AbzasMedia-nın baş redaktoru, hazırda həbsdə olan Sevinc Vaqifqızı Anna Politkovskaya–Arman Soldin adına Jurnalistikada Cəsarət Mükafatının 2025-ci il üzrə qalibi seçilib.
Bu barədə AbzasMedia-nın direktor vəzifəsini icra edən Günel Səfərova “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, bu mükafat azad mediaya verilən qiymətdir.
“Məncə bu, təkcə “daha bir mükafat” deyil, bu, susdurulmaq istənən səslərə, həqiqətə və azad mediaya verilən qiymətdir. Özü də 30-dan çox jurnalistin peşə fəaliyyətinə görə cazalandırıldığı bir ölkədə”, – deyə Səfərova yazıb.
Mükafatın builki təqdimetmə mərasimi Fransada jurnalistika sahəsində nüfuzlu ali məktəb olan Lill Jurnalistika Ali Məktəbində (The University is ESJ Lille) baş tutub. Münsiflər heyətinə fransız media-kommunikasiya mütəxəssisi, Sərhədsiz Reportyorlar Təşkilatının əməkdaşı Perrin Daubas, belçikalı müstəqil jurnalist və müharibə reportyoru Uilson Faşe və fransız televiziya jurnalisti və reportyor Martin Veyl daxildir. Mükafatı Sərhədsiz Reportyorlar Təşkilatının prezidenti, jurnalist Pyer Haski və fransız-britaniyalı araşdırmaçı jurnalist, sənədli film rejissoru Manon Luazo elan ediblər.
Mükafatın məqsədi xüsusilə münaqişə zonalarında və böhran şəraitində cəmiyyətin məlumatlandırılması kimi vacib missiyanı yerinə yetirən jurnalist və fotojurnalistlərin fəaliyyətini qiymətləndirməkdir.
Vaqifqızı bundan öncə noyabrın 15-də Sərhədsiz Reportyorlar (RSF) təşkilatının təsis etdiyi “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na layiq görülmüşdü. Mükafat təşkilatın Parisdə keçirilən 40 illik yubiley festivalında təqdim olunmuşdu.
Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə 7 nəfər hazırda “AbzasMedia işi” üzrə həbsdədir.
2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.