Seymur – 41

Ən səmimi nifrətin ünvanı

Source:
Seymur Baycan
Seymur Baycan


Ən səmimi nifrətin ünvanı

Bilmirəm, indi var, ya yox, amma biz orta məktəbdə oxuyan dövrlərdə “Xatirə dəftəri” tutmaq dəb idi. Bu dəftərə məktəb yoldaşları üçün 10-11 sual yazılırdı, yoldaşlar da bu suallara cavab verib, həyat, sevgi, gənclik barədə kədərli şeirlər yazır, şeirlərin kənarlarını rəngli flamasterlə xaotik bir tərzdə bəzəyir, dəbdə olan hind və ya türk aktyorlarının şəkillərini yapışdırıb, geri qaytarırdılar.

Yadımdadır ki, belə dəftərlərdə həmişə mütləq belə bir sual olurdu “qızla oğlanın dostluğuna inanırsınızmı…”. Bir çox məktəbli də bu suala “qızla oglanın dostluğu tutmaz, tutsa da sonra sevgiyə çevrilir” kimi dərin-fəlsəfi, psixoloji-uzaqgörən cavab yazırdılar.

Mən azərbaycanlıların daima cavab axtardığı və hələ də tapa bilmədiyi bu suala, dilemmaya sonralar da müxtəlif qruplara, yerlərdə, ailələrdə, insanlarda rast gəldim. Onlar daima bu sualı təkrar edir və çox vaxt da mənfi cavablar alırdılar. Oğlanla qızın dostluğu tutmaz. O zamandan məni həmişə düşündürüb ki, əcəba, niyə bizim xalq bu sual barədə belə dərindən düşünür, niyə bu sualı özünə dərd edib, bir sözlə, onlar niyə dincəlmir?

Daha sonralar gördüm ki, müdrik, uzaqgörən xalqımız bir az da haqlıdır, çünki ölkədə, doğrudan da, qadın-kişi, ümumiyyətlə, cinslərarası dostluq mədəniyyəti yoxdur. Cəmiyyətmi, dinmi, mentalitetmi, ənənələrmi, hər nələrsə insanları cinslərə elə bölüb və aralarında elə bir sədd qoyub ki, cinslər bir-biri ilə ünsiyyətdə, münasibətdə bir-birilərinin cinsiyyət orqanı barədə düşünmədən dura bilmirlər. Necə ki, cəmiyyət kişi ilə qadının fərqli cinsiyyət orqanlarına sahib olduğunu və aralarında mütləq bir cinsi əlaqə ehtimalını, perspektivini yaddan çıxara bilmir, eləcə də cinslər bu ehtimalı düşünmədən münasibət qura bilmirlər.

Hərf tanımayanından ali təhsillisinə, fəhləsindən siyasətçisinə qədər kişi qadınla iş, dostluq münasibətlərinə bu ehtimalı gözardı etmir, qadın da ona insan, dost kimi yaxınlaşan kişinin müstəqbəl əri olacağı imkanı barədə uzun-uzadı düşünür. Bu ehtimal, bu imkan, bu düşüncələr iki cinsə imkan vermir ki, bir-birini insan kimi tanısın, bilgilərindən, zövqündən faydalansın, imkan düşəndə hansısa köməyinə ümid eləsin, bir sözlə, adam balası kimi ünsiyyətdə olsunlar.

Bu baxımdan, mən Azərbaycanda özümü ən çox bəxti gətirmiş qadınlardan biri hesab edirəm. 22 yaşımda ölkənin ən maraqlı, ən müasir kişilərini tanıdım. Rasim Qaracanı, Zahir Əzəməti, Xalid Bağırovu, Aqşini, Seymur Baycanı, Fahruz Şamıyevi…Daha sonra Əli Əkbəri, Elmir Mirzəyevi…Onlar mənə başqa cinsdən olan bir obyekt kimi yox, insan kimi, şairə kimi yanaşdılar. Kitablarından, oxuduqlarından, bildiklərindən, fikirlərindən faydalandım. Əllərindən gələn köməyi əsirgəmədilər. Biri tanış redaktora şeirlərimi apardı, biri oxumağa kitab verdi, biri söhbətləri ilə beynimi təzələdi. Mən həmişə bu adamları xatırlayanda, anlamışam ki, mən olmasaydım, onların həyatında heç nə dəyişməyəcəkdi, amma onlar olmasaydı, mən heç vaxt Günel Mövlud ola bilməyəcəkdim. Xüsusilə Seymur…

Seymurla illər uzunu dostluq etsək də, nə qədər yaxın olsaq da, gəzmədiyimiz şəhər, kənd, dağ, meşə, otel, ev, məclis qalmasa da, o, mənim üçün həmişə müəmma olaraq qalır. Bəzi məqamlarda sonsuz səbri, bəzi məqamlarda müstəsna hövsələsizliyi, yazıda görünməmiş qırmızılığı, ünsiyyətdə bəzən adamın zəhləsini tökən utancaqlığı, ciddi hadisələrdə fenomenal duyumu, həssaslığı, ədəbiyyatı dərindən hiss eləməyi və təpədən-dırnağa qədər ədəbiyyata bağlılığı ilə…Seymur elə adamdır ki, o, çoxdur, boldur, ondan nə qədər adam, nə qədər daşıyıb aparır, amma sonra görürsən ki, hələ nə qədər şeyi ondan götürə bilməmisən.

Seymur elə bir adamdır ki, mən onunla ünsiyyətdə olmadan keçirdiyim hər gün nə qədər şey itirdiyimin fərqinə varıram, bilirəm ki, bu gün nə qədər zəngin ola bilərdi, amma Seymur yoxdur deyə, olmadı. Bilirəm ki, Seymur elə bil bərəkətli torpaqdır, əlini-ağdan qaraya vurmasan da, o, özü sənə nəsə verəcək, ondan mütləq nəsə qopara biləcəksən – emosional anlamda, intellektual anlamda, mənəvi zənginlik anlamında.

Seymur Baycan
Seymur Baycan

Seymur mənə başqalarından bəlkə də çox verib həmişə. Kitablar alıb, vaxtını ayırıb, evinin qapısını açıb, birlikdə oturub mənimlə hind filminə baxıb, zarafatlaşıb, kefimi açıb. Onun ünsiyyəti, söhbətləri mənim üçün həmişə həyat dərsi, müdriklik dərsi olub. Onun sadəcə varlığını, yaxınlığını, dostluğunu, zarafatlarını, danlaqlarını isə könül, ruh bayramı, şənliyi kimi baxmışam.

Seymur bir insan, bir yazıçı, bir fiqur kimi çoxunu narahat edir. O qədər insan tanıyıram ki, onlar normal, mülayim, sakit adam olduqları yerdə, söhbət Seymurdan düşəndə üzləri dönüb, gözlərinin içi qəzəblə dolub, yumruqları düyünlənib, dişlərinin arasından tüpürcək fırçıldada-fırçıldada əsib-coşublar. Belə adamları, onların düşdükləri vəziyyəti görəndə, yarıəsəb, yarıkədərlə düşünmüşəm ki, görəsən, Seymur bu adamlara nə edib? İşdən çıxartdırıb? Haqlarını yeyib? Bank hesablarını bağlatdırıb? Yollarında tir itələyib? Nə edib axı? Tutaq ki, o, lap pis yazıçıdır, yazdıqları, dedikləri xoşunuza gəlmir. Axı bunun sadə bir yolu var, maraq göstərməmək, ciddiyə almamaq, oxumamaq. Nifrət nəyin göstəricisidir? Bir yazıçıya nifrət etmək nə qədər məntiqlidir? Ümumiyyətlə, normal adam yazıçıya nifrət edərmi?

Sonra müşahidə etmişəm ki, bu adamların çoxu nədənsə şəxsi uğursuqluqlarının, narahatlıqlarının səbəbini Seymurda görürlər. Məsələn, iqtisadçıdır, amma ona niyəsə elə gəlir ki, Seymur Baycan adlı bir yazıçı olmasaydı, o, daha uğurlu iqtisadçı olacaqdı, işləri daha yaxşı gətirəcəkdi. Belə düşünən siyasətçi, biznesmen, menecer, vəkil – daha nə qədər ədəbiyyata dəxli olmayan adam var. Və ciddi-ciddi düşünürlər ki, Seymur onlara mane olur, Seymur olmasa idi, onlara daha yaxşı olacaqdır.

Paxıllıq, çox murdar hissdir. Bir insana çox şeyi bağışlamaq olar. Amma paxıllığı, özü də bir adamın alın təri, zəhmətlə, inadkarlığı ilə qazandığı tiraja, şöhrətə, paxıllıq etməyi bağışlamaq mümkün deyil. Dünyaya xalq yazıçısının oğlu kimi gəldiyinə görə yazıçı olan, üzünə daim nəşriyyatlar, saytlar, idarələr açıq olan, mükafatları, vəzifəsi, evi, bağı başından tökülən yazıçıya hörmət edib, sadalananlardan heç birinə sahib olmayan, ancaq öz inadı, zəhməti bahasına bir az tiraj, şöhrət, hörmət qazanan yazıçıya dünyanın ən səmimi nifrətini etmək ancaq dərin xəbislikdən, qurdluluqdan, paxıllıqdan xəbər verir.

Seymur bu mənada bir növ indikatordur. Ona olan münasibətdən bir adamın necə insan olmasını bilmək mümkündür.

Seymur həm də fikir daşıyıcısı kimi təhlükəlidir. Məsələn, onun epatajlarının, seksist çıxışlarının təsirinə düşüb, günəşi küləş anlayan və hələ də o təkərdən çıxa bilməyən gənclər var. Bu da onların qeyri-müdrikliyinin, naşılıqlarının göstəricisidir.

Sabah Seymurun doğum günüdür. Mən taleyin qarşıma biloloji və ya başqa bağlarla çıxarıb, bizə sırıdığı insanları deyil, özümüzün zəhmət, ağıl, səbr, sevgi ilə qazandığımız insanları sevirəm. Bəlkə də mən Seymur kimi dosta layiq deyiləm. Amma yenə də onu öz qazancım, xəzinəm hesab edirəm. Və düşünürəm ki, insanların da çoxudan paxıllıq, kin olmasaydı, onu ölkənin xəzinəsi hesab edərdilər.

Ana səhifəMənim FikrimcəSeymur – 41