“Sevinc Abbasova təzyiq altında müəllimlərə imza atdırıb”

Direktor Sevinc Abbasova ilə Hüseynova Məlahət Yarməmməd qızı arasında narazılıq vardı.

Source: APA


Elinanın intihar etdiyi məktəbin direktoru barədə yeni faktlar

162 saylı tam orta məktəbin keçmiş direktoru, 13 yaşlı Elina Hacıyevanın özünü üçüncü mərtəbədən atmasından sonra onu öz kabinetində saxlayıb 84 dəqiqə təcili yardım çağırmamaqda ittiham olunan Sevinc Abbasovanın adı daha bir qalmaqalda hallanır. O, özündən öncə məktəbdə direktor vəzifəsini icra etmiş, təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı Şəhər Təhsil İdarəsinə silsilə şikayətlər təşkil etməkdə, müəllimləri təzyiq altında onun əleyhinə sənədlərə imza atmağa məcbur etməkdə günahlandırılır. Məktəbin müəllimləri bu barədə izahatlar veriblər.

M.Hüseynova 2014-cü ilin noyabrından məktəbin direktor müavini olub. 2016-cı ilin fevralında məktəbə S.Abbasova direktor təyin olunana qədər müəyyən müddətdə bu vəzifəni o, icra edib. S.Abbasovanın təyinatından az sonra onların arasında narazılıq yaranıb. 23 dekabr 2016-cı ildə S.Abbasova ondan Bakı Şəhər Təhsil İdarəsinə şikayət edib. Ardınca da müəllimlərin şikayətləri gəlib. 2017-ci ilin sentyabrında Əmək Məcəlləsinin 70ç bəndi əsasında M.Hüseynova ilə əmək müqaviləsinə xitam verilib. Bakı Şəhər Təhsil İdarəsi göstərib ki, şikayətlərdən sonra əmr əsasında məktəbdə yoxlama aparılıb, müdir müavininin həm nizam-intizamında, davamiyyətində, həm də kollektivlə davranışında xoşagəlməz hallar aşkarlanıb. İdarəyə müdir müavininin işə gəlməməsi və s. barədə aktlar da təqdim olunub.

Daha sonra 2017-ci il sentyabrın 19-da M.Hüseynova ilə əmək müqaviləsinə xitam verilib.

M.Hüseynova Bakı Şəhər Təhsil İdarəsini məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində o, Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın 19.09.2017-ci il tarixli, K-615 saylı əmrinin (əmək müqaviləsinin ləğvi barədə) etibarsız hesab edilməsi, onun Bakı şəhəri 162 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, ayrı-seçkiliyə məruz qoyulduğuna görə maddi və mənəvi kompensasiya, həmçinin qanunsuz olaraq, işdən azad edildikdən sonra işsiz qaldığı müddət üçün ona əməkhaqqının hesablanıb ödənilməsi kimi tələblər qoyub.

Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyev onun iddiasını qismən təmin edib. Onun işə bərpası və əməkhaqqının ödənilməsi barədə qərar qəbul edən hakim YAP-dan M.Hüseynova haqqında verilən xasiyyətnamə və başqa sübutlarla yanaşı, məhkəmədə dindirilən müəllimlərin də ifadələrinə əsaslanıb.

Həmin müəllimlər Məlahət Hüseynovanın vəsatətilə məhkəməyə çağırılıb, dindirilib. Bildiriblər ki, müdir müavini peşəkar, intizamlı biri olub, kollektivlə də münasibətləri yaxşı idi. Lakin direktorla yola getməyiblər. Direktor Sevinc Abbasova onun işə davamiyyəti haqqında saxta aktlar tərtib etdirib, təzyiq altında müəllimlərə o aktlara, M.Hüseynovadan Təhsil İdarəsinə göndərilən şikayətlərə imza atdırıb.

Məhkəmədə dindirilənlərdən Zahirə Məmməd qızı Allahmanova: “1991-ci ildən 162 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyirəm. Direktor Sevinc Abbasova ilə Hüseynova Məlahət Yarməmməd qızı arasında narazılıq vardı. Bununla əlaqədar Sevinc Abbasova müəllimləri təzyiq altında Məlahət Hüseynovadan Bakı şəhəri üzrə Təhsil İdarəsinə haqsız şikayətlər yazmağa məcbur etmişdi. Mən və bir neçə başqa müəllim etiraz edib, şikayətə imza atmadıq. Məlahət Hüseynova səmimi, peşəkar və tələbkar idi".

Telman Salman oğlu İbişov: "162 saylı orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirəm. Məlahət Hüseynovanı tələbkar, peşəkar, səmimi insan kimi tanımışam. Şagirdlərə və kollektivə həmişə qayğı ilə yanaşıb. Hazırkı direktor Sevinc Abbasova ilə Məlahət Hüseynova arasında yaranmış narazılıqla əlaqədar guya onun işə gəlməməsi barədə çoxsaylı aktlar tərtib olunub. Müəllimlər yeni direktorun təzyiqindən qorxaraq o aktları imzalayıb. Mən də təzyiq altında həmin aktların bəzilərinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanan şikayətə imza atmışam. İndi bildirmək istəyirəm ki, o aktların və şikayətlərin məzmunu həqiqətəuyğun deyil".

Bakı Şəhər Təhsil İdarəsi Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərarından apelyasiya şikayəti verib. Məlahət Hüseynova özü də iddiasının tam təmin olunması tələbilə şikayət verib. Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişməyib. Bakı Şəhər Təhsil İdarəsi Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib, işi yenidən araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. Nəticə yenə dəyişməyib. Bakı Şəhər Təhsil İdarəsi ikinci dəfə apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Bu ilin iyununda Ali Məhkəmədə hakim Vəfaddin İbayev bu məsələyə son nöqtəni qoyub – Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Ana səhifəSiyasət“Sevinc Abbasova təzyiq altında müəllimlərə imza atdırıb”