Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızının ölkədən çıxışına qoyulan qadağanı götürməyib
Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Sevinc Vaqifqızının (Abbasova) ölkədən çıxışına qoyulan yasaqla bağlı şikayətinə baxılıb. Məhkəmə jurnalistin şikayətini təmin etməyib.
Bu haqda jurnalistin vəkili Şəhla Hümbətova Facebook səhifəsində yazıb.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev prosesdə bildirib ki, MeydanTV-nin rəhbərliyi barəsində açılan cinayət işi ilə əlaqədar şahidlərin, o cümlədən S.Vaqifqızının ölkədən çıxmasına qadağa qoyulub.
Vəkil hesab edir ki, şahidin ölkədən çıxışına yasaq qoyulması qanunsuzdur.
“Bu nə müstəntiqi, nə də hakimi narahat etdi”,- deyə Ş.Hümbətova bildirib.
İyulun 25-də Nəsimi rayon Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin S. Vaqifqızının ölkədən çıxışına qoyduğu qadağaya dair şikayətini icraata qəbul etməkdən imtina edib.
Jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətiriliblər. Onlar sentyabrın 21-də idarədən buraxılıblar.
Jurnalistlərin saxlanması ilə bağlı qərar onlara təqdim olunmayıb.