Sevil Əliyevanın oğlu vitse-prezident oldu

Onun federasiyada Cahangir Əsgərovu əvəzləyəcəyi deyilir

Source:

Onun federasiyada Cahangir Əsgərovu əvəzləyəcəyi deyilir

Keçmiş prezident Heydər Əliyevin nəvəsi, Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin olunub.

“Futbol+” qəzetinin məlumatına görə, federasiyaya dopinq qalmaqalından sonra Azər Əliyevi bu vəzifəyə gətirib.

Azərbaycan Ağır Atletika Federasiyasında ciddi problemlərin olduğu barədə məlumat vermişdik. Ölkənin demək olar ki, bütün idmançıları dopinq-tesdən keçə bilməyərək, cəzalanıblar. Federasiya rəsmiləri isə hadisələrə müdaxilə etməkdə acizdilər. Bu günlərdə daha bir bəd xəbər alınıb. Dünya və Avropa çempionu, milliləşdirilmiş bolqar idmançı Boyanka Kostova da dopinqdə “ilişib”. Kostova Azərbaycanın Olimpiadada medal qazanacağına inandığı sonuncu ağır atlet idi. Ancaq Kostova dopinqdə “ilişməklə” Olimpiadaya yolunu bağlayıb.

Ağır atelikada baş verən dopinq qalmaqalları federasiyada ciddi kadr islahatlarını labüd edirdi. Artıq bu islahatlara başlanıb.

Azər Əliyev vitse-prezident kimi ilk açıqlamasını da verib. O, Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyini izləyib. Əliyev “Zirvə” idman klubunun rəsmi saytına verdiyi

açıqlamada

 ağır atletikaya dəstək olacaqlarını bildirib: “Yeniyetmə ağır atletlər arasında Azərbaycan birinciliyini ilk dəfədir izləyirəm və gördüklərimdən çox məmnunam. Ən yüksək səviyyəyə, standartlara uyğun yarışdır. Ümid edirəm ki, burada çıxış edən idmançıların hamısı beynəlxalq turnirlərdə, hətta Olimpiya Oyunlarında iştirak edəcəklər. Odur ki, bu idman növündə böyük potensialımızın olduğunu görürəm. Bütün ölkə ərazisində yeniyetmə idmançıların məşq etdiyi çox sayda klublarımız var. Azərbaycan ağır atletikanın çox vacib bir idman növü hesab edildiyi ölkədir. Ona görə də biz dəstəyimizi davam etdirəcəyik. İnanıram ki, hər keçən gün bu klublara, zallarımıza daha çox yeniyetmə gələcək və Olimpiya Oyunlarına vəsiqə əldə edərək ölkəmiz üçün medallar qazanacaqlar”.

Əslində Azər Əliyev bir müddətdir ki, Azərbaycanda idman sferası ilə yaxından maraqlanır. Onu bir neçə dəfə “AZAL” futbol klubunun oyunları zamanı da stadionda görüblər. “AZAL” futbol klubunun da sahibi Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovdur. Həmin vaxt futbol təsərrüfatında gəzən söz-söhbətdə Azər Əliyevin məhz “AZAL” futbol klubuna yatırım edəcəyi deyilirdi. Ancaq Əliyev futbolu yox, ağır atletikanı seçib. Görünür, o, Azərbaycanda futbola yatırım etməyin əhəmiyyətsiz olduğunu müəyyənləşdirib. Ağır atletika olimpiya idman növüdür. Üstəlik, bu idman növünün Azərbaycanda böyük perspektivi var. Sadəcə, infrastruktur qurmaq və uşaqları bu idman növünə cəlb etmək lazımdır.

Azər Əliyevin vitse-prezident təyin olunması Ağır Atletika Federasiyasında başqa bir söz-söhbətə də rəvac verib. Adının açıqlanmasını istəməyən qurum mütəxəssisi Meydan TV-yə bildirib ki, A.Əliyev bir müddətdən sonra federasiyanın prezidenti postunda Cahangir Əsgərovu əvəzləyəcək. O, müəyyən müddət vitse-prezident postunda idarəetmə təcrübəsi qazandıqdan, ağır atletika sahəsinə tam bələd olduqdan sonra bu yerdəyişmənin baş verəcəyi gözlənilir.

O da vurğulanır ki, ağır atletika təsərrüfatında Azər Əliyevin güvəndiyi şəxs “Zirvə” idman klubunun prezidenti Tofiq Heydərovdu. Əliyevin bütün məsələlərdə Heydərovla məsləhətləşdiyi deyilir.

Ana səhifəXəbərlərSevil Əliyevanın oğlu vitse-prezident oldu