununla bağlı iş Avropa Məhkəməsinə gedib. 2011-ci ilin martın 26-da jurnalist 6 nəfər mülki geyimli, maskalı şəxslərin onu oğurladığını, işgəncələr verdiyini bildirib. Bu iş də açılmayıb. Jurnalist deyib ki, 2013-cü ildə Türkiyədən qayıdanda Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə sistem sənədlərində göstərilirdi ki, mən ölkəyə girərkən və çıxarkən həm Gürcüstanda , həm də Türkiyədə izlənilmişəm. Bu sənəd operator Fətullayev tərəfindən qeydə alınıb. Seymur Həzi deyib ki, Azərbaycan hökumətinin hələ uzun müddət əvvəl mənimlə bağlı planı olub və bu çox qurama işdir.
Vəkil Adil İsmayılov Seymur Həzinin izlənilməsi ilə bağlı sənədin araşdırılması, protokolun tərtibində iştirak edib, amma sənəddə adı göstərilməyən Fuad adlı müstəntiqin ifadə verməyə çağırılması haqqında vəsatət verib. Hakim müstəntiqin məhkəməyə gətirilməsi ilə bağlı vəsatəti təmin edib.