Sevil Əliyevanın bulmaca effektli səfəri

“Anam da belə idi”, yəni birinci katibin, Heydər Əliyev kimi bir simanın xanımı dövlət işlərinə qarışmırdı. Bu ifadə təsadüfən deyilmiş sözlərə bənzəmir…

Source:


“Anam da belə idi”, yəni birinci katibin, Heydər Əliyev kimi bir simanın  xanımı dövlət işlərinə qarışmırdı. Bu  ifadə təsadüfən deyilmiş  sözlərə bənzəmir…

Azərbaycan siyasətinin “ikinci Heydər Əliyevi” olan “Prezidentin qızı” daha yüksək plankaya malik bir simadır və heç bir zaman onu mənəvi tellərlə bağlamayan İlqar Əliyevin biznes maraqlarına görə səngərdən çıxmaz

Onun Bakıya qəfil gəlişi bulmaca effekti verdi. Ümumiyyətlə, bu sima daima sirlər dolu örtüyə bürünüb. Ağıllı, erudisiyalı, ipə-sapa yatmaz, sərt və bütün mövcudluğu ilə Azərbaycan siyasətinin patriarxı kimi yadda qalan Heydər Əliyevi xatırladan Sevil Əliyeva sanki Çingiz Hüseynovun “Ailə gizlinləri” romanının baş qəhrəmanına bənzəyir.  Heç kəs onun harada olduğunu, nə istədiyini bilmir. Çoxu isə onun hər addımı ilə Heydər Əllyevi xatırlatdığını düşünür.

Sevil Əliyevanın vətənə son gəllişi də Heydər Əliyevsayağı oldu. Gəldi. Adı ətrafında təşviş və ümidlər dolaşdı  və Heydər Əliyevin Moskvadan Naxçıvana döndüyü zaman verdiyi bəyanatı verdi- “mən siyasətə qarışmıram”.

Sevil Əliyeva susduqda belə, çoxunu bir sual düşündürür – onun arxasında kim dayanır? O, nə istəyir? Çingiz Hüseynovu mütailə etməyənlər, “Ailə gizlinləri”, “Məhəmməd, Məmməd, Məmiş” əsərlərini oxumayanlar Sevil Əliyevanı, daha doğrusu, Heydər Əliyevi anlamaqda çətinlik çəkəcəklər.

Əslində, ötən əsrin 90-cı illərində çoxu belə düşünürdü ki, Heydər Əliyevin varisi məhz Sevil Əliyeva olacaq. “Sevil” Qadınlar Cəmiyyətinin formalaşması və qısa bir zamanda bölgələrdə dayaq dəstələrinin yaradılması növbəti varisin adını açıqlayırdı. Xasiyyətcə atasını çox xatırldan şərqşünas alim Sevil Əliyevanın vaxtından əvvəl atəş xəttinə çıxarılması patriarxın yanlışı idi, yoxsa hər şey incəliyinə qədər düşünülmüşdü? Bu plan niyə iflasa uğradı? Bu suala yəqin ki, heç zaman birmənalı cavab vermək mümkün olmayacaq.

Sevil Əliyeva Heydər Əliyevdən sonrakı Azərbaycanda yaşamaq istəmədi. Birdəfəlik Londona köçdü. Sanki unudulmaq istəyirdi. Bir qədər sonra rus telejurnalisti Karaulova verdiyi müsahibədə “Sizi necə təqdim edim – Prezidentin qızı, yoxsa prezidentin bacısı” sualına cavabı birmənalı oldu:”Mən prezidentin qızıyam və belə də qalacam”.

Bir müddət Sevil Əliyeva yenə kölgəyə çəkildi. İstəmirdi onun adını çəkən olsun. Bu, bir depressiya deyildi. Sadəcə olaraq, atasından sonra Bakı ona yad şəhər təsiri bağışlayırdı. Bir müddətdən sonra Sevil Əliyeva yenidən ictimai rəyin diqqətini cəlb edə bildi. “Space” telekanalına verdiyi müsahibədə “vaxtilə biz çox xoşbəxt idik. Onda körpə idik. Atam, anam, mən və balaca İlham olduqca mehriban yaşayırdıq” mesajı ilə incə mətləbləri açdı. Baş verənlər sanki “Ailə gizlinləri”nin süjet xəttinə yaxın idi. Hər kəs “Prezidentin qızı”nın mesajını anlamış oldu – “biz dördlükdə- atam, anam, mən və qardaşım çox mehriban idik”…

Bu cavab bir romanın, trillerin verə biləcəyi effektdən daha güclü təsir bağışladı. İlk dəfə idi ki, Sevil Əliyeva kamera qarşısında kövrəlirdi. Dəmir əsəblərə malik olan “Prezidentin qızı” hətta hər nəfəsi ilə adını zikr etdiyi atasının dəfnində belə kövrək görünmək istəmədi, sanki qüruru ilə “Heydər Əliyev ölməyib, könlümdədir, məndədir” demək istəyirdi.

