Əlövsət Talışxanlının fəaliyyəti də S.Əlisoyun fəaliyyəti ilə eynilik təşkil etsə də, partiyada əvvəlki fəaliyyətləri nəzərə alınmaqla, ona töhmət verilib
Noyabrın 17-də Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuata xidmətindən Meydan TV-yə verilən məlumata görə, partiyadaxili məsələlərin müzakirəsi zamanı partiya üzvləri Əlövsət Talışxanlı və Səxavət Əlisoyun partiyanın Nizamnamə və Proqramına zidd davranışları müzakirə edilib. Hər iki partiya üzvünün partiyanın Qurultayı, Məclisi, Divanı və digər rəhbər strukturlarının qəbul etdiyi qərarların tanımadıqları, partiyanın Nizamnaməsinə zidd davranışları barədə dəfələrlə təkrar olunan konkret faktlar barədə məlumat dinlənilib.
Partiya üzvlərinin bu Divanın iclasına gəlməkdən imtina etdikləri qeyd edilib. Səxavət Əlisoy Müsavat Partiyasının nüfuzuna xələl gətirən fəaliyyəti, partiya strukturlarına qarşı heç bir fakta əsaslanmadan irəli sürdüyü ittihamlar, partiya strukturlarını tanımadığı barədə verdiyi bəyanatlar, Müsavat Partiyası Nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərini kobud şəkildə pozduğu nəzərə alınaraq Müsavat Partiyasının sıralarından xaric edilib.
Əlövsət Talışxanlının fəaliyyəti də S.Əlisoyun fəaliyyəti ilə eynilik təşkil etsə də, partiyada əvvəlki fəaliyyətləri nəzərə alınmaqla, ona partiya Nizamnaməsinə zidd fəaliyyəti durdurmaq barədə son xəbərdarlıq edilməklə ona töhmət verilib.
Divanda qanunsuz və əsassız ittiham olunaraq həbsxanada saxlanılan Tofiq Yaqublunun səhhətinin pisləşməsi ilə bağlı məlumat dinlənilib. Onun təcili müalicə müəssisəsinə köçürülməsi tələb edilməklə, hüquqi tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
“Güman ki, Müsavat rəhbərliyinin qisas almaq cəhdləri davam edəcək. Kim partiya rəhbərliyinin apardığı siyasətdən narazı olacaqsa, onlardan bu şəkildə qisas almaq istəyəcəklər”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiya sıralarından xaric edilməsinə münasibət bildirərkən deyib.
V.Əyyub Müsavat Divanının S.Əlisoyun partiya sıralarından xaric edilməsi ilə bağlı qərarını qisasa cəhd kimi qiymətləndirib: “Müsavat Divanının qərarı partiya rəhbərliyinin Səxavət Əlisoydan qisas almaq cəhdidir. Çünki Səxavət Əlisoy indi partiyaya rəhbərlik edənlərin legitimliyini qəbul etmir”.