Seymur Baycan və Günel Mövludun ”çinovnik davası”

Bəsitliyin təhlükəsi

Source:

Soruşacaqsınız ki, 4 ay, 5 ay kecib, niyə bu məsələyə yenidən qayıdıram?

Haqlısınız, amma bir qədər düşünsəniz, bu ləngimədə cavab taparsınız. Həm yaş, istəsən də, istəməsən də, ləngiyirsən. Həm bu il, keçən maydan bu tərəfə, həyatımın ən ağır ili…

Artıq informasiya axınında yaşamıram. Mənə aid yazılar belə, məni gec tapır. Əksər hallarda fikir vermirəm. Mübahisələrdən qaçıram. Yeni təkan mövzuya qaytarmasa.

Bu dəfə belə oldu.


Niyə Seymur Baycana “vəzifə” vermək olmaz.

Mən “kultura.az” portalının təsisçilərdən biri idim. Portalda bir kitablıq yazılar çap etmişəm. Əsas meyarım, bəsitlikdən qaçmaqdır. Düz oldu, əyri oldu, mənlik deyil. Zamanın işidir. Üzdə olan fikir olmasın.

Toplanmış yazılarımı kitab şəklində çap etmək olardı. Nə vaxtım var, nə həvəsim.

Son yazımı (Toğrul Cuvarlı ilə birlikdə) “kultura.az”a təqdim eləyəndə məlum oldu ki, portalın senzoru var. Sahibi də demək olar. Bütün məsələlərə tək o baxır, “hə” də o deyir, “yox” da. Bəziləri haqqında müsbət söz demək qadağandır, “olmaz” vəssalam, mütləq ifşa eləməlisən, senzorun ürəyindən olmalıdır.

Doğrusu, əsəbiləşdim. Volterin məşhur sözləri yadıma düşdü: “mən sizin fikrinizlə razı deyiləm, amma ömrümü verərəm ki, fikrinizi deyə biləsiniz”.

Volterin sözlərinə də ehtiyac yoxdur. Söz deyilməlidir, fikrə qadağa olmaz, hər bir senzura forması dağıdıcı olduğuna görə cinayətdir. Bu aydın sözləri təkrar deməyə ehtiyac da yoxdur.

Düşündüm ki, hamı bu sadə həqiqəti başa düşür, düşündüm ki, başqa təsisçilər də mənimlə həmrəy olacaq, etirazlarını bildirəcək.

Yanıldım. Nə etiraz oldu, nə qiyam. Mənim adım silindi, başqaları qaldı.

Başa düşdüm ki “kultura.az” portalı ya bir nəfərindir, ya da artıq dərnəkdir, dəstədir, ruslar demişkən “tusovkadır”. Başqalarına giriş qadağandır.

Həqiqət naminə deməliyəm ki, bütün təsisçilərə müraciət etməmişdim. Rəylərini bilmirəm.


İsa Hüseynov və Heydər Əliyev.

Neçə ildir kitab yazıram. Siyasətdən uzaqdır, birbaşa siyasət yoxdur. Mədəniyyət var, sənət var, yazı, film, tamaşa, və s.

Elə oldu ki, kitabla bağlı İsa Hüseynovun “Tütək səsi” əsərini yenidən oxudum. Yenə o fikrə gəldim ki, ədəbiyyatımızın, nəsrimizin, ən parlaq əsərlərindən biridir.

Bəzi başqa əsərlərini, intervyularını oxudum. Onun İsa Muğannaya çevrilməsi haqqında düşündüm.

İsa Huseynovun Heydər Əliyev haqqında dedikləri diqqətimi çəkdi. Yazıçının dediyinə görə, onu antisovetlikdə ittiham eləyirdilər, Heydər Əliyev onu qəbul etdi, müdafiə etdi, məsləhətlər verdi.

İttiham etməkdən, son verməkdən qaçaq. Tələsməyək.

Ən azı iki bəsitlikdən qaçmağa çalışaq.

“Hakim–sənətkar” münasibətləri mürəkkəb və ziddiyyətli mövzudur. Təəssüf ki, (mənim üçün bu təəssüfdür, amma başa düşürəm ki, “təəssüflüyüm” özü bəsitdir) böyük sənətkarlar da, böyük alimlər də, bir çox hallarda, “ideal” olmur. Bununla belə, mövzu olduqca vacibdir. İstəyərdim ki, kimsə “Pasternak-Stalin”, “Soljenitsın-Putin” kontekstində (başqa adlar da çəkmək olar) “İsa Hüseynov – Heydər Əliyev “ münasibətlərini araşdırsın. Bir çox qatları üzə çıxartsın. Təbii, araşdırma bəsit olmasın.