Sevil Əliyeva arada doğma-yad şəhərinə gəlir. Hər gəlişi özü ilə bir ajiotaj gətirir. Onun Bakıya son səfəri heç də sadə dövrə təsadüf etmədi. 6 milyardlıq maxinasiya nəticəsində onun qardaşının hakimiyyəti sarsılmışdı. Sevil Əliyeva zərbənin haradan gəldiyini, “Dədə”, “Bambılı” adlandırılan şəxslərin zərbəsinin nələrə səbəb olacağı dərk edirdi. Heydər Əliyev məktəbinin müdavimi sanki gəlişi ilə təkrarlayırdı – “biz dördlükdə- atam, anam, mən və qardaşım çox mehriban idik”…

Sevil Əliyevanın ismi belə çoxunu vahiməyə salır. Heydər Əliyevin sabiq komandası “Prezidentin qızı”nda atasının siyasi xəttini görür. Ona sadiqlik andı içməyə hazır olduqlarını nümayiş etdirir. Sevil Əliyevanın qəfil səfərinin “İlqar Əliyevin dərman biznesi” və yaxud “Space” telekanalın taleyi ilə məhdudlaşdırmaq cəhdləri sadəcə olaraq gerizəkalılıqdır. Azərbaycan siyasətinin “ikinci Heydər Əliyevi” olan “Prezidentin qızı” daha yüksək plankaya malik bir simadır və heç bir zaman onu mənəvi tellərlə bağlamayan İlqar Əliyevin biznes maraqlarına görə səngədən çıxmaz.

Onun siyasi partiya yaradacağı, müxalifətə keçəcəyi barədə deyilənlər də absurd səslənir. Şərqşünas olan Sevil Əliyeva Yaxın Şərq ölkələrinin tarixini və bütün bunların nə ilə başa çatacağını hesablaya bilməyəcək qədər sadəlövh deyil. Əslində, onun hədəfi qardaşı da deyil .“Biz dördlükdə- atam, anam, mən və qardaşım çox mehriban idik” mesajı da boşuna verilməyib.

Lakin fakt faktlığında qalır. Qızının adının Zərifə olduğunu vurğulayan, doğma şəhəri üçün darıxdığını açıqlayan Sevil Əliyeva publika önündə daha çox görünməyə, sanki artıq unutdurulan, hətta portretləri belə yığışdırılan Heydər Əliyevi yaddaşlardan silməyə cəhd edənlərə cavab verir- “atam məni çox sevirdi, daima onun qayğısını hiss etmişəm”.

“Prezidentin qızı” anlayır ki, artıq bu ölkədə onun atasının adı and yeri deyil. Artıq bu ölkədə başqa ataya səcdə edirlər. Əmisi Cəlal Əliyevin illərlə görünməməsinin səbəbini də Sevil Əliyeva anlamamış deyil. Artıq Azərbaycanda hər nəsnəni “ikinci hakim ailə” həll edir. “Prezidentin qızı” isə açıq mesaj verir – “biz dördlükdə – atam, anam, mən və qardaşım çox mehriban idik”…

Sevil Əiyeva Bakıya son səfərinin mahiyyətini verdiyi son açıqlamada açır:“Oliqarx” “vəzifə”, “məmur” kimi anlayışlar mənə olduqca yaddır.

Hətta atam prezident olanda da mən nə nazirlər, nə də digər məmurlarla münasibətdə olmuşam. Heç zaman dövlət işlərinə qarışmamışam. Mənə yaxın insanlar, dostlarım bunları çox yaxşı bilirlər. Mənim anam da  belə idi”.

“Anam da belə idi”, yəni birinci katibin, Heydər Əliyev kimi bir simanın  xanımı dövlət işlərinə qarışmırdı. Bu  ifadə təsadüfən deyilmiş  sözlərə bənzəmir…

Ana səhifəXəbərlərSevil Əliyevanın bulmaca effektli səfəri