Sentyabrın 12-də Sumqayıt Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi məhkəməsi keçirilib. Prosesdə iştirak edən Meydan TV əməkdaşının sözlərinə görə, jurnalist məhkəməyə gətirilməyib. Apellyasiya Məhkəməsi isə Seymur Həzinin barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Seymur Həzinin vəkili Elton Quliyev məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriləcəyini deyib.
Seymur Həzi avqustun 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Jurnalist evdən şəhərə gələrkən, Ceyranbatanda tanımadığı bir nəfər ona yaxınlaşıb və “facebook” vasitəsilə göndərdiyi mesaja niyə cavab vermədiyini soruşub. Daha sonra həmin adam cavab belə gözləmədən Seymur Həzinin üzərinə hücum çəkib, ona bir neçə zərbə endirib. Seymur Həzi isə özünü müdafiə etmək istəyib. Bundan sonra Seymuru həbs edərək, guya həmin adamı döydüyünü, başına butulka ilə vurduğunu deyiblər.
Seymur Həzinin barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilmişdi.