Seymur Baycandan Referendum Aktına münasibət
Sentaybrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək.
Seymur Baycanın sözlərinə görə, ötən əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cümhuriyyəti camaatın siyasi iradəsini ifadə etmirdi: “Savadsız adamların cümhuriyyətdən xəbərləri yox idi. Adamlar siyasiləşməmişdilər. Cəhalət, savadsızlıq tüğyan edirdi. Ona görə də ruslar gələndə çox az qrup adam istisna olunmaqla, camaat bunu işğal kimi qəbul etmədi. Siyasi şüuru formalaşmamış, respublika qurmamış adamlar, respublikanın yıxılmağını necə işğal kimi qəbul edə bilərdilər? Düzdü sonralar bəzi yerlərdə narazılıqlar oldu. Amma bu sistemli narazılıqlar deyildi. Bu narazılıqları daha çox din xadimləri yaradırdılar. Şayə yayırdılar ki, bolşeviklər hamını – arvadları, kişiləri bir yorğan altında yatırdacaqlar. Arvad, kişi hamı ümumi olacaq. Ciddidən bu şayə, o vaxt çox geniş yayılmışdı və bolşeviklərə ciddi problem yaratmışdı. Bakının özündə də inqilabi işlərdə camaatımız çox passiv iştirak edib. 26 Bakı komissarlarının siyahısına baxsaq, orda cəmi iki müsəlman familyasına rast gələrik. Sonradan Azərbaycan sovet yazıçıları qalaq-qalaq əsərlər yazdılar ki, guya Bakıda və əyalətlərdə gedən inqilabi fəaliyyətdə müsəlmanlar da aktiv iştirak edib. Bu haqda
“Qədir necə inqilabçi oldu”
adlı yazıda daha geniş yazmışam. Deməyim odur ki, hər bir xalq gec-tez öz siyasi iradəsini ortaya qoyub, hansı quruluşa layiq olduğunu nümayiş etdirməlidi. Bir dəstə oxumuş adamın respublika qurması, yaxud Atatürk kimi bir adamın Türkiyədə ortaya çıxıb, sərt islahatlar aparıb, modern xalq yaratmaq istəməsi, ya da bir dəstə ziyalının yazıb-pozması hər şey demək deyil”.
Yazarın fikrincə, azərbaycanlılar Şərqdə ilk Demokratik Respublika qurmaları, qadına səs hüququ vermələri ilə çox fəxr edirlər: “Hansı qadına səs vermək hüququ verilmişdi. Qadın var idi ki, gedib səs də versin. Kim gedib səs verəcəkdi? Düzdü istiqamət, niyyət çox xoş idi. Amma qadının səs verməsi üçün gərək onu əvvəlcə dinin, mentalitetin əsarətindən azad edib,savadlandırasan. Kişinin əşyası sayılan qadın necə gedib səs verəcəkdi? Onları heç evdən çölə buraxmayacaqdılar. “Molla Nəsrəddin” jurnalında bir karikatura vardı. Qadınlar məhbəsin pəncərəsinə həsədlə baxırlar. Azərbaycanlı qadın binanı rəfiqəsinə göstərərək deyir: “O pəncərəli evdə yaşayanlar nə xoşbəxtdir”. Amma bu evin həbsxana olduğunu bilmir. Sağ tərəfdə isə “müsəlmankaların evi” var və bu ev pəncərəsizdir. Xülasə, Allaha şükür indi məlum olacaq ki, doğrudanmı azərbaycanlılara respublika lazımdı? Yoxsa onlar üçün fərqi yoxdu hansı quruluşda desən yaşamağa razıdırlar. Hər şey konkretləşməlidi, hər şey öz həqiqi rəngini almalıdı”.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
(qaynarinfo)