Mənbə: Meydan.TV

Sevgililər günü – özümüzün, yoxsa özgənin?

Sevgililər günü – özümüzün, yoxsa özgənin?

Bu gün, fevralın 14-də dünyanın bir çox yerində Müqəddəs Valentin və ya Sevgililər Günü qeyd olunur. Azərbaycanda bu bayramı 90-cı illərdən qeyd etməyə başlayıblar. Mağaza vitrinləri, şəhərin küçələrində əllərində gül dəstələri və hədiyyələrlə gəzişən gənclər, kafe və restoranlarda cütlüklər (ilin bütün digər günlərindən daha çox) – bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda 14 fevral rəsmi bayram olmasa da, böyük həvəslə qeyd edilir.

Amma artıq 2000-ci illərin əvvəllərindən başlayaraq, cəmiyyətdə belə bir fikir yarandı ki, Müqəddəs Valentin Günü bizim üçün “yad” bayramdır və Azərbaycan tarixində layiqli alternativi var – 30 iyun. Bu tarix ölkədə sevgi və sədaqət simvoluna çevrilən İlham və Fərizənin toy günüdür.

“Sənin Valentinin”

Belə hesab olunur ki, Müqəddəq Valentin Günü artıq 16 əsrdən çoxdur ki, mövcuddur. Bu bayramın “səbəbkarı” olan xristian keşişi Valentinin həyat hekayəsi haqqında bu müddət ərzində çox sayda müxtəli əfsanələr yarandı. Bu əfsanələrdən birinə görə, uzaq 269-cu ildə, Roma imperatoru II Klavdinin dövründə ordu hərbi yürüşlər üçün kəskin əsgər çatışmazlığı problemini yaşayırdı. Sərkərdə isə bunun günahını nikahlarda görürdü, çünki evli əsgər imperiyadan daha çox ailəsinin dolanışığı barədə düşünür. Onda imperator legionçulara evlənməyi qadağan edən fərman imzalayır.

Amma bu fərman təbii ki, əsgərlərin sevməsinə qadağa qoya bilməzdi. Və məhz Romanın Terni şəhərindən olan Valentin adlı keşiş legionçuları gizli şəkildə evləndirməyə başlayır. Elə həmin əfsanəyə görə Valentin ümumiyyətlə, dalaşanları barışdırır, sevgi məktublarını yazmaqda və legionçuların xahişi ilə onların sevgililərinə gül bağışlamaqda kömək edirdi.

Bundan xəbər tutan imperator Valentini edam etmə əmri verir. Sonradan Valentin xristian əzabkeşi kimi kilsə tərəfindən müqəddəs elan olunur. 496-cı ildə isə Roma papası Qelasius fevralın 14-nü Müqəddəs Valentin Günü elan edir.

Elə həmin əfsanəyə görə, Valentinin özü də həbsxana rəisinin qızına vurulubmuş. Edamdan bir gün əvvəl keşiş qıza vida məktubu yazır və sonda “Sənin Valentinin” sözlərini əlavə edir. Məktub artıq keşiş edam olunandan sonra oxunur. 14 fevralda bir-birinə “Valentin açıqcalarını” bağışlamaq ənənəsinin də bundan yarandığı deyilir.

Müqəddəs Valentin Günü Azərbaycana Qərbi Avropada qeyd olunmağa başlayandan yeddi əsr sonra gəlsə də, yerli gənclər tərəfindən çox sevildi.

“Pozitiv bir ab-havası var. Niyə də yox? Sevgilinə gül almaq üçün və yaxud sevgi etirafını etmək üçün bir gündür”, - sosioloq Sənubər Heydərova deyir.

“Ciddi mübarizə aparmaq qərarını verdik” - Jurnalist Əvəz Zeynallı

İlk dəfə Müqəddəs Valentin Gününün bizim üçün yad olduğunu, Sevgililər Gününün isə Azərbayvcanda fevralın 14-ü deyil, iyunun 30-da qeyd olunmalı olduğunu azərbaycanlı jurnalist Əvəz Zeynallı dilə gətirdi.

«2003-cü ilin fevral ayının 16-da sevgililər günü ilə bağlı qərar verdik və 90 həftə mübarizə apardıq», - Əvəz Zeynallı danışır.

“Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…” - Fərizə

İlhamla Fərizənin toyu 30 iyun 1989-cu ildə baş tutub. İhamın onda 27, Fərizənin 19 yaşı vardı. Bu toydan sonra onlar cəmi yarım il yaşadılar.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda faciəvi hadisələr baş verdi. Sovet ordusu öz qoşunlarını Bakının küçələrinə yeritdi. Yanvarın 19-u axşam İlham bir çox azərbaycanlılar kimi Bakı küçələrinə çıxdı.

Həmin gecənin şahidləri danışır ki, artıq gecəyarısı şəhərə tanklar girdi və dinc əhalinin üstünə yeridi. Həmin gecə 147 nəfər qətlə yetirildi, onların arasında İlham da varıydı.

