Sevmək və ya sevməmək

Qanunun aliliyi, yoxsa ictimai qınaq?

Source:
Nisə Hacıyeva
Nisə Hacıyeva
Nisə Hacıyeva banner
Nisə Bacıyeva banner


Qanunun aliliyi, yoxsa ictimai qınaq?

Son günlər Erkin Qədirlinin homoseksuallarla bağlı mövqeyi onun homofob olub-olmaması, şəxsi dəyərlərini, yoxsa xalqın istəyinimi səsləndirməsi, Qərbin liberal dəyərlərinə görə davramağa məcbur olub-olmaması və s. mövzularla bağlı bir çox sual yaratdı. Erkin Qədirli öz statusunda homofobiyanı məhz homoseksuallardan qorxmaq, onlardan iyrənmək kimi

tərif edir.

  Özü bu nifrəti nümayiş elətdirmədiyi üçün isə özünü homofob saymır. Lakin buna baxmayaraq, homoseksuallara bütün insan haqlarını şamil etmir. Hazırki yazıda bu suallara cavab tapmaqla yanaşı, ümumiyyətlə, tolerantlıq mövzusunu açmaq istəyərdim. Əvvəla, tolerantlıq mövzusu ilə bağlı bir neçə məsələni qeyd etməyi uyğun görürəm. Jijek tolerantlığı abstrakt, ünvansız və məzmunsuz “sevgi” kimi təsvir edir. Onun fikrinə görə, tolerantlığı seçmiş bir dünya əslində biganəliyi seçmiş bir dunyadır.

Jijek bu təsvirində haqlıdır. Əslində biz tolerantlığı yalnız o zamana kimi göstərə bilərik ki, bu, bizə yad olan obyekt həyatımıza müdaxilə etmir və biz də tolerantlığımızı göstərib onun həyatına müdaxilə etmirik. Jijek bunu bəyənməsə də, insanlar arasında bu razılıq hələ ki, ən uyğun davranış növüdür. Bu biganəliyi sevgiyə çevirmək artıq məcburiyyətə çevrilə bilər. Hətta mən bir az da dərinə gedib cəmiyyətdə nəinki biganəliyi, həmçinin sevgi ilə yanaşı nifrətin də olmasının tərəfdarıyam.

Tolerantlıq özünün primitiv biganəliyində çox önəmlidir. Sevmək gözəldir. Sevə bilmirsən, biganə ol. Biganə ola bilmirsənsə, nifrət et. Sonda sənin nə hiss etdiyin yox, qanunların işləməsi önəmlidir. Bruno Yasenski ” Biganə insanların əlbirliyi” əsərində qeyd edir: “Biganə insanlar nə öldürür, nə də satır, lakin onların səssiz razılığı ilə satqınlıq və cinayət mövcuddur”. Lakin bu cinayət baş verməsin, nifrət təqibə çevrilməsin deyə qanunlar var. Biganəlik öldürmür, qanunda olan boşluqlar, işləməyən qanun mexanizmi, qeyri-qanuni hərəkətlər öldürür. Heç kim bir dindara homoseksualı sevməyi məcbur edə bilməz.

Dininə sadiq olan biri onun qaydalarına görə homoseksuala nəinki biganə qalacaq, hətta nifrət edəcək. Birinə nifrət edən insanı (səbəb nə olursa olsun: din, mentalitet, və ya şəxsi-qərəzlik) sevməyə məcbur etmək nəinki ağılsızlıqdır və doğru deyil, artıq o insanın özünün haqqını pozmaqdır. Erkin Qədirli, nə də bir başqası homoseksualları sevmək məcburiyyətində deyil. Hətta onlardan iyrənməyə belə haqları var. Ümumiyyətlə, kimsə kimsəni sevmək məcburiyyətində deyil. Əslində Erkin Qədirli özünün

təsvir etdiyi

homofobiya anlayışında homofob olsaydı, bu, cəmiyyət, ələlxüsus homoseksuallar üçün daha təhlükəsiz olardı, nəinki onlardan qorxmadığını, nifrət etmədiyini deyərək, hüquqlarını qəbul etməməsi.

Qanunların xitab olunduğu kütlə 3 yerə ayrılır:

1. Qanunlar olmasa belə, cinayət törətməyən, ədalətsiz davranışlar sərgiləməyən kütlə.

2. Qanunların olmasına baxmayaraq, onları pozan, cinayət törədən kütlə.

3. Və ən əsası məhz qanunlardan və cəzadan çəkinib qeyri-qanuni əməllərə əl atmayan kütlə. Və bu 3-cü qrup insanlar dəyişməz olaraq çoxluğu təşkil edir.

Lakin buna baxmayaraq, Erkin bəy öz statusunda qanuna tabe olan polisi ictimai qınaqdan qorumağa çalışır. İctimai qınağı qanundan daha ali bir səviyyəyə qaldırmaq bu qınağı hüquq sistemindən daha çox legitimləşdirməkdir.

İctimai qınaq, iyrənmək, çəkinmək qorxmaq, ikrah hissi və s. – bunların hamısı istənilən insanlar arasında baş verən, müəyyən səbəblərdən yaranan təbii hisslərdir. Lakin iyrənənin, çəkinənin qorxanın ziyanverici əməlindən qorunmaq üçündür qanunlar. Mənim sevmədiyim mədəniyyətlər və insanlar var. Hətta o mədəniyyətin mətbəxindən iyrənirəm, musiqisindən qıcıqlanıram, insanları da mənim nəzərimdə qeyri-adekvatdırlar. Lakin mənim iyrənməyim bu mədəniyyəti daşıyan insanları digər insanlardan daha az haqqa sahib etmir. Əgər mənim kimi iyrənən birisi bu insanın haqqına girməyə, ziyan vurmağa çalışarsa, onu sevən, bu mədəniyyəti bəyənən insan yox, qanun və yalnız qanun qoruyacaq.

Mən çox istərdim ki, Erkin bəy çıxıb desin: “Mən homofobam. Homoseksualları sevmirəm. Eynicinsli əlaqələr və nikahlar mənə iyrənc gəlir. Amma mənim sevməmək haqqım qanundan üstün deyil. Polisin və ya başqa birinin ictimai qınağı qanundan üstün deyil”.

Ana səhifəMənim FikrimcəSevmək və ya sevməmək