Sevinc Məhərrəmovanın əri: “Gözləyirdim ki, günün birində onu kiminləsə tutum”

Foto: Meydan TV

Füzuli Qarayev deyib ki, işə gedəndə qapını arxadan bağlayırmış

Bakının Xəzər rayonu, Zirə qəsəbəsində həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunan 43 yaşlı Füzuli Qarayevin mühakiməsi başlayıb. O, yanvarın 18-də məhkəmədə ifadə verib.

Füzuli Qarayev deyib ki, 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova onun ikinci həyat yoldaşı olub. Onunla qeyri-rəsmi yaşayıblar və evlilikləri 6 il davam edib.

Onun sözlərinə görə, son iki ildə münasibətlər kəskin pisləşib:

“Uşaqlara baxmırdı, özbaşına evdən gedirdi. Özünün şəxsiyyət vəsiqəsi yox idi deyə, uşaqlara da sənəd ala bilmirdik. Bayramqabağı (Novruz bayramı) hər şey qaydasında idi, axşam dükana getdik, hər şey aldım, səhər qonşuya südün pulunu verməyə getdi, gözlədim gəlmədi. Qaçıb getmişdi”.

Füzuli Qarayev təsdiqləyib ki, o, işə gedəndə həyət qapısını arxadan bağlayırdı. Onun sözlərinə görə, evdə olmadığı müddətdə arzulamadığı şəxslərin evinə gəlməsini və ya həyat yoldaşının harasa getməsini istəmirdi.

Sevinc Məhərrəmova ilə də əvvəldən belə şərti olub:

“Bir gün gördüm ki, nərdivanı qoyub, hasardan qaçıb. Onun xalası qızı var, Nigar, feministdi, o öyrədirdi Sevinci. Özü demişdi mənə barışandan sonra. Ona deyib ki, sən onun üçün uşağa baxansan? Get, şikayət elə, tutulsun, sən də aliment, sosial al, həyatını yaşa”.

Füzuli Qarayev onu da bildirib ki, mərhum həyat yoldaşı onu döydüyünə görə üç dəfə ondan polisə şikayət edib. Nəticədə onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanıb:

“Şikayət eləyirdi, sonra şikayətini geri götürürdü, üzr istəyirdi, barışırdıq. Bir dəfə 128-lə iş başladılar, feministlər hay-küy saldı, işi ağırlaşdırdılar. Sonra yenə 128-ə qaytardılar. Dəfələrlə təkrarlandı, axırda dedim ki, yaşayırsan, yaşa, yaşamırsan, adam kimi ayrılaq. Uşaqları ona görə vermirdim ki, gündə birinin yanına atıb qaçırdı – gah qonşuya, gah bacımgilə. Axırıncı dəfə barışanda dedi ki, daha təkrarlanmayacaq. Hadisədən əvvəl onu göz həkiminə, əsəb həkiminə apardım…”

Zərərçəkmiş tərəfin vəkili Zibeydə Sadıqovanın suallarına verilən cavablardan məlum olub ki, Füzuli Qarayev Sevinc Məhərrəmovanı Novruz bayramı ərəfəsində albalı ağacıyla döyüb. O, bir müddət sığınacaqda qalıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov təqsirləndirilən şəxsdən soruşub ki, uzun müddətdir aralarında belə gərginlik olduğu halda, niyə münasibətləri davam etdirib, faciəyə qədər gətirib çatdırıblar?

“Gözləyirdim ki, günün birində onu kiminləsə tutum”, – deyə cavab verib.

Füzuli Qarayev hadisə günü haqqında isə bunları danışıb:

“İşdə idim, evə – Sevincə zəng elədim, cavab vermədi. Az sonra başqa bir telefon nömrəsindən zəng gəldi, o adam dedi ki, Sevincin telefonu xarab olub, zəngə cavab verə bilmir. Dedim, yaxşı, sən ver telefonu Sevincə. Verdi, Sevincə dedim ki, çay qoy, gəlirəm. Əsəbimdən partlayırdım. Getdim, gördüm evdə deyil. Mənə isə deyir ki, guya evdədi…”

Sevinc Məhərrəmova qonşuda qətlə yetirilib. Bu zaman qonşu da xəsarət alıb. Füzuli Qarayev deyir ki, həyətə daxil olanda qonşu söyüş söydüyünə görə onu bıçaqla vurub. Lakin xəsarət alan şəxs məhkəmədə bildirib ki, həmin vaxt o, söyüş söyməmişdi.

“Çox əsəbi idim. Keçdim içəri. Düzü, əvvəl qarın nahiyəsindən bir neçə zərbə vurdum. Sonra boğazından vurdum…”, – Füzuli Qarayev həyat yoldaşını qətlə yetirməsinə görə peşman olduğunu da dilə gətirib.

Məhkəmə araşdırmaları davam edir.

Sevinc Məhərrəmova və Füzuli Qarayevin iki azyaşlı övladı var.

Ana səhifəSosialSevinc Məhərrəmovanın əri: “Gözləyirdim ki, günün birində onu kiminləsə tutum”