Başqa bəsitlik. Keçirəm mülahizəmə, fərziyəmə. Düzlüyünə, əyriliyinə cavab verə bilmərəm.

Çox ehtimal ki rəhbər öz aləmində yazıçıya “qayğı” göstərdi. Öyrətdi ki, eybəcərliklərimizi gizlət, qeyri-adiliyini düzəlt, qəribə qırışlarını hamarla, yaxud başqalarına göstərmə. Həyatı dəyişdirməyəcəksən, amma hamar olsan, siyasətçi olsan, mənim sözümü eşitsən, uğur qazanarsan, san, ad, pul, ailə rifahı, normal insan həyatı. Onda mən, rəhbər, sənə daimi himayə ola bilərəm.

Düzdü, əyridi, mənim ehtimalımdı.

Bircə onu deyə bilərəm ki, bu “bəsitlik təklifi”, cazibəli olduğu qədər, təhlükəlidir.

Tilsimindən indi də çıxa bilmirik.

Uğur naminə özümüz özümüzdən imtina etməyə hazırıq.


Professor “çinovnikdən” tərif yaza bilərmi?

Əvvəla onu deyim ki “İsa Hüseynov – Heydər Əliyev “ münasibətlərinin mənə heç bir aidiyyətı yoxdur. Nə sənətkaram, nə hakimiyyətlə münasibətlərim olub, nə heç vaxt hakimiyyətdən şirnikləndirən təklif almamışam. Təcriddə yaşamağı üstün tutmuşam, bəxtim gətirib, qadınım məndən başqalaşmaq, ictimai nemətlərdən daha çox dadmaq söhbəti aparmayıb. Bir sözlə, belə yaşamışam, belə yaşayıram, və belə seçimimdə nə bir fədakarlıq, nə də bir qəhrəmanlıq görürəm. Bəlkə əksinə, bəlkə bu kişiyə yaraşmayan, qadın himayəsindən artıq utanmıram… Bütün hallarda, xahiş edirəm, tələsik, bəsit qərar verməyin…

Günel Mövludun yazısını bu gün oxudum (dediyim kimi, məndə belə alındı, günahımdan keçin) və çox təəssüfləndim.

Açıq deyim, bəsit yazıdır.

Həmişə demişəm. Fikir söyləyirsiniz, çox gözəl, düşünün ki, bu bir otaqdır, qapısını açın, keçin başqa otağa. Bacardıqca bir neçə otağın qapısını açın, bacarmadınız, heç olmasa, qapını açıq saxlayın. Yoxsa qapılar bağlıdırsa, sizin ifşa jestiniz, sizin istəyinizdən asılı olmayaraq, gülünc alına bilər.

Yazıdan bir neçə misal gətirim.

Günel xanım yazır : “sayt rəhbərliyi tərifnamə, yarınma, tamada tərifi tipli yazıları doğru hesab etmədiyindən, Rəhman müəllimin yazısını sayta yerləşdirməyib”

… Bu “rəhbərlik” kimdir, cəm şəklindədilər (“yerləşdirməyiblər”), hamılıqla qərar veriblər? Günel xanım özü dediklərinə inanır?

Bir də Günel xanımın fikrincə təsisçilərə “rəhbər” demək olar, yoxsa, yox?

… Doğrudanmı Günel xanım “tamada tərifi tipli” yazıları başqa “tipli” yazılardan seçə bilmir? Doğrudanmı, o yazını oxuyub (o mifik “rəhbərlər” kimi)? Yoxsa, o da sinfi münasibətdən çıxış edir. “Olmaz”la söhbət bitir.

Günel xanım yazır: “gənclərin tribunası kimi tanınan”

…Hansı “gənclərdən” söhbət gedir? Bu bircə yaşdır, yoxsa başqa meyar da var?

Təsisçilərin yaşına gəldikdə, onlara nəzər edibmi, yoxsa söz naminə bu “gənclər” yada düşüb?

Günel xanım yazır: “Rəhman müəllimə hər zaman böyük hörmətim olub… (“tost tipli” davamını ixtisar edirəm)

… Sözünü özüm davam edirəm: “amma məlum olub ki Rəhman müəllim biz ona cızdığımız yolla getmir. Biz ona təəssüfümüzü bildirməliyik və başa salmalıyıq ki, ağıllansın, dəstəmizə qayıtsın”. Düzmü ifadə eləyirəm, yoxsa artıq “hörmətə” qayıtmaq mümkün deyil?

