Sevinc Osmanqızı: Əliyevlər hakimiyyəti tarixi şəxsiyyətlərlə rəqabət aparır

Sevinc Osmanqızı
Sevinc Osmanqızı


“Təhsil ocaqları siyasi təbliğat yeri olmamalıdır”

Bugünlərdə Bakının mərkəzindəki 190 nömrəli orta məktəbdən şəhid Osman Mirzəyevin adı götürülüb. Osman Mirzəyev 1991-ci il noyabrın 20-i Qarabağa uçan vertolyotun göyərtəsində ermənilər tərəfindən qətlə yetirilib. Qarakənd faciəsində Osman Mirzəyevlə bərabər dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov və digər görkəmli dövlət xadimləri də həyatını itirib. 25 ildən bəri şəhid Osman Mirzəyevin adını daşıyan məktəbdə onun şərəfinə olan xatirə guşəsi də yığışdırılaraq, yerində Heydər Əliyev muzeyi açılıb.

Bu barədə Osman Mirzəyevin qızı, hazırda ABŞ-da yaşayan və fəaliyyət göstərən jurnalist Sevinc Osmanqızı ilə söhbət edirik.


Atanızın adının məktəbdən götürüldüyünü necə öyrəndiniz və reaksiyanız necə oldu?

Sosial mediadan, məktəbimizin məzunlarının xatirə səhifəsindən xəbər tutdum. Onlar bu xəbərdən məyus olduqlarını yazırdılar. Atam kimi mən də o məktəbi bitirmişəm. Doğrusu, inana bilmirdim. Ağlasığmazdır.


Adları və heykəlləri adətən xalq düşməni olanda götürürlər. 190 nömrəli məktəb 25 il Osman Mirzəyevin adını daşıyıb. Sizcə, nəyə görə indi götürülür?

Bilirsiz, M.Rəsulzadənin adının oxuduğum universitetdən götürülməsindən sonra heç nəyə təəccüblənmirəm. M.Rəsulzadə xalq düşməni deyil ki… Bu günün özündə M.Rəsulzadənin doğma şəhəri olan Bakıda bir dənə də olsun abidəsi, adına təhsil ocağı yoxdur. Addambaşı Heydər Əliyev muzeyidir. Uzun illərdir ki, Əliyevlər hakimiyyəti tarixi şəxsiyyətlərlə, dövlət xadimləri ilə rəqabət aparır, xalqımızın tarixini unutdurmağa çalışır. Həyatda olmayan böyük şəxsiyyətlərlə, dövlət xadimləri ilə bu rəqabət absurddur. Zənnimcə, atamın adının götürülməsi də Qarakənd faciəsi qurbanları ilə rəqabətin davamıdır.


Bu rəqabəti başqa nədə hiss edirsiz?

Qarakənd faciəsinin qurbanları 25 ildir ki, həyatda yoxdurlar, hələ də onlardan qorxurlar. Ona görə ki, bu insanlar bulaq kimi təmiz ada malikdirlər. Vətənpərvər, mərd olublar, indiki məmurlar kimi rüşvətxor, çirkab içində batmayıblar. Ona görə də millətə Tofiq İsmayılovu, İsmət Qayıbovu, Məhəmməd Əsədovu, Osman Mirzəyevi unutdurmağa çalışırlar. Ermənilərdə bu cür yüksək səviyyəli dövlət adamları öldürülsəydi, dünyaya bar-bar bağırardılar. Onların məzarı Fəxri Xiyabanda düz Heydər Əliyevin məzarının yanındadır. Bura gələn xarici qonaqlara erməni terrorunun qurbanlarını göstərmək çətindir?

İroniya burasındadır ki, bu il Qarakənd faciəsinin 25 ili tamam olur. Bundan yararlanıb, təmsilçi hakimiyyət olmağa çalışmaq, onlara layiq olduqları “milli qəhrəman” adını vermək, adlarına yeni məktəb, muzey açmaq əvəzinə, olanı da götürürlər.


Bəs Osman Mirzəyevin muzeyi necə oldu?

Bu, məktəbin nəzdində kiçik bir guşə idi. Burda məktəbin 40 ildən bəri direktoru işləmiş, ağbirçək müəllimə Sona Tağıyevanın da büstü var idi. 190 nömrəli məktəbin məzunları üçün Sona müəllimə elə məktəbin tarixi deməkdir. Bütün bunlar yığışdırılıb, yerində İlham Əliyevin stendləri, Heydər Əliyevin muzeyi salınıb. Açılışda İlham Əliyev özü iştirak edib.

Ümumiyyətlə, məktəblərimizdən siyasi təbliğat yığışdırılmalıdır. Bunu qadaqan edən qanun olmalıdır. Təhsil ocaqları siyasi təbliğat yeri olmamalıdır. Sivil ölkələrdə təhsil ocaqlarında heç bir siyasi və ya dini təşviqat aparıla bilməz. Məsələn, ABŞ məktəblərində bu, federal qanunla qadağandır. Bizim dərsliklərə baxanda dəhşətə gəlirsən. Kiçik yaşlarından uşaqların beyninin yuyulması gedir.

Lakin deyə bilərlər ki, Heydər Əliyevlə bağlı materiallar siyasi təbliğat deyil, o, tarixi şəxsiyyətdir…

Tarixi şəxsiyyətdirsə, tarix ona bu qiyməti verəcək. Tarix heç kəsə qarşı ədalətsizlik etmir. Hər şey gec-tez öz yerini tutur. Hələliksə, oğlu hakimiyyətdə qaldıqca, bu, yalnız şəxsiyyətə pərəstişdir.


Belə bir rəy var ki, atanızın məktəbin üzərindən adının götürülməsi sizdən intiqamdır. Buna münasibətiniz?

Bunu çox eşidirəm. Məncə, ikiqat şərəfsizlikdir. Övladına görə heç kəsdən qisas almazlar, o ki qalmışdı 25 ildir həyatda olmayan şəhiddən. Deməli, şəhid övladları söz deməməlidirlər ki, ataları Fəxri Xiyabandan, Şəhidlər Xiyabandan götürülə bilər? Bu, şəhidlik zirvəsinə yüksələn insanlara təhqirdir. Bu, şəhidlər barədə yox, bunu edənlər barədə, onların mənəviyyatsızlığı barədə çox şey deyir.

Ana səhifəVideoSevinc Osmanqızı: Əliyevlər hakimiyyəti tarixi şəxsiyyətlərlə rəqabət aparır