Apellyasiya Məhkəməsindən sonra jurnalistdən məhkəmədəki son sözündən imtina etmək istənilib
Yanvarın 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilən jurnalist Seymur Həzi bugündən aclıq aksiyasına başlayıb.
Məlumatı Meydan Tv-yə siyasi məhbusun atası Məşğul Həziyev verib.
Məşğul Həziyev bildirib ki, Apellyasiya Məhkəməsindən sonra Seymur Həzidən məhkəmədəki son sözündən imtina etmək tələb edilib: “Bununla bağlı həbsxanaya xüsusi adam göndərilib və ondan imtina ilə bağlı sənədə imza atılması istənilib. Ancaq məhbus jurnalist bundan imtina edib və ona edilən təzyiqə etiraz olaraq aclıq aksiyasına başlayıb”.
Seymur Həzi 2014-cü ilin avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.