Son günlər nəsə çox kövrək olmuşam. İzlədiyim filmlərdə, oxuduğum kitablarda, xoşbəxtlik və iztirabla bağlı ən xırda məqamlar belə gözlərimin yaşarmasına səbəb olur. Düzdür, bu kimi hallar, yəni, kitablardan, filmlərdən təsirlənib, həssaslıq nümayiş etdirməyim həmişə olub, amma bu vəziyyətimlə heç rastlaşmamışdım. Bilmirəm, bu həssaslığımın sərhədlərinin genişlənməsidir, yoxsa yaşadığım hadisələrin məndə yaratdığı xüsusi haldır. Bildiyim odur ki, bu vəziyyət qısa müddətdir mənimlə bərabərdir. Bir də ki, son vaxtlar yaşadığım son hadisələrə diqqət yetirdikdə, orada neqativ köklü nüanslar o qədər də çox deyil.
Hər nə isə, göz yaşları ilə bağlı məsələni vurğulamağıma səbəb var. Deməli, bu yaxında Seymur Baycanın “Yaddaş haqqında” yazısını oxuyanda gözlərim yaşardı. Həmin yazı özü-özlüyündə hər kəsi əhatə edən və təsirli yazıdır. Adam onu oxuyarkən mütləq özü ilə bağlı müəyyən xatirələrə dalır.
Açığı, keçmişi arzulayan, keçmişlə yaşayan biri deyiləm, qabağa baxmağı özümə prinsip eləmişəm, ancaq bu nostalji məni keçmişə aparıb, orada bir xeyli gəzdirdi. Keçmişə səyahət hətta başımı da gicəlləndirdi.
Gözlərimin yaşarmasına səbəb olan təkcə həmin gözəl yazı olmadı. Müəllifin belə işıqlı və peşəkar olması da məni çox təsirləndirdi. Seymur Baycan bir yazıçı kimi qəlbimdə xeyli duyğuların, hisslərin yaranmasına səbəb olub. Seymurla canlı olaraq cəmi 4 dəfə görüşmüşük. Bunların dördü də təsadüf olub və mən həmin təsadüfü görüşləri çox yaxşı xatırlayıram. İlk dəfə Seymura xoş bir bahar günündə Bulvarda rast gəlmişdim. O vaxtlar o, məni heç tanımırdı da. Yaxınlaşdım, salamlaşıb, tanış olduq. İstifadə etdiyim əlil arabama necə diqqətlə baxdığını sezdim. Qaşlarını çatması, üzündə təəssüf hissinin izləri və mənimlə danışdığı həmin 2 dəqiqədə arabama dikilən baxışlar bu gün də yaxşı yadımdadır. Bəlkə də onda hansısa öz probleminə görə kefsiz idi, nə bilmək olar. İstənilən halda bizim ilk rastlantımız belə olmuşdu və yenə təkrar edirəm, mən bu görüşü yaxşı xatırlayıram.
İkinci dəfə onunla yenə də təsadüfən 28 may küçəsinə yaxın yerdə maşın yolunu keçərkən rastlaşdıq. Yanında dostları vardı. Bu dəfə onu kefikök gördüm. Hətta mənimlə zarafat da elədi. Qısa hal-əhvaldan sonra sağollaşaraq, hərəmiz öz istiqamətimizə yönəldik.
Üçüncü dəfə Seymurla Natəvanın heykəlinin yanında rastlaşdıq. Bir az söhbət etdik, yazmağın önəmindən danışdı. Onun Əli Amirin “Günah keçisi” barədə məqaləsindən söhbət açdım və həmin roman barədə özüm də esse yazmaq istədiyimi ona çatdırdım. Müsbət qarşıladı və bir az da İsrail dövlətinin inkişaf tarixindən danışdıq. Bir dəfə ayrıca xüsusi gün təyin edib, bolluca söhbət etmək barədə təqribi plan da qurduq. 4-cü dəfə Seymurla “Tarqovı”dakı “Araz” kafesində rastlaşdıq. Məni gördü, stola yaxınlaşdı, hal-əhval tutub yerinə döndü. Onun oturduğu stolda Aqil Abbas və tanımadığım 35-37 yaşlarında bir kişi də vardı. Düzünə qalsa, Seymuru Aqil Abbasla görməyə məyus olmuşdum. Təbii ki, bu, onun şəxsi işidir və o görüşün motivi barədə məlumatım yoxdur.
