Əvvəllər “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də həmin təcridxanada cəza çəkib
Oktyabrın 8-də həbsdə olan jurnalist Seymur Həzi 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda Meydan Tv-yə jurnalistin atası Məşğul Həziyev məlumat verib:
“Seymur bu gün zəng vurmuşdu. Belə başa düşdüm ki, dünən 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Səsi yaxşı gəlirdi. Dedi ki, yaxşıyam”.
Məşğul Həziyevin sözlərinə görə, oğlu ilə oktyabrın 12-də görüşə biləcək: “Özü hər şeyin qaydada olduğunu dedi. Amma mən onu birinci gün görə biləcəm. Onda da saxlanma şəraiti ilə bağlı daha dəqiq məlumat alacam”.
Seymur Həzi indiyədək Şüvəlandakı 3 saylı təcridxanada saxlanılırdı. Əvvəllər “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də 17 saylı CM-də saxlanılıb.
Seymur Həzi bu ilin yanvarında Abşeron rayon Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Amma Seymur Həzi ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə bağlayır.