Günel xanım yazır: “Tutaq ki, lap yazdıqları həqiqətdir. Lap elə hər şey yazdığı kimidir. Professor bunu niyə yazmalıdır ki? Ziyalı niyə «çinovnik» barədə tərif yazmalıdır axı?”

… Şərh etməyə ehtiyac görmürəm.

Günel xanım yazır: “Kamal Abdullanın istər insan, istər yazıçı kimi hansı keyfiyyətləri var ki, o keyfiyyətlər məsələn, gənc yazıçı Mirmehdi Ağaoğluda yoxdur? Əgər ortada başqa maraq yoxdursa, əgər illah da ki, kiminsə yaradıcılığını, şəxsiyyətini tərifləməyə ehtiyac varsa, professor niyə götürüb, gənc yazarlardan birinin yaradıcılığına, şəxsiyyətinə yazı həsr eləmir?”

… Doğrusu çaşıram, bizim “solçuluğumuz” məni çaşdırır?

Bu “Mirmehdi Ağaoğlu” konkret adamdır, yoxsa məcazi mənada işlədilib? Konkretdirsə, çap etsinlər, yazsınlar, dünyaya xəbər yaysınlar. Bəlkə məndə qoşuldum onlara. Yoxsa məcazdırsa, “zalımlıq” rəmzidirsə, mənlik deyil.

Və niyə ”professor” kiminsə sifarişini qəbul etməlidi? Niyə “gənç yazarlardan” yazmalıdır? Niyə seçimi özü etməməlidir?

Nəhayət onu deyim ki, aparıcı dilim rus dili olsa da, Azərbaycan dilini duyuram, Günel xanımın yazısında üslub xətaları görürəm (məsələn, “Dərc etməyi doğru hesab etmədiyindən”). Hiss olunur ki, birnəfəsə yazır və mətn üzərində işləmir.

Kamal Abdullaya gəldikdə, bircə onu deyim ki, məncə, mədəniyyətimizdə “Dədə Qorqudu” bəlkə ən çox “danışdıran” o olub. Söhbət tədqiqatdan getmir, mədəni mətnlərə münasibətdən gedir. “Danışdırmaq” sözünün işlədərkən, mən Rus tarixçisi Mixail Gefrerin “разговорить историю, разговорить культуру» fikirlərinə istinad edirəm.

Kamal Abdullanın “Gizli Dədə Qorqud” kitabının girişində bunlardan yazmışam.

Günel xanım o girişi də “tost tipli” yazı saya bilər.


Özüm özümün vəkili

“Azadlıq radiosunda”intervyuma belə başlıq vermişdilər “Özüm özümün bioqrafı”. İndi özüm özümün vəkili oluram.

Günel Mövludla iki dəfə bir neçə saat söhbət etmişik. İnanıram ki, həssas qadındır , məni duya bildi.

Bu ilimə qayıdım. Ağlaşmanı da, kədəri də, kənara qoyaq.

İstəsəm də, istəməsəm də, həyatımı təftiş etməli oldum. Özümü də, yaxınlarımı da, ətrafımı da, dünyanı da.

Dindar olmadım, itkinin mənasını tapa bilmədim. Ekzestensialistlər köməyimə gəldilər. Absurd içində ləyaqət. Məna tapmadıqda sınmamaq.

Ağrını gizlətmirəm, amma heç kəsdə, heç nədə təsəlli axtarmıram.

İndi Günel xanımdan soruşuram, onun fikrincə mənim yüksək rütbəli məmura (“çinovnikə”) “yarınmağımın” məqsədi nədir? Mən ondan nələri gözləyə bilərəm? San, şöhrət, pul, mənzil, xarici səfərlər? Bəlkə “Fəxri xiyaban”, heç olmasa “ikincidə”?

Bir də təkrar edim, bəsitlik böyük təhlükədir. Təəssüf ki, qaçılmaz təhlükədir.

Ziyalılarımız, hələ əsl fəlakətlərimiz başlamamış, imkan daxilində, o bəladan çəkinməlidilər.


“Meydan”a tövsiyyəm

İmkan daxilində sinfi yanaşmadan qaçın. “Bizimkilər” dəstəsinə, “bizimkilər” dərnəyinə çevrilməyin.

Ana səhifəMənim FikrimcəSeymur Baycan və Günel Mövludun ”çinovnik davası”