Daha sonra Seymur Gürcüstana köçdü. Burda onunla planlaşdırdığımız görüş baş tutmadı. Bir dəfə Tbilisiyə yolum düşmüşdü, orada olduğum 4 saat ərzində vaxt qıtlığından onunla görüşə bilmədik. Ümid edirəm, qəlbimi ovudan həmin adamla bir gün mütləq görüşəcəyik.
Mən, Seymur Baycanı Azərbaycanın təbii sərvəti hesab edirəm! Bu ifadəmdə qətiyyən yaltaqlıq, yersiz tərif və pafos yoxdur, xeyr. Kimsə burda mübaliğə işlətdiyimi düşünə bilər, ancaq fikirlərim tam səmimidir. Belə qənaətə gəlməyimdə təbii ki, subyektiv nüanslar var, amma ümumi vəziyyəti təhlil edərək, bu fikirə gəlmişəm. Onun yazılarında xalqımızın inkişafı üçün çox qiymətli fikirlər var. Həmin yazılar, bir növ təzə formalaşmağa başlayan cəmiyyət üçün həm peyvənd, həm də bol vitaminli dərman kimi istifadə edilə bilər.
Seymur öz müsahibəsində qeyd etmişdi: “Həyatdakı əsas amallarımdan biri məndə olan informasiyanı bölüşmək, paylaşmaqdır”. Seymurun bizimlə bölüşdüyü informasiyalarda həm ruhunun, həm də zəkasının işığı var. Bu gün bir xalq olaraq aydınlığa çox böyük ehtiyac duyuruq. Seymur o işığı, öz ruhundan və zəkasından süzüb, filtir edərək, bizə o gözqamaşdırıcı işığı rahat qəbul etməyimiz üçün yollayır.
Prinsiplərin formalaşmasında ətraf mühitin və dostların nə qədər rolu varsa, eyni zamanda insanın oxuyaraq mənimsədikləri də, bir o qədər səciyyəvi təsirə malikdir. Seymurun məqalələri prinsiplərimin qüvvətlənməyində böyük rol oynadı. Özünüinkişaf, daxili islahatlar, əzmkarlığımın və mübarizəmin bütövləşməsində bu adamın böyük rolu var. Hər dəfə onun yazılarını oxuduqca, həyatımdakı hadisələrlə paralellər aparır, mövcud və baş vermiş situasiyalara yanaşmamı yenidən təhlil edirdim. O təhlillərdən obyektiv dəyərləndirmələr çıxarıb, özümdə dəyişikliklər etdim. Bunlar təbii ki, müsbət dəyişikliklər oldu. Etiraf edim ki, əvvəllər müəyyən despotizmə və qeyri-tolerantlığa malik idim. O yazılarla dəyişdim, çünki dəyişmək istədim. İnsan dəyişmək istəyəndə, dəyişir. Buna görə Seymura çox minnətdaram.
Bizim ailədə Seymuru çox sevirlər. Onun yazılardan hamı özünə pay götürür. Axşamlar valideynlərimə Seymurun məqalələrindən oxuyuram. Həmin məqalələri ucadan oxumaq özümə də çox ləzzət edir. Valideynlərimin təfəkküründə xeyli gözəl dəyişikliklər yaranıb. Bu hal məni çox sevindirir. Hətta o yazılardakı sitatları atamla-anam bizə qonaq gələn digər qohumlarımıza, ailəvi dostlarımıza da çatdırırlar. Valideynlərim mentalitetin yaratdığı iyrənc halları pisləməyə başlayıblar.
Anam o gün deyir ki, Seymur Baycan ailə həyatı qursa, nəzir verəcək. Bunun səbəbini soruşdum. Cavab verdi ki, o cür ağıllı adamların, ağıllı övladları ola bilər: “Ağıllı gələcəyə, nəsilə ehtiyacımız var. Belə adamlar çox azdır. Seymur Baycanların çoxalmasını arzulayıram. Həm də istəmirəm o adam tənha qalsın. Onun xoşbəxt olmağını və özünə layiq aydın bir xanım tapıb, evlənməyini istəyirəm”.
Anam yaxşı bilir ki, Seymur evlililik məsələsinə necə neqativ yanaşır və o, bu məsələyə tipik evdar qadınların məişət üslubu ilə mental prizmadan yanaşmır. Anam müasir və oxumuş qadındır və onun bu istəyində öz övladına qarşı arzuladığı doğma nəsnələr var, bilirəm. Bəlkə də Seymur bu ifadələri oxuyarkən o qədər də sevinməyəcək, amma anamın bu səmimi fikirlərini bura yazmağa qərar verdim.
Seymur Baycanlardan çox olsun!