Yenə polis skamyada əyləşib sevişən gəncləri cərimələyib. Sevgini cəzalandırmağın dəyəri 50 manatmış. Gəlin, bu “qadağanı” araşdıraq, görək bununla biz sevişən gənclərə nəyi təlqin etmiş oluruq?
“Biz” deyəndə, mən polisləri də, inzibati qadağanı təyin edənləri də, bu cərimə ilə razılaşan adi insanları da nəzərdə tuturam. Təsəvvür edək ki, iki növcavan aldıqları cəza ilə sevişməyin qadağasını görürlər, işin sonrası, həmin gənclərin sevgi haqda təsəvvürləri, səmimiyyət duyğuları necə olsun?
Belə qadağanı onlar öz şəxsi həyatlarında möhür olaraq yaşadacaqlar. Əgər onların səhv etdiklərini düşnürüksə, onda belə çıxır ki, sevişməyi hər yerdə hətta evdə qadağan etmək lazımdır. Asayiş nə üçündür? Onun qorunması kimə, nəyə xidmət etməlidir?!
Asayişin lüğəti mənası əmin-amanlıq, insan rifahı, nizam-intizama aiddir. Bu cəhətlərin heç biri sevgi və məhəbbətə zidd gətirilə bilməz. Sevginin insan həyatında ifadəsi təklikdə deyil, yalnız cütlükdə və çoxluqda mümkündür. Məhəbbətin mənası da, toplum üçün əhəmiyyəti də bundan ibarətdir. Elə isə sevgi münasibətlərini toplum mədəniyyətinə, ictimai asayişə qarşı qoymaq olarmı?!
Kim deyə bilər ki, iki gəncin qucaqlaşıb-öpüşməsi kobudluqdur, və ya çirkin mənzərədir, və ya insan zövqünü və nəhayət asayişi pozur…
İnsan yol hərəkəti qaydalarını pozmaqla, başqasının əmlakına maddi ziyan vurmaqla cəzalandıqda nəinki ictimai yerlərdə, hətta öz evində belə o hərəkətə yol verməmək haqda avtomotik düşünəcək. Yəni hər bir asayiş pozuntusu insan tərbiyəsini, etik davranış qaydalarını tənzimləmiş olur. Bununla vətəndaşın tərbiyəsinə, onun cəmiyyətə inteqrasiyasına şərait yaranır, fərdin cəmiyyətə qovuşmasında onun evdən gətirdiyi əngəllər aradan qalxmış olur.
Bəs sevişməyi qadağan etmək?! Axı insaniyyət sevməyi, seçməyi erkən yaşlarından evdə deyil, cəmiyyətdə, ictimai qurumlarda (bağça, məktəb, universitet və s.) öyrənmiş və qazanmış olur. Bəs, indi necə olsun?! Uşaqlıqdan insanlara sevgini aşılarkən, ona sevgi haqqında böyük əsərləri öyrədərkən, üstəlik, bunun üçün ona yüksək qiymət balı təyin edərkən sevginin özünü yaşamağa imkan verməməkmi?!
Sevginin nəinki ailələrdə, hətta toy mərasimlərində belə səbəbkarların çöhrələrindən əskik olduğunu gördüyümüz bir dövrdə bu qadağaları niyə dirçəldirik?! İnsanlara azadlığı verib-almaq haqda düşünərək, görün, nə böyük eybəcərliklərə rəvac veririk…
Əslində bu eybəcərlikləri biz hər gün yaşayırıq, paytaxtda da, əyalətlərdə də. Parklarda, bağlarda da, xarabalıqlarda da. Görün, hər gün medianı nə qədər zorakılıq xəbərləri bürüyür. İnsanların hansı duyğularla, hansı ağıl proqramları ilə bu dəhşətləri yaşatmalarını çözməkdə müşkül yaşayırıq. Bir çox zorakılıqların, dəhşətlərin, qətllərin sosial-psixoloji motivlərini qısqanclıq və ehtiras deyə oyun alətlərilə sevgiyə calayırıq.
Guya bununla“anlayış” göstərmiş oluruq. İnsanların sevgilərinin son ucunu cinayətlərə və zorakılığa bağlamağa tələsirik, amma səmimi öpüşü anlaya bilmirik, hələ üstəlik qınayırıq. Bəlkə dalaşan, bir-birinin qanını tökən “sevgililəri” anladığımız kimi, öpüşən sevgililəri də anlayaq. Birinciləri mühakimə edə bilmədiyimiz halda, ikinciləri niyə mühakimə etməliyik ki…
Asayiş insanların istirahətinə mane olan, çirkin sözlər və mənzərələrlə pozulur. Hansı ki, bu şəhərin sakinləri olaraq çoxlarımız bu və ya digər şəkildə həm kənardan, həm də şəxsən iştirakçı qismində bir çox kobudluğun, döyülmə, söyülmə faktlarının, o cümlədən, təsadüfi münaqişələrin şahidi oluruq.
Bu eybəcərliklərə polis cərimə qoyurmu?! Söhbət qanunvericilikdən, inzibati xəta təlimatından getmir, polisin məsələyə müdaxiləsindən, işinə vicdanla və peşəkarca yanaşmasından gedir. İşsiz olub, həyatdan usanmayan, həyat eşqini duyğularında, baxışlarında, jestlərində yaşadan gənc insaniyyət bir universitetlərdə müəllimləri tərəfindən, bir də asudə mühitdə ictimai “asayişçilər” tərəfindən pulla yağmalanırlar.
İnsanların tanışıb-görüşmələri üçün, normal səmimi ünsiyyəti üçün bağlar, parklar bu xidməti göstərməməlidirmi?! Onlar yalnız quşların, pişiklərin sevgi, qayğı nümayişi üçün deyil, hər halda insanlar, o cümlədən gənclər sevgi münasibətlərini heyvanlara baxıb öyrənməli deyillər…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.