İlhamın ölüm xəbərindən sonra Fərizə iki dəfə həyatına son qoymağa cəhd edir: əvvəlcə üstünə neft töküb yandırmaq istəyir, amma yanındakı qohumları tez duyuq düşüb, buna imkan vermirlər. Bundan sonra onlar Fərizəni gözdən qoymamağa çalışırdılar, çünki bir daha həyatına qəsd edəcəyini bilirdilər. İlhamın dəfn gecəsi, hamı yatandan sonra İlhamla olan şəkillərini masanın üstünə tökür, onlara baxıb, bir qab sirkə içir və məktub yazır: «Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərən. Onsuz da...» Məktub yarımçıq qalır.

İlhamla Fərizəni yanaşı Dağüstü parkda, indiki Şəhidlər Xiyabanında dəfn edirlər.

“Bir millətin özü olması üçün onun günlərinin də özünün olması lazımdı” - Jurnalist Əvəz Zeynallı

«Axı necə ola bilər ki, bir ölkədə İlham və Fərizə nümunəsi olsun və digər bir gün ölkəyə sırınsın? Rəsmən sırınsın. Axı Valentin günü bizim ölkəmizə layihə kimi gəlib», - Əvəz Zeynallı deyir.

Bütün 30 iyun tərəfdarları kimi, onun üçün də 30 iyun hər şeydən əvvəl milli özünüdərk məsələsidir. Bu, tək sevgi və sədaqət deyil, həm də cəsarət və vətənpərvərlik günüdür.

« Bu 14 fevral bizim deyil, bizim deyil sadəcə. Bizim 30 iyunumuz var. Biz başqa bir sivilizasiyayıq”, - Zeynallı əlavə edir: “Bir millətin özü olması üçün onun günlərinin də özünün olması lazımdı”.

Bu günlərdən heç biri ölkədə rəsmi bayram deyil. Və hər kəs Sevgililər Gününü istədiyi vaxt qeyd edə bilir.

«Həqiqətən də hədiyyə vermək üçün və ya sevgini ifadə etmək üçün heç bir gün lazım deyil insana”, - sosioloq Sənubər Heydərova deyir: “Yəni bütün günləri belə bir bayrama çevirmək olar. Necə ki, görüşən insanlar öz görüşdükləri günü bayram kimi sonradan qeyd edirlər hər il. Bu da onların sevgi günüdür».

Amma 14 fevrala qarşı çıxanlar bu günü yad, xristian, mentalitetimizə zidd olan hesab edirlər.

Sosioloq Sənubər Heydərova bunun mühafizəkarlarla mütərəqqi insanlar arasında dava olduğunu düşünür:

«Mühafizəkar insan həmişə skeptik olur, həmişə şübhəli olur ki, bu, nədir belə, hansı məqsədlə bizdə yayılır? Həmişə əfsanələr uydurur ki, bunlar qərbin bizi zəiflətmək üçün və ya bizi əlinə alması üçün bir hiyləsidir, çoxlu belə şübhələri olur”, - sosioloq deyir: “Mühafizəkar insan həmişə yeniliyə qarşıdır, belə deyək. Gənc isə həmişə yeni bir şey axtarır, sevinməyə bir bəhanə axtarır. Sevməyə-sevilməyə bəhanə axtarır».

“Bir gün 30 iyun 14 fevralı həyatımızdan tamamilə sıxışdıracaq” - Jurnalist Əvəz Zeynallı

Əvəz Zeynallı bir vaxtlar yerli müğənnilərə və artistrləri 14 fevral günündə konsertlər təşkil etdiklərinə, səhnədən hamını Sevgililər Günü münasibətilə təbrik etdiyinə, bu bayramı televiziya ekranlarından təbliğ etdiklərinə görə tənqid atəşinə tutmasından danışır.

“Bundan sonra onlar mənə zəng edib deyirdilər ki, bir daha belə şey etməyəcəklər, buna görə tənqid obyektinə çevrilmək istəmirlər. Ondansa 30 iyunun təbliğatını apardılar”, - Əzəv Zeynallı danışır: “Onda 30 iyun 14 fevralı həyatımızdan tam sıxışdırıb atardı”.

Bununla belə, jurnalist bəzi müsəlman ölkələrindəki kimi qadağalara qarşıdır.

“İranda 14 fevralı qadağan ediblər, Səudiyyə Ərəbistanında gül satmağı qadağan ediblər, qızılgül satışını. Gül satmağı qadağan etmək nədir?” - Əvəz Zeynallı sual edir: “Bununla ancaq gülün bahalaşmasına və gənclərdə daha böyük marağın yaranmasına nail olmaq olar. Bu cür qadağalardan sonra sevgilisinə bir qızılgülü almaq istəyən oğlan on birini alacaq. Günün qarşısında, ideyanın qarşısında ondan daha böyük ideya ilə çıxanda qələbə çalmaq mümkündür”.

Hansı tarixin qalib gələcəyini isə zaman göstərəcək – həm Sənubər Heydərova, həm də Əvəz Zeynallı belə hesab edir.

“Görünür, daha böyük zaman keçməlidir, bir neçə nəsil bir-birini əvəz etməli, İlham və Fərizənin də sevgi hekayəsi barədə əfsanələr yaranmalıdır ki, onların toy günü ölkəmizdə keşiş Valentinin edam günü qədər populyar olsun”, - Zeynallı deyir.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nnc2zw

Ən çox baxılan