“AbzasMedia işi” üzrə həbsdə olan jurnalistlər – Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüb.
“AbzasMedia işi” üzrə hazırda 7 nəfər həbsdədir. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Sevinc Vaqifqızının Bakıda yaşayan anası Ofeliya Məhərrəmova Meydan TV-yə bildirib ki, övladının yanına – rayona bir neçə saatlıq yol getmək indi daha çətin olacaq. O əlavə edib ki, Sevincin qeydiyyatda olduğu ünvan Bakı şəhəri olduğu halda Lənkəran rayonuna köçürülməsi qanunsuzdur və bununla bağlı məhkəməyə şikayət edəcəklər.
“3-4 saatlıq yol getmək əziyyətdir. Oğlum, yoldaşım da yoxdur ki, hər dəfə məni aparıb gətirə bilsin. Özüm də xəstə adamam, uşağımı görə bilmək üçün saatlarla yol getməliyəm”.
“Sevinc dedi ki, Elnarə də, Nərgiz də, mən də vəkillə danışmışıq məhkəməyə müraciət edəcəyik”, – Ofeliya Şabanova əlavə edib.
Ofeliya Şabanova həmçinin deyir ki, Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev jurnalistlərə qarşı kobud rəftar edib:
“Səhər saat 9-da onlara 1 saat ərzində hazırlaşmalarını deyiblər. Nərgiz etiraz edəndə Cavid Gülalıyev onu itələyib və qızlarla kobud davranıb. Sevinc Cavid Gülalıyevə deyib ki, görünür, yazılarımıza dözməyib, belə reaksiya verirsiniz. Onlara əvvəlcə haraya gedəcəklərini deməyiblər. Lənkəran həbsxanasına çatanda yerlərini biliblər”.
İyunun 26-da "AbzasMedia işi" ilə bağlı həbs edilən digər jurnalistlər hökm qüvvəyə minməmiş Umbakı qəsəbəsində yerləşən təcridxanaya köçürülmüşdülər.
Həmin müəssisəyə köçürülən jurnalistlər bunu qanunsuz sayırdılar.
Vəkil Fariz Namazlı “Facebook” səhifəsində yazıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vaxtilə məhbusların yaşayış yerlərindən uzaq məsafədəki müəssisələrə köçürülməsini qanunsuz sayan qərarlar verib.
