Onlar MTK rəhbərliyindən tikinti işlərinin dayandırılma səbəbləri ilə bağlı konkret cavab verilməsini tələb ediblər
Avqustun 15-də Abşeron rayonu ərazisindəki «Sevil» yaşayış massivinin bir qrup payçısı etiraz aksiyası keçirib. Azadlıq Radiosunun məlumatına görə, adamlar etiraz olaraq yaşayış binası tikən «Sevil» MTK-nin ofisi qarşısında toplaşaraq rəhbərlikədən tikinti işlərinin dayandırılma səbəbləri ilə bağlı onlara konkret cavab verilməsini tələb ediblər.
«Biz «Sevil» MTK-dan ev tikmək üçün torpaq sahəsi almışıq, amma birdən-birə bizim tikinti işlərimizi dayandırıblar. Rəsmi qurumlar deyirlər ki, bu işdə korrupsiya və vergidən yayınma halları olub və məsələ araşdırılanadək biz tikinti apara bilmərik».
Bir müddət əvvəl «Sevil» Massivi MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs «qanunsuz sahibkarlıq» və «vergi ödəməkdən yayınma» da ittiham olunurlar.
Baş Prokurorluğun iyulun 25-də yaydığı məlumatda bildirilir ki, Vergilər Nazirliyi «Sevil» Massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.
O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.
İstintaq hesab edir ki, «Sevil» Massivi MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan «At yalı» və «Sonalı sahəsi» adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.