“Son həbslərlə İlham Əliyev onu tənqid edənlərə qarşı dözümsüz olduğunu nümayiş etdirdi”
İyulun 28-də Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə jurnalist Seymur Həzinin şikayətinə baxılıb.
Seymur Həzi hakim heyətinə etiraz edərək bildirdi ki, indiki heyətin onun şikayətinə baxılmasını istəmir: “Əgər məhkəmə sənədlərində mən cinayətkar kimi göstərilmişəmsə, artıq hakim heyətinin mövqeyi məlumdur”.
Hakim məhbus jurnalistin vəsatətini baxılmamış saxlayıb.
Vəkil Adil İsmayılovun məhbusun “dəmir barmaqlıq”lar arasından çıxarılması və Məhərrəm Həsənovun məhkəməyə gətirilməsi ilə bağlı vəsatəti təmin edilib.
Jurnalist Seymur Həzi məhkəmədən ədalət gözləmədiyini bildirib: “Son həbslərlə İlham Əliyev onu tənqid edənlərə qarşı dözümsüz olduğunu nümayiş etdirdi. Məndən sonra “Azərbaycan saatı”nın rəhbəri Qənimət Zahidin yaxınlarının həbsi dediklərimi bir daha təsdiqləyir. Baxın, məni və Natiq Ədilovun qardaşını həbs etdilər. İndi də Zahidovlara qarşı repressiyalar “Azərbaycan saatı” ilə bağlı olduğunu təsdiqləyir. Mənim heç bir cinayətim olmadığı halda həbs olunmağımı birbaşa siyasi sifariş hesab edirəm. Ona görə hakim heyətindən ədalət gözləmirəm”.
Deyilənlərə cavab olaraq hakim Nazim Mövsümov bildirib ki, onların da şərəfi var, ona görə sonuncu cümlənizdə hörmətsizlik hiss olundu.
Seymur Həzi hakimin dediklərinə belə reaksiya verdi: “Hər kəs vicdanlı olduğu qədər qərar vermək qabiliyyətinə malikdir. Bu mənada proses boyu özünüzü nə qədər ədalətli aparacağınızı görəcəyik”.
Növbəti vəsatət Məhərrəm Həsənovun telefon danışıqlarının siyahısının çıxarılması barədə oldu, vəsatət açıq saxlanıldı.
Hakim məzuniyyətə getdiklərindən prosesi sentyabrın 22-nə qədər təxirə salıb.