“20 illik məğlubiyyətləri zəfər kimi müsavatçılara və cəmiyyətə təqdim edənlər geriyə çəkilməlidir”
Müsavat Partiyasının 27 sentyabr qurultayında başqanlığa namizədliyini irəli sürən Səxavət Əlisoy növbəti dəfə partiyadaxili olaylarla bağlı münasibətini açıqlayıb.
Səxavət Əlisoy Facebook səhifəsində müsavatçılara müracət edərək bildirib ki, 11 il əvvəl Müsavat Partiyası iqtidar olmağa çox yaxın idi və cümlə müsavatçılar hakimiyyət barəsində düşünürdü. Bu gün Müsavat Partiyası qurultay keçirmək üçün iqtidardan yer ala bilmir”.
Paylaşdığı müraciətdə başqanlığa namizəd partiyada qrup mənafelərinin önə çəkildiyini hesab edir. O, bildirib ki, 11 il əvvəl partiyanın hər rayon təşkilatında 300-500 və daha çox müsavatçı cəm olmuşdu. Özək və şura iclaslarında qızğın müzakirələr gedirdi. Bu gün bəzi rayon təşkilatlarında könüllü olaraq sədrliyə yaxın duran tapılmır. 11 il əvvəl Müsavatda dəstə, qrup mənafeyi önə çəkilmirdi, partiya bütöv görünürdü, bu günkü duruma qiymət vermək üçün sosial şəbəkələrdə müsavatçıların yazdıqlarına baxmaq kifayət edər. Nədən bu günə düşdük, haradan hara gəldik, populizmdən uzaq durub məhz bunu müzakirə etmək gərəkdir, dostlar”.
O, partiyanın başqanı İsa Qəmbərin qurultayda öz namizədliyini irəli sürməməsini təqdir edib: “Mən də etiraf edirəm, Müsavatın liderdən yana sorunu olmayıb. İsa Qəmbəri bu partiyada hər kəs lider kimi qəbul edib və edir. Eyni zamanda bugünkü duruma görə İsa bəy də daxil, cümlə müsavatçılar, ən başda isə komanda məsuliyyət daşıyır. Müsavat kimi bir partiyanın yükünün böyük hissəsinin partiya başqanının çiynində olması hədəfə çatmaq üçün yetərli deyil, partiyanın nüfuzu təkcə başqana görə deyil, komanda üzvlərinə görə artmalıdır. Başqan nüvə silahına, ballistik raketlərə sahib deyil ki, partiyanı iqtidar etsin. Subyektiv fikrimdir, mövcud komanda 11 il əvvəldən fərqli olaraq partiyanın nüfuzunu artırmaq iqtidarında deyil. İsa bəyin namizəd olmaması qərarını təqdir edirəm. Kənardan çox yox, bir neçə aylıq müşahidə həqiqəti ortaya qoyacaq”.
O, partiyada ciddi islahatlara ehtiyacın olduğunu və mövcud komandanın dəyişməsinin vacibliyini vurğulayıb.
Səxavət Əlisoy yazır: “20 illik məğlubiyyətləri zəfər kimi müsavatçılara və cəmiyyətə təqdim edənlər geriyə çəkilməlidir. Müsavat Partiyası ciddi islahatlara start verməlidir, nədən ki, yenilənməyə məhkumdur. Bu baş verəcəksə, partiya güclənəcək və hədəfə doğru inamla, ümidlə gedəcək. Yenilənmiş Müsavat meydana çıxmasa, partiyanın ən böyük hədəfi iqtidardan 4-5 deputat yeri almaqdan ibarət olacaq”.
Partiya başqanının müavini Gülağa Aslanlı Lent.az-a açıqlamasında Səxavət Əlisoyun fikirlərinə hörmətlə yanaşdığını söyləsə də, onun faktlara əsaslanmadığını bildirib: “Hamının fikrinə hörmətlə yanaşıram. Amma bu fikirlər faktlara əsaslansa, daha yaxşı